Səhralaşma planetimizin milyonlarla insanları üçün faciəli hadisə hesab edilir. Belə ki, səhralaşma torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru "hərəkətə" gəlir, bunun nəticəsində yoxsulluq, aclıq və xəstəliklər baş verir. BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün yararlığı azalır və ya səhraya çevrilir.
Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır. Planetimizdə 3,6 mlrd. ha sahə səhralaşmaya məruz qalmışdır, bu Avropanın ərazisindən üç dəfə artıqdır və ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir.
Səhralaşma bütün kontinentlərdə (Antarktida istisna olmaqla) - dünyanın 110 ölkəsində mövcuddur. İnsan yaşadığı tarix boyu 1 mlrd. hektardan artıq məhsuldar torpağı səhraya çevirmişdir. Antropogen səhralar planetimizin 6,7%-ni, yəni Avstraliyanın 1/4-dən artıq sahə tutur. Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaşması) indiqatorluğu əsasında 3 səhralaşma dərəcəsi ayırır.
- Zəif səhralaşma - bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi ilə ifadə olunur.
- Orta dərəcə səhralaşma - mal-qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.
- Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) - yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olunur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.
- Çox yüksək dərəcə səhralaşma (çox güclü) - bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil. Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır). Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır və onların böyük hissəsi (50 mln-a qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir. Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən ümumi məhsulun illik məbləği 16 mlrd. dollara yaxın təşkil edir. Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcədə olmasını ayırd etmək çətindir. Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərə suyun dövriyyəsinin 70- 75%-ni təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpirasiyaya sərf olunur. Səhralaşma prosesində hədsiz mal-qara otarılması da mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı olmayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır. Torpaqdan düzgün istifadə edilmədikdə də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-ı şorlaşaraq sıradan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13% təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-ə çatır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) hesablamalarına əsasən, Azərbaycanda 3,7 milyon hektar ərazi eroziyaya, 1,2 milyon hektara qədər torpaq isə şoranlaşmaya məruz qalıb. Bundan başqa, təxminən 300 kvadrat kilometr ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. ETSN-in baş məsləhətçisi Oqtay Cəfərov mətbuata bildirib ki, səhralaşma torpaqların sıradan çıxması, məhsuldarlığının aşağı düşməsi deməkdir. Onun əsas amillərindən biri eroziya, torpaqların kimyəvi çirklənməsi, şoranlaşması və şorhərəkətləşməsidir: "ETSN yaranandan öz fəaliyyətinin əsas prioritet istiqaməti kimi bu problemi diqqətdə saxlayıb. Amma səhralaşma probleminin həlli tək bir nazirliyin işi deyil. Ölkənin yay-qış otlaqları acınacaqlı vəziyyətdədir. Çünki otlaqlarda həddən artıq otarma gedir. Azərbaycanın yay-qış otlaqları dövlət torpaqlarıdır. Onun 1 milyon 400 min hektara yaxınını qış otlaqları, 300 min hektara yaxınını isə yay otlaqları təşkil edir. Onların hamısının heyvan otarma tutumu maksimum 2,5-3 milyon başdır. Azərbaycanda isə 9 milyona yaxın kiçik buynuzlu mal-qara var. Deməli, bizim yay-qış otlaqlarımız ancaq kiçik buynuzlu heyvanlar üçündür. Bu otlaqlarda normadan 3 dəfə artıq otarma gedir. Buna heç bir yaylaq və ya qışlaq dözə bilməz".
O.Cəfərov deyib ki, ölkədə 1 milyon hektardan çox şoranlaşmış, şorhərəkətləşmiş torpaqlar var. Bəzən suvarma sistemləri də təkrar şoranlaşmaya səbəb olur. Azərbaycanın yay-qış otlaqlarında sonuncu dəfə 1949-51-ci illərdə geobotaniki araşdırmalar aparılıb: "O vaxtdan 60 il keçib. Yay-qış otlaqlarının vəziyyətini yenidən araşdırmaq, müəyyən otlaqları kənd təsərrüfatı dövriyyəsindən çıxarmaq və bərpa etmək lazımdır".
Azərbaycanın 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir ki, bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Ümumilikdə, hər il ETSN tərəfindən ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır. Ölkədə səhralaşmanın qarşısının alınması məqsədilə "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" milli proqramlar təsdiq olunub. 2011-ci il ölkədə 10504 hektar sahədə meşəbərpa işləri aparılıb, bundan 3149 hektarda meşə əkini və səpini, 7355 hektarda isə təbii bərpa işləri yerinə yetirilib. Ötən il ərzində meşə fondu torpaqlarına aid olmayan, ümumi sahəsi 1000 hektar ərazini əhatə edən magistral avtomobil yollarının kənarlarında, həmçinin Bayıl yamacında yaşıllaşdırma tədbirləri həyata keçirilib və 1 milyon ədəd ağac və kol bitkisi əkilib.
Ötən müddət ərzində "Səhralaşmaya qarşı mübarizə" Konvensiyasının Azərbaycanda həyata keçirilməsi üzrə 3 milli məruzə hazırlanıb. Ölkə Prezidentinin müvafiq fərmanları ilə 2003-2009-cu illərdə respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 min hektardan (4,5%) 778464,7 hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən həyata keçirilən "Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması" layihəsi çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və Göygöl rayonunda 200 hektar qış otlağı bərpa olunub. O. Cəfərov qeyd edib ki, bu ildən ETSN Qlobal Ekoloji Fondla birlikdə Azərbaycanda "Böyük Qafqazda meşələrin və torpağın idarə edilməsi və iqlim dəyişikliyinin təsiri" adlı layihə həyata keçirməyə başlayacaq. İlk dəfə olaraq 3 problem - şoranlaşmaya qarşı mübarizə, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi bir yerdə araşdırılacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.