1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilərkən çoxlarımız ümidli idik. Türkiyədə, inkişaf etmiş Avropa ölkələrindəki kimi strukturun bizə də gələcəyindən çox ruhlanmışdıq. Bütün küçələrin, məhəllələrin çiçəklənəcəyini düşünürdük. İllər keçdi, ancaq biz dəyişən bir şey görmədik. Bələdiyyələrin fəaliyyətindən sonra dəyişən yalnız bu quruma rəhbərlik edənlərin ciblərinin eni idi. İndi daha çox pul yerləşdirə bilirlər ciblərinə.
2006-cı ildən 2009-cu ilə qədər Azərbaycanda bələdiyyələr yalnız torpaq satmaq, bələdiyyə vergisi toplamaqla məşğul oldular. 2006-cı ildə Abşeron ərazisində torpaq satışı katastrofik həddə çatmışdı. Bələdiyyə sədrləri ağına-bozuna baxmadan, bütün strateji ərazilərdə yerləşən torpaqların qeyri-qanuni satışına imza qoyurdular. Elə həmin vaxtlarda bələdiyyə sədrlərində işlərinin möhür vurmaqla torpaq satmaqdan ibarət olduğu düşüncəsi yaranmışdı. Xobəxtlikdən, bələdiyyələrə torpaq satışını qadağan etdilər. Əgər həmin qərar olmasaydı, bu gün ölkədə bir dənə də olsun strateji obyekt qalmazdı.
Azərbaycanda bələdiyyələrin fəaliyyətini görmək üçün Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərin məhəlli yollarına baxmaq kifayətdir. İcra hakimiyyətlərinin cavabdeh olduğu ərazilərin yolları düz və şümal olduğu halda, 10 metr aralıda yerləşən bələdiyyə yolları sanki müharibədən çıxmış ərazini xatırladır.
Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bələdiyyələrin fəaliyyətinə toxunub.
"Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib", - deyən Prezident bələdiyyələrin fəaliyyətlərindən narazılığını ifadə edib.
"Bələdiyyənin öz səlahiyyəti var. Mən o fəaliyyəti görmürəm", - o vurğulayıb.
Dövlət başçısı bildirib ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir möhür idarəsidir. Buna son qoyulmalıdır".
Dövlət başçısıın sözləri əslində bələdiyyə sədrləri üçün bir siqnal olmalıdır. İllər ərzində heç bir iş görmədən yalnız öz ciblərinə işləyiblər. Halbuki bələdiyyələrin müstəqil fəaliyyəti, öz büdcələrinin formalaşdırılması və mühüm işlərin görülməsi üçün heç nə etməyiblər.
Artıq geriyə sayım başladı. Bələdiyyə sədrləri artıq islah olunsunlar və işləməyə başlasınlar.
(milli.az)


