banner
banner

Sosİal

Əmlak vergisi ilə bağlı “cəza planı” işə düşür

Əmlak vergisi ilə bağlı “cəza planı” işə düşür
"Bələdiyyələrin zonalar üzrə əmsallarının bölgüsündə, torpaqların təyinatının müəyyənləşdirilməsində,  reklam vergisinin, mədən vergisinin, əmlakdan istifadəyə görə verginin toplanmasında problemlər var. Amma sirr deyil ki, verginin yığılmasında gizlədilmə halları da mövcuddur". Bu sözləri dünən keçirilən "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirdi. 
 
Seminarın keçirilməsində əsas məqsəd əmlak vergisinin yığımıyla bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, təcrübə mübadiləsi və mövcud problemlərdən çıxış yollarını müəyyən etmək idi. Seminar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Nəsimi Bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə keçirilib.
Mehdi Səlimzadə bildirdi ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir: "Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Bu problemlərdən biri də bələdiyyələrin əmlak vergisiylə bağlıdır".
 
"Sənədsiz mənzil sahibləri vergiyə cəlb edilməlidir"

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirdi ki, əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemləri həll etmək məqsədilə bələdiyyə tərəfindən yeni layihələr həyata keçirilib: "İlk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib".
 
N.Qaraxanov sənədsiz mənzil sahiblərinin vergiyə cəlb edilməsini təklif etdi: "Qanunvericiliyə əlavə olaraq "vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə vergi ödəməlidirlər" fikri yazılmalıdır. Qanuna bu fikrin salınmasının bələdiyyələrin büdcə gəlirlərinə xeyli təsiri olacaqdır".
 
"Bakı və bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil var"

"Bələdiyyə həyatı" qəzetinin baş redaktoru Vüqar Tofiqli bildirdi ki, bu gün əmlak vergisinin tətbiqi, xüsusilə sənədsiz mənzillərə hüquqi statusun verilməsi ilə bağlı məsələ bələdiyyələrin qarşılaşdığı əsas problemlərdəndir: "Bu bələdiyyələr hüquqi statusu olmayan mənzillərdən hər hansı vergi yığa bilmir. Bəli, sənədsiz mənzillərin qeydiyyatına start verilib. Lakin onun icrası, eləcə də bilavasitə bələdiyyələrə daxil olacaq vəsait də ləngiyir. Nəzərə alsaq ki, bu gün Bakı və bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil var. Bu siyahıya yeni tikililəri, o cümlədən mənzillərdə aparılan artırmaları da əlavə etsək, rəqəm bir qədər də arta bilər. Təxmini hesablamalara görə sənədsiz mənzillərin ümumi həcmi üst-üstə 3 milyon kv.metr yaşayış sahəsi təşkil edir. Demək, Bakı bələdiyyələri il ərzində orta hesabla 1,2 milyon manat vəsaiti itirirlər. Təsəvvür edin ki, bu məbləğə kifayət qədər böyük layihələr icra etmək mümkündür. Adi görünə bilən bir detalın icra olunmaması həm bələdiyyələrə, həm də vətəndaşlara nə qədər mənfi təsir edir. Biz bələdiyyə tərəfindən həyata keçirilən yeniliklərdən, onların qarşılaşdığı problemlərdən danışdıq. Amma unutmayaq ki, bələdiyyələrin özündə də ciddi problemlər var. Bu mövcud bələdiyyələrin hamısına şamil olunmasa da, kifayət qədər bələdiyyələrimizin maarifləndirilməsinə ehtiyac vardır".
 
"Torpaq vergisi 16,8 faiz, mədən vergisi isə 58,8 faiz azalıb"

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov  bildirdi ki, Azərbaycanın 36 şəhər və rayonunda toplanan əmlak vergisi üzrə artım müşahidə olunub: "İldə iki dəfə yığılan əmlak vergisində aktivlik adətən ilin ikinci yarısında müşahidə olunur. Ötən ilin birinci yarısı ilə müqayisədə əmlak vergisi üzrə artım 6,5 faiz olub. Ölkədə 36 şəhər və rayonda əmlak vergisi üzrə artım müşahidə olunub. Məsələn, Səbail rayonunda 87,9 faiz, Gəncə şəhərində 88,9 faiz, Cəlilabad rayonunda 89,3 faiz, Şəmkir rayonunda 1,5 dəfə, Şirvan şəhərində 2,5 dəfə, Gədəbəy rayonunda 15,5 dəfə əmlak vergisinin yığılmasında artım qeydə alınıb".
 
K.Babayev bildirdi ki, bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb, sənəd bütün bələdiyyələrə paylanıb: "Sənədlə tanış olmuşam, olduqca rahat bir proqramdır. Proqramda vergitutma obyektləri və vergi ödəyicilərinin uçotu ilə yanaşı, yeni vergi və ödənişlərin hesablanması, onunla bağlı müvafiq şəhadətnamələrin, tədiyyə bildirişlərinin avtomatik olaraq çatdırılması, eləcə də vergi və ödənişlər üzrə əldə olunan vəsaitin  xərclənməsi üzrə hesabatların hazırlanması da nəzərdə tutulub. Proqramın qəbul olunması üçün bələdiyyələrdə kompüterlər olmalıdır. Bəzi bələdiyyələrin kompüterləşməsi prosesi tezliklə yekunlaşacaq. Bu gün ölkədə olan bələdiyyələrin 95 faizdən çoxu kompüterlə təmin edilib. Tezliklə bütün bələdiyyələrdə kompüter və digər avadanlıqlar olacaq".
 
Administrasiya rəsmisi bəzi bələdiyyələrin fəaliyyətində qanunauyğunsuzluq olduğunu deyərək əmlakın sahəsinin müəyyən edilməsi məsələləri ilə bağlı Əmlak Komitəsi ilə danışıqlar aparıldığını bildirdi: "Bizə məlumatlar daxil olur ki, bəzən bələdiyyələr vətəndaşa tədiyyə bildirişi verir. Amma orada əmlakın sahəsi göstərilmir. Vətəndaş bununla bağlı narazılıq etdikdə isə bələdiyyə nümayəndəsi deyir ki, "əmlakın sahəsini siz yazın, biz vergini hesablayıb yenidən bildiriş göndərərik". Təbii ki, bu, yolverilməzdir. Əmlakın sahəsinin hesablanması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparılır. Tezliklə bu problem də həllini tapacaq".
Bələdiyyələrin vətəndaşa vergi uçotuna alınması ilə bağlı sənəd verməli olduğunu deyən sektor müdiri ölkə üzrə bələdiyyələrdən yığılan bəzi vergi növlərində azalmanın olduğunu da vurğuladı: "Torpaq vergisi üzrə 16,8 faiz, mədən vergisi üzrə isə yığım 58,8 faiz azalıb".
 
"Daşınmaz əmlakdan tutulan vergilərin həcmi çox azdır"

Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki,  bələdiyyələrin daşınmaz əmlakdan cəlb etdiyi vergilərin həcmi qənaətbəxş səviyyədə deyil: "Ölkədə ümumilikdə 1,9 milyon ev təsərrüfatı, şəhərlərdə isə 1 milyondan artıq mənzil var. Amma daşınmaz əmlakdan tutulan vergilərin həcmi çox azdır. Çünki ev təsərrüfatları və mənzillərin bir qismi qeydiyyatdan keçməyib. Amma hesab edirəm ki, bu, vergilərin yığılmasına problem yaratmamalıdır. Məhz buna görə, bir çox hallarda vətəndaşlar vergi ödəmir. Vergilərin yığılmasını təmin etmək üçün bələdiyyələrin üzərinə çox böyük vəzifə düşür".
 
"Vergidən yayınan şəxslərlə bağlı icra məmurlarına müraciət edin"

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirdi ki, torpaqların təyinatının müəyyənləşdirilməsi məsələsi bələdiyyələrdən nə qədər asılıdırsa, bu, dövlət orqanlarından da asılıdır: "Reklam vergisi, mədən vergisi, əmlakdan istifadəyə görə verginin toplanması məsələlərindəki mövcud problemlərin həlli üçün bu sahədə qanunvericilikdə olan boşluqlar aradan götürülməlidir. Amma mədən vergisinin yığılmasında problem təkcə qanunvericilikdə olan boşluqlarla bitmir. Belə ki, mədən vergisinin toplanmasında gizlədilmə hallarına yol verilir. Bu hallarla bağlı müvafiq dövlət qurumlarına müraciət edilib. Gizlədilmə hallarına son qoymaq lazımdır. Bələdiyyələr vergidən yayınan şəxslərlə bağlı müvafiq qaydada icra məmurlarına müraciət edib, onların imkanlarından istifadə etmək lazımdır. İcra sistemi və məhkəmə sistemi bizim nazirliyin tabeliyindədir. Qorxmayın, vergi toplama məsələləri ilə bağlı qarşınıza çıxacaq maneələrə görə sizi müdafiə etmək imkanlarımız var. Vergini ödəməkdən yayınan hüquqi və fiziki şəxslərlə bağlı məsələləri icraya yönəldin. Belə olan halda həmin şəxslər əməllərindən çəkinəcəklər və bələdiyyələrlə hesablaşacaqlar". 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.