Dünyada koronavirusa yoluxanların sayı 47 milyonu keçib. Ölənərin sayı isə 1 milyon 200 mini ötüb. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Noyanbrın 2-ə olan məlumata görə, ölkəmizdə koronavirus infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər isə vəfat edib.
Son dövrlər pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə həmin rayonlara da giriş-çıxış dayandırılıb.
Hökumət bir sıra qabaqlayıcı tədbirlər həyata keçirsə də, ölkəmizdə virusun yayılmasının qarşısı alınmaz görünür.
Bəs görəsən, qarşıdan gələn dövrdə xüsusi karantin rejiminə qayıtmaq lazımdırmı, bunun faydaları olacaqmı?
“Sərt karantin rejiminə qayıtsaq, mənfi nəticələrlə üzləşərik”

Bizimlə söhbətdə millət vəkili Fazil Mustafa qeyd edib ki, hazırda sərt karantin rejimini komendant saatı əvəz edir: “Müəyyən dərəcədə insanların küçəyə çıxmasının qarşısı alınıb, metro işləmir, rayonların da bəziləri bağlıdır. Elə bu sərt karantin rejimi sayılır. Yeni nə isə artırmaq vətəndaşları xeyli əziyyətə salar. Əslində hərbi vəziiyyətlə karantin qaydaları birləşdirilib. Bu da müəyyən dərəcədə xəstəliyin yayılması riskini azaldan amillərdən biridir. Əsas problem metro və məktəblə bağlı idi, onlar da bağlıdır. Bütün obyektləri əvvəlki kimi bağlasaq, mənfi nəticələrlə üzləşərik. Onsuz da iş adamları yoxsullaşıblar. Təzədən onlara problem yaratmağımız doğru olmaz”.
Millət vəkili avtobuslarda nəzarətin əvvəlki kimi olmamasına da münasibət bildirib: “Polisləri də qınamaq lazım deyil. Bütün ölkənin resursları müharibəyə səfərbər olunub. Diqqət edirsizsə, polislər indi əsasən təhlükəsizlik məsələlərinə diqqət edir. Anti-terror fəaliyyət daha çox gücləndirilib. Ona görə də bizə vacib olan birinci növbədə hər hansı şəkildə düşmən təxribatının mərkəzi şəhərlərdə gerçəkləşə bilməməsidir. O ki qaldı xəstəliklə bağlı, məsuliyyətli insanlar əməl edirlər. Məsuliyyətsiz insan onsuz da həmişə eyni olaraq qalacaq. Həkimlərin də müəyyən hissəsi döyüş bölgəsindədir. Onların işini yüngülləşdirmək lazımdır. Əsgərin valideynisən, əsgər orada eşidəndəki, ata-anası koronavirusa yoluxub, bu bir narahatçılıqdı. Əsgərə görə bunu etməməlisən. Özünə diqqət edərək bunu həkimə görə etməməlisən. Bu fədakarlıq tələb edən bir məsələdir. Əgər bunu da etmirlərsə, onları necə məcbur edək?!”
“Virusun yolxuculuğu yüksək olaraq qalır”
![]()
Həkim ekspert Adil Qeybulla isə bildirib ki, karantin rejiminin sərtləşdirilməsi proqnozlaşdırmaq çətindir: “Virusun bu gün mutasiyaya uğrayaraq dünyada ikinci mərhələyə keçməsi haqqında məlumatlar var. Əslində RNT tərkibli viruslar mutasiyaya uğrayır, xassə dəyişir. Xassə dəyişəndə funksionallıq da dəyişir. Görünən odur ki, virusun virulentliyi nisbətən aşağı enib, amma onun yolxuculuğu yüksək olaraq qalır. O baxımdan da burda əsas qoruyucu faktor kimi karantin davranışları, vətəndaşların qapalı məkanlarda davranışları önəm kəsb edir. Bunlara riayət olunmasa, artım müşaihidə olunacaqsa, digər sərt karantin tədbirləri də görülə bilər. Düşünürəm ki, özümüz səy göstərməliyik. Çünki Qarabağda haqq savaşı davam edən zaman biz koronavirusun yayılmasının qarşısını almalıyıq ki, əsgərlərimiz bu bəladan qoruna bilsinlər. Əsas bizim qarşımızda duran budur”.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 58 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 159, ötən müddət ərzində isə ümumilikdə 1 379 779 test aparılıb.
“Sərt karantinə qayıtmaq yoluxma hallarının dinamikasından asılıdır”

Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov da məsələ ilə bağlı “Yeni Müsavat”a münasibət bildirib:
“Həqiqətən bugünki yoluxma sayı kifayət qədər yüksəkdir. Yoluxmaların sayı artdıqca təbii ki, proporsional olaraq ölüm halları artır. Lakin onu da qeyd etmək lazımdır ki, ümumilikdə orta ölüm göstəricisi digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Pandemiya ilə mübarizədə mart ayından indiyədək xeyli təcrübə formalaşıb. Əgər əvvəllər daha çox total qapanmalara üstünlük verilirdisə, indi daha çox lokal qapanmalar tətbiq edilir. Yəni hansısa bir ərazidə yoluxma halları digərlərindən əhəmiyyətli dərəcədə çox olduqda həmin ərazidə qapanmalara gedilir. Epidemioloji durum pisləşdikcə bizdə də bu istiqamətdə xeyli addımlar atılıb və bu kompleks tədbirlərin yetərli olub-olmaması daim qiymətləndirilir və lazım gələrsə, növbəti qərarlar qəbul edilir. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Onu da nəzərə almaq lazımdır ki, biz hal- hazırda müharibə şəraitində yaşayırıq və qəbul olunmuş hər bir qərar təkçə tibbi deyil, iqtisadi və digər aspektlər baxımından da əsaslandırılaraq verilir. Ən əsası odur ki, hər hansı sərtləşdirmə qərarı vəziyyətə adekvat verilməlidir. Ona görə də təkrar sərt karantinə qayıtmağın lazım olub-olmaması yoluxma hallarının dinamikasından asılı olacaq”.


