Çörək bizim qida rasionumuzun əsasını təşkil edən vazkeçilməz qida məhsuludur. Bu gün paytaxtın çörək piştaxtalarında istənilən qiymətə və keyfiyyətə çörəyə rast gəlmək mümkündür. Hazırda ölkəmizdə Moskva, Ukrayna, İtaliya və Almaniya istehsalı olan çörəklər də satılır. Yerli istehsal olan çörəklərin qiyməti 10-50 qəpik arasındadırsa, bu çörəklərin qiyməti 80 qəpik və 7 manat arasında dəyişir.
Çox zaman alıcılar yerli istehsal olan zavod çörəyi alarkən onu bir gün qaldıqdan sonra yeməyin mümkün olmamasından şikayətlənir. Eyni zamanda mağazalarda təndir çörəyi adı ilə satılan çörəkləri də yeyən zaman insanda sanki saqqız çeynəyirmiş kimi bir təəssürat yaranır. Bəzi dietik qara çörəklərin də iy verdiyi və içərisinin yapışqan kimi olduğu da edilən şikayətlər sırasındadır.
Qeyd edək ki, bu gün çörəklərdə “kartof” (mezinterikus) xəstəliyinin olmasına dair tez-tez fikirlər səslənir. Emal prosesində unun tərkibində bəzi bakteriyalar olur. Bərbad saxlanma şəraitində olan nəmlik və temperatur bu bakteriyalar üçün münbit şərait yaradır. Nəticədə onlar çoxalaraq unun zülal, karbohidratı ilə qidalanırlar və unda kartof xəstəliyinin əmələ gəlməsinə səbəb olurlar. “Kartof” xəstəliyinin çox yayılmasının bir səbəbi də unun ələkdən keçirilmədən istehsala buraxılması göstərilir. Qeyd edək ki, piştaxtaya çıxarılan çovdar çörəyinin saxlanma müddəti 72 saat, buğda unundan hazırlanan çörəklərin saxlanma müddəti isə 24-48 saatdır. Ancaq səhər alınan bəzi çörəklərin artıq axşama yeyiləsi vəziyyətdə olmaması bizdə çörəyin hazırlanma prosesində nəyinsə düzgün aparılmadığı və bunun da səhhətimizə zərər verə biləcəyi fikrini yaradır. Paytaxt ərazisində apardığımız müşahidələr zamanı mağazaların əksəriyyətində satılan nə yerli, nə də xarici çörəklərin üzərində onun keyfiyyəti, yararlılıq müddəti, saxlanma qaydaları haqda məlumat ala bildik. Hətta satıcılardan xarici istehsal olan çörəklərin harada necə hazırlandığını soruşduqda, sadəcə olaraq, “bilmirik” cavabını aldıq.
Qeyd edək ki, çörəyin daşınması və dükanlara çatdırılması da tələblərə uyğun şəkildə aparılmır. Belə ki, əksər hallarda çörək maşınların ya arxa oturacaqlarına, ya da yük yerlərinə qoyulur. Satış obyektlərində çörək və çörək-bulka məmulatları əslində təmiz, quru, yaxşı ventilyasiya olunan otaqlarda 20-25 dərəcədə və 75 faiz nisbi rütubətdən yuxarı olmayan şəraitdə saxlanılmalıdır. Onları kəskin iyli məhsullarla, məsələn, balıq, tütün məmulatları, sabun, ətriyyatlar və sairə bir yerdə saxlamaq olmaz. Bu məmulatların qalaq şəklində, otağın divarlarına bitişik, bir başa yerdən yığılması və ya yerdən 35 sm-dən az, ticarət zalında isə 60 sm-dən az məsafədə yerləşən rəflərdə saxlanılması yolverilməzdir. Çörək məmulatlarının yaxşı və təzə qalması üçün onların üstü örtüklə örtülməlidir. Çörəyə əl vurmaq yolverilməzdir. Ancaq təəssüflər olsun ki, bir çox mağazalarda bu qaydalara əməl edən yoxdur. Çörəklərin bəziləri alıcı istəyən zaman satıcı öz əli ilə sellafon torbaya qoyur. Həmçinin kiçik mağazalarda çörəklərin bəzən toz basan karton qutularda saxlanıldığı da müşahidə edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da çörəklərlə bağlı onlara istehlakçılar tərəfindən şikayətlər gəldiyini dedi: “Azad İstehlakçılar Birliyinə hər gün çörəklərlə bağlı telefon zəngləri gəlir. Məlumdur ki, çörəklərin saxlanma müddəti 72 saatdan artıq deyil. 72 saatdan sonra çörək artıq bərkiməli və qurumalıdır. İstehlakçıları çörəklərin tez və gec xarab olması da narahat edir. Məsələn, ölkə bazarında uzunmüddətli alman çörəyi vardı ki, bu çörəyin bir il yararlılıq müddəti var idi. Əlbəttə, belə çörəyin tərkibinə çoxlu kimyəvi maddələr qarışdırılır. İstehlakçılar bu çörəkdən narazı idilər. Biz ona yararlılıq müddətinin qoyulmasına nail olduq. Əgər çörək 72 saatdan tez xarab olursa, bu o deməkdir ki, artıq un xəstələnib. Buna da ”kartof" (mezinterikus) xəstəliyi deyilir. Adətən belə çörəklərin içərisi palçıq kimi yapışqanlı olur. Belə olan təqdirdə, deməli, ya un xəstədir, ya da həmin çörəyi bişirən avadanlıq mikroblarla zənginləşib, ona görə də bu cür çörək əmələ gəlir. İstehlakçılar bizə dietik çörəklərin rənglənməsi ilə bağlı da şikayət edirlər. Bəzən çörəyə çay suyunun qarışdırılması kimi faktlarla bağlı bizə müraciətlər olunur. Çox təəssüflər olsun ki, bu cür problemlər yaşanır və istehlakçıların hələ ki tələbinə cavab verən yüksək keyfiyyətli çörək kifayət qədər deyil. Xüsusən regionlarda bununla bağlı ciddi problemlər var. Təsadüfi deyil ki, 2011-ci ildə biz ABŞ-ın İnkişaf Agentliyinin layihəsini həyata keçirmək üçün Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis etmişik və bu, dövlət qeydiyyatına alınıb. Ancaq bu vaxta kimi bizim bir dənə çörək istehsalçısı Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanına layiq görülməyib. Ona görə də biz deyirik ki, çörək istehsalçıları təhlükəsiz çörək istehsal etsinlər ki, biz də həmin nişanı onlara şamil edək və onları dünyanın 123 ölkəsində təbliğ edək".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.