banner
banner

Sosİal

Cəmi iki işçisi olan şirkətə milyonlar həvalə edilib

Cəmi iki işçisi olan şirkətə milyonlar həvalə edilib
2 saylı İstintaq Təcridxanasında saxlanılan Müqais Verdiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Müraciətin bir surətini də "Bizim Yol" qəzetinə göndərib. M.Verdiyev Goranboy rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə keçirilən tenderlərdə şəffaflığın olmamasından əndişəlidir. Bu məsələnin ona nə qədər aid olduğunu bilmirəm, çünki müraciətini vəkili vasitəsilə ictimailəşdirməyə çalışan adamın nümayəndəsinin telefon nömrəsi məktubda yoxdur. O, tenderlərin haqsız olaraq "Fəqan xidmət təşkilatı" MMC-yə həvalə olunduğunu iddia edir. 
M.Verdiyev məktubunda yazır: "2012-ci ilin mart ayında Goranboy rayonunun abadlıq işlərinə dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb. Vəsaitlərin xərclənməsi üçün tender keçirilib və müsabiqənin qalibi "Fəqan" firması olub. Həmin tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi" ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün "Fəqan xidmət təşkilatı" MMC 272547 manat məbləğində tenderi qəbul edib. Bundan sonra may ayının 21-i tarixli müqaviləyə görə də adıçəkilən MMC eyni işlərə 1352704,79 manatlıq sifariş alıb. İlin sonunda, dekabr ayının 25-də 105 min manat məbləğində tenderi qəbul edib. Goranboy rayonunda abadlıq və quruculuq işlərinin aparılması üçün dövlət büdcəsindən MMC-yə qısa müddət ərzində 2 milyon manata yaxın vəsait ayrılıb. İlk başda belə hesab etmək olar ki, bu məbləğdə tenderi udmuş şirkət böyük bir təşkilatdır. Halbuki, həmin müəssisənin cəmi iki işçisi - müdir və mühasibi var. Bu işlər aparılan müddətdə MMC bir nəfər də olsun fəhlə, usta ilə əmək müqaviləsi bağlamayıb. Belə çıxır ki, layihələri icra etdiyi dövrdə həmin təşkilatın işçi qüvvəsi olmayıb. Tikinti-abadlıq işlərinin görülməsi üçün müəssisənin balansında avadanlıq və nəqliyyat vasitələri yoxdur. Firma həmin dövrdə hansısa təşkilatla subpodrat müqaviləsi də bağlamayıb". 
 
Yazdığına görə "Fəqan xidmət təşkilatı" MMC-nin rəhbəri Mingəcevir şəhər sakini Fəyyaz Məmmədov əvvəllər bir neçə dəfə məhkum olunub və uzun müddət cəza çəkib. Onun belə bir böyük layihəyə rəhbərlik etməsinə təəccüblənir: "Fəyyaz Məmmədovun telefon danışıqları məhkəmə tərəfindən araşdırılanda məlum olub ki, 2012-ci ilin noyabr ayından 2013-cü ilin mart ayınadək 5 aydan artıq bir müddətdə cəmi 12 dəfə (hər dəfə yarım saat olmaqla) Goranboy rayonunda olub. Nəzərə alsaq ki, rəhbərlik etdiyi təşkilat Goranboyda abadlıq işləri aparmaq üçün 2 milyon manatlıq tenderin qalibidir, bu məntiqlə düşünmək olardı ki, o, gecə-gündüz rayonda olmalı, işlərə rəhbərlik etməliydi. Bu statistika isə əyani sübutdur ki, onun görülən işlərlə heç bir bağlılığı olmayıb, sadəcə pulların rəsmiləşdirilməsi üçün "podstavnoy" şəxsdir. Digər bir maraqlı məqam isə MMC-nin tenderlə bağlı aparılan işlərin sənədləşdirilməsi ilə əlaqədardır. Məlumatıma görə, sənədləri arxivə vermək adı ilə məhv edib, bununla da sübutları gizlədib. Bu müəssisə ilə bağlı bir çox qaranlıq məqamlar var və suallarıma cavab tapa bilmirəm. Məsələn, "Fəqan xidmət təşkilatı" MMC 2012-2013-cü illər ərzində fəaliyyət göstəribmi və əgər fəaliyyət göstəribsə, nə ilə məşğul olub? Həmin  dövrdə müəssisənin işçi qüvvəsinin tərkibi neçə olub? MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün  avadanlıqlar və nəqliyyat vasitələri mövcuddurmu? İşçi qüvvəsinin  tərkibi, balansında olan  avadanlıqlar və nəqliyyat vasitələri görməli olduğu xidmətləri həyata keçirməyə uyğundurmu? Qeyd edilən dövrdə MMC-nin ümumi gəliri nə qədər olub və hansı həcmdə vergi ödəyib? Ayrı-ayrı təşkilatlarla debitor və kreditor borcları sahəsində vəziyyət necədir? Layihələri icra etdiyi dövrdə subpodrat təşkilatlarla müqavilə bağlayıbmı? Əgər göstərilən bütün bu məsələlər araşdırılsa, ümüdvaram ki, "Fəqan xidmət təşkilatı" MMC-nin vasitəsilə dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələrim təsdiqini tapar".
 
Şikayətçinin verdiyi məlumatların həqiqətə uyğun olub-olmadığını araşdırmaq üçün Satınalmalar Üzrə Dövlət Agentliyinin web-saytında 2012-ci il ərzində müsabiqə əsasında keçirilmiş satınalmalara dair məlumatları təhlil etdim. Həqiqətən də həmin il Goranboy rayon İcra Hakimiyyəti abadlıq işlərini "Fəqan" xidmət təşkilatından 1352704,79 manata satın alıb. Daha sonra eyni məqsədlə satınalma məbləği 272547 manat olub. Abadlaşdırma üçün üst-üstə 1625251.79 manat rəsmi qaydada müəssisəyə verilib. Həmin il Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən sahil parkında əsaslı təmir və abadlıq işlərinin satın alınması məqsədilə adıçəkilən MMC-yə 200288 manat dəyərində vəsait ödənib. Yenə MKT İB-dən 201415 manatlıq abadlıq işləri və mal-materialların satın alınması işi "Fəqan"a həvalə olunub. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi 71980 manatlıq mal-materialı da MMC-dən satın alıb. Bu da ümumilikdə 473683 manat edir.  Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 16 saylı "Aynur" körpələr evi-uşaq bağçası da bir xeyli məbləğdə işi "Fəqan" xidmət təşkilatına tapşırıb və bunu ayrıca hesablamaqda fayda var: cari təmir işlərinin satın alınması 24699,1 manat, bağçaya inventarların alınması 19815 manat, yumşaq inventarlar 17800 manat, abadlıq işləri 9700 manat, avadanlıqlar 4910 manat, digər maşın və avadanlıqlar 18840 manat, digər alışlar və xidmətlər 4920 manat, kommunal və kommunikasiya xidmətləri 9800,03 manat, dəftərxana ləvazimatları 11000 manat, idarənin digər xərcləri maddəsi üzrə malların, işlərin və xidmətlərin satın alınması 11700 manat, sair xərclər maddəsi üzrə satın alma 11700 manat. Uşaq bağçasına bir ildə büdcədən üst-üstə ayrılan vəsaitdən 144884.13 manatı da belə xərclənib və işin hamısı bir firmaya - "Fəqan" xidmət təşkilatına müqavilə ilə verilib. Sözügedən körpələr evinə 71000 manatlıq ərzaq məhsulları və 1660 manatlıq dəftərxana ləvazimatlarının satın alınması "Fərid" xidmət təşkilatına həvalə edib. Adları bənzər iki firmanın bir adama məxsus olmadığı bəlli deyil. Ancaq həqiqətən də "Fəqan" xidmət təşkilatı çoxprofilli və çox sayda işçisi olmalıdır ki, bu qədər iş ona həvalə edilsin. 
 
2012-ci ildə Təhsil Nazirliyinin Mingəçevir şəhər "Uşaq və Ailəyə Dəstək Mərkəzi" inventarların satın alınması üçün 3100 manat, yumşaq inventarlara 11850 manat, digər alışlar və xidmətlərə görə 6100 manat, idarənin digər xərclər maddəsi üzrə malların, alınmasına 2300 manat, sair xərclər maddəsi üzrə satın alınmaya 6350 manat, digər maşın və avadanlıqların alınmasına görə 5100 manatı "Fəqan" xidmət təşkilatının hesabına ödəyib - ümumilikdə 34800 manat. Bu təşkilatın adı maraqlıdır, işi də maraqlı olmalıdır. Əcaba ailələrə hansı yardımları göstərirlər, ayrılan vəsait tam həcmdə ünvanına çatırmı, bunlar hər biri araşdırılmalı məsələlərdir. Paytaxtda belə bir mərkəz yoxdur. "Fəqan" xidmət təşkilatına gəldikdə isə, firmanın bir ildə rəsmi qazandığı müsabiqələrin ümumi məbləği M.Verdiyevin dediyi kimi 2 milyon manat yox, ondan da çox - 2278618.92 manat olub.   
2010-cu ildə də Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi "Fəqan xidmət təşkilatı" MMC-dən 133337,99 manatlıq mal və materialı satın alıb. İH-in nəzdində olan MKT İB qapı kompleksinin işıqlandırılmasının satın alınması işi üçün firmaya 31860 manat, İB-nin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi vasitəsilə də 29500,59 manat çöl süpürgəsinin satın alınmasına verilib. 
 
2013-cü ildə də Mingəçevir İH firmaya iş gördürüb. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi mal-materialların satın alınmasına görə təşkilata 149861,18 manat, İB-nin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi mal-materialların satın alınmasına görə 109999 manat (dörd doqquza fikir verin -H.H.) ödəyib. 2014-cü ildə də Abadlaşdırma İdarəsi tərəfindən "Fəqan-M xidmət təşkilatı" MMC-yə tikinti materiallarının alınmasına görə 98383,3 manat verilib. 
 
Əlbəttə, icra hakimiyyətləri onlara verilən pulları xərcləməlidirlər. İnsafən Mingəçevir İH ona həvalə olunan bütün vəsaitləri tender vasitəsilə sərf edir. Amma həqiqətənmi o işlər satın alınıb və təyinatına sərf olunub, bu ayrı mövzudur. Ağdaş İH də "Fəqan" MMC deyilən bir firmaya sifarişlərini verir, amma eyni şirkət olub-olmadığını bilmirəm, çünki firmanın adı hər dəfə fərqli yazılır. Əgər belə deyilsə, deməli bu müəssisə Mingəçevir İH-dən başqa heç bir təşkilatdan sifariş almayıb və hansı təcrübəsi, üstün keyfiyyətinə görə onunla belə iri layihələrdə işbirliyi qurulduğu maraqlıdır. Yoxsa Prezidentin dediyi kimi, "krışalıq" edilir, ya da "krışa"nı lazım olanda öz başlarına tuturlar? 
 
Mövqeyini öyrənmək, bəzi suallara da cavab almaq üçün M.Verdiyev tərəfindən qeyd olunmuş F.Məmmədovun mobil telefonuna zəng elədim. Telefonu ilk zəngdəcə qapatdı, sonrakı cəhdlərimdə isə telefonuna zəng çatmadı. Deyilənlərə cavab vermək, sənədlərlə nəyisə sübut etmək niyyəti varsa, redaksiyamızın qapısı üzünə açıqdır. Əslində düşünürəm ki, bu məsələlərə ilk növbədə Mingəçevir İH-dən açıqlama verilməsi daha məqsədəuyğundur. Baxaq görək bu boyda layihələr başqa işdə imzası olmayan bir firmaya hansı şərtlərlə həvalə edilib.  
 
Satınalma məlumatlarını təhlil edərkən maraqlı bir məqam da diqqətimi çəkdi. 16 saylı "Aynur" körpələr evi-uşaq bağçasına 2012-ci ildə 217544 manatlıq iş satın alınıb. 2010-cu ildə də eyni təyinatlı işlərə 233306 manat xərclənib. Bağça təmir olunub, inventar, yumşaq inventar alınıb, üstündən 1 il keçməmiş həmin işlər eyni qaydada təkrarlanıb. Bağça bir ildən bir təmirmi olunur? Onları qınamıram da, "ruzi"ni geri qaytarmayacaqlar ki! Günah büdcəni tərtib edənlərdədir. Maliyyə Nazirliyi təşkilatlara ayrılan pulları ilbəil artırır, halbuki hər il avadanlıq, inventar alınmadığı, təmir işləri aparılmadığı nəzərə alınmalıdır. Satın alan şirkətlər bu dəfə fərqlidir. Xərclər strukturuna diqqət edin: kommunal və kommunikasiya xidmətinə üç dəfə pul ayrılıb - 19985 manat, 9985 manat, 5000 manat. Bir ildə 34970 manat. Sanki uşaq bağçası yox, istehsal müəssisəsidir. 2012-ci ildə bu məsrəf 9800.03 manat olub - 3.57 dəfə az. Cari təmir işləri (19990 manat və 5000 manat), abadlıq xidməti haqqının ödənilməsi (9980 manat), 5 dəfə inventar, yumşaq inventarın alınması (7000 manat, 29950 manat, 17985 manat, 5150 manat, 19990 manat), iki dəfə avadanlığın alınması (19995 manat, 4995 manat), iki dəfə də digər maşın və avadanlıqlar (15000 manat, 5200 manat), üç dəfə dəftərxana ləvazimatları (6980 manat, 4000 manat, 4000 manat), dörd dəfə idarənin digər xərcləri (3494 manat, 5996 manat, 5961 manat, 2990 manat), ərzaq məhsullarının alınması (4980 manat). Bağçada kommunikasiyaya bir ildə 34970 manat xərclənib, 80 min manatlıq mebel alınıb, ərzağa cəmi 4980 manat pul verilib. Bunların hansı körpələrə daha vacibdir? 2012-ci ildə ərzağa xərclənən pul 71 min manat olub - 14.26 dəfə çox. Bu qədər inventarı nə edirlər, körpələrə italyanski mebelmi alıblar, baş açmıram. Hesablama Palatası bunları yoxlayırmı, çox maraq edirəm. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.