banner
banner

Sosİal

Ramazan süfrəsi bir ailəyə neçəyə başa gələcək?

Ramazan süfrəsi bir ailəyə neçəyə başa gələcək?
On bir ayın sultanı Ramazan ayı artıq başa çatır. Bir ay ərzində oruc tutan müsəlmanlar sevinclə bu müqəddəs bayrama hazırlaşırlar. Hər kəs istəyir ki, bayram süfrələri digər günlərdən fərqli olaraq daha zəngin və çeşidli olsun. Bunun üçün müxtəlif mağazalara, yarmarkalara üz tutub, süfrəni bəzəyəcək nemətlər alırlar. Bəs bu bayram ailə büdcəmizə neçəyə başa gələcək? Oruc tutan insanlar süfrələrində hansı nemətləri görmək istəyirlər? "Bizim Yol" qəzetinin əməkdaşı bir neçə mağazaya baş çəkərək qiymətlərlə maraqlanıb. 
 
İlk baş çəkdiyimiz mağaza şəhərin tanınmış marketlərindən biri oldu. Mağazada alıcılar arasında təlaş hiss olunurdu. Bayrama bir gün qalmış hər kəs öz hazırlığını bitirmək üçün tələsirdi. Alıcıların ən çox üz tutduğu bölmə meyvə-tərəvəz bölməsi idi. Qiymətlərə göz gəzdirdik. Şaftalının kiloqramı 3-4 manat, gilas 3-3 manat 50 qəpik, ərik 3 manat 50 qəpik-4 manat, malina 6-8 manat, böyütikən 5-7 manat, gavalının qiyməti isə 2 manat 50 qəpik-3 manat arasında dəyişir. Ramazan süfrəsinin bəzəyi olan xurmanın qiyməti isə 2-7 manat arasında idi. 
 
Çərəzlərdən-qozun qiyməti 18 manatdan başlayır. Fındıq 16, badam 20, yer fıstığı 18, kişmiş 15 manata alıcılara təklif olunurdu. Şirniyyat bölməsinə də nəzər saldıq. Şokoladların qiymətinə baxan bir xanım onların niyə belə bahalaşdığını soruşurdu. Xanımın sözlərinə görə əvvəldən kiloqramını 6 manata aldığı şokolad indi 6 manat 90 qəpik olub. Qiymət artımı digər şokolad çevşidlərində də hiss olunurdu. 
Mağazada bayram bazarlığı edən xanıma yaxınlaşıb qiymətlər barədə fikrini soruşduq. Bakı sakini Leyla Əhmədzadə deyir ki, qiymətlər olduqca bahadır. Bayrama yaxın isə daha da artır: "Süni qiymət artımı olur. Hətta kənd yarmarkalarında qiymətlər marketlərdən da baha idi. Hal-hazırda ən baha meyvə və quru çərəzlərdir. Qiymətləri od tutub yanır. Yaxın dura bilmirik. Çərəzlərin qiyməti 20 manatdan başlayır. Meyvələr isə 3-4 manatdan. Malina almaq istədim, onun da qiyməti 6 manat idi. Ona görə fikrimdən döndüm. Hər istədiyimdən bir balaca almaq üçün 150 manat xərcləməliyəm azı. Bu qiymətlər bayram ərəfəsində olduqca bahadır. Ona görə hər nə istədiyimdən yox, lazım olanlardan alacam".
Alıcı Rəşad Həsənov isə deyir ki, bu il bayramı rayonda keçirməyi düşünür. Ona görə qiymətlərlə elə də maraqlanmayıb: "Bayram günləri qeyri-iş günü olduğundan rayona üz tutacam. Burda hər şey bahadır. Göz gəzdirdikdə qiymətlərin bahalığı diqqətimi çəkdi. Yəqin rayonda qiymətlər bundan ucuz olar. Nə də olsa orda meyvələr yetişir".
 
Evdar xanım olan Təranə Ağayeva isə deyir ki, bu il Ramazan bayramını daha gözəl keçirməyi düşünür. Qiymətlər nə qədər baha olsa da, bayram üçün müəyyən miqdarı gözdən çıxarıb: "Düzdür, qiymətlər olduqca bahadır. Onsuzda hər bayram ərəfəsində belə olur. İndiyə kimi bir bayram görməmişəm ki, qiymətlər aşağı olsun. Yay olmasına baxmayaraq meyvələr od qiymətinədir. Yarmarkada kimdən bahalığın səbəbini soruşsam, deyirlər ki, vallah heç əziyyətimizə dəymir. Ona görə baha satmalı oluruq. Biz nə qədər desək də, qiymətlər dəyişən deyil. Hələ bayrama az qalmış bir az da  üstünə qoyacaqlar. Bayramdı, hamı almağa məcbur olur". 
 
Satıcılar isə qiymət bahalığını məhsulun az olması ilə əlaqələndirirlər. Mağazada satıcı işləyən İlqar deyir ki, bu il meyvələrin qiyməti olduqca bahadır: "Mağazada hansı qiymət qoyulursa, elədə satırıq. Çox alıcı qiymətin bahalığından şikayətlənir. Ancaq tələbat da çoxdur. Nə qədər baha olduğunu desələr də alırlar. Çərəzlərə elə də yaxın duran yoxdur.  Düyü, kişmiş, tərəvəz bayrama görə olduqca yaxşı satılıb".  
 
İqtisadçı ekspert Vüqar Bayramov mətbuata açıqlamasında süni qiymət artımına heç bir iqtisadi zəmin olmadığını dedi. Ekspertin sözlərinə görə, Ramazan süfrəsində istifadə edilən ərzaqların qiymətlərindəki süni artımların qarşısının alınması olduqca vacibdir: "Çox təəssüf ki, əvvəlki illərdə də aparılan monitorinqlər Azərbaycanda hər il Ramazan ayında qiymətlərin azalması yox, artması prosesinin getdiyini göstərir. Təbii ki, bu qiymət artımları sünidir. İstər xurmanın, istərsə də digər ərzaq məhsullarının qiymətinin artması üçün hansısa iqtisadi zəmin yoxdur. Həmin məhsulların xərci dəyişilməyib. Ona görə də bu məhsullarda iqtisadi cəhətdən heç bir artım müşahidə edilməməli idi".
"Süni qiymət artımının yeganə səbəbi Azərbaycanda, xüsusən də bayramlarla bağlı qiymət siyasətində biznes etikasının tam formalaşmamasıdır. Bizim işbazlar çalışırlar ki, həm alıcılıq qabiliyyətini yüksəltsin, həm də qiyməti bahalaşdırsın. Azərbaycan biznesində sahibkarlar strateji deyil, daha çox qısa müddətdə gəlir əldə etməyə üstünlük verdikləri üçün süni qiymət artımı yaranır. Bu qiymətlərin tənzimlənməsində Azərbaycan İqtisadi və Sənaye Nazirliyi tərəfindən qiymətlərin tənzimlənməsinə, xüsusən də süni qiymət artımlarının qarşısının alınmasına ehtiyac var"- deyə V.Bayramov bildirib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.