Azərbaycanda qışın necə keçəcəyi Afrikada bilinəcək
ABŞ-ın Milli Okean və Atmosfer Agentliyinin (NOAA) məlumatına görə, bu il dünya son 10 ilin ən soyuq qışını gözləyir. Qurumun okean sularına baxaraq apardığı müşahidələr nəticəsində axırıncı dəfə 1997-98-ci illərdə müşahidə olunan “Super El Nino” qasırğasının bu qış da özünü göstərəcəyi bildirilib. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan “El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq.
Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir. Bu ilin ən sərt qışı olacağı ilə bağlı proqnoz verən yalnız ABŞ deyil. Rusiya Elmlər Akademiyasının Tümen Elmi Cəmiyyətinin Rəyasət Heyətinin sədri, akademik Vladimir Melnikov iqlimin dövriliyi haqqında aparılan müşahidələrin “soyuq era”nın başlanmasından xəbər verdiyini deyib. “Müşahidələrimiz təsdiqləyir ki, Yer kürəsində yalnız qlobal istiləşmə deyil, həm də soyuqlaşma prosesləri gedir” deyə, rusiyalı alim vurğulayıb.
Məlumata görə, soyuqlaşma dövrünün “qaranquş”u artıq Yamalda qeydə alınıb. Burada oktyabr ayında temperatur mənfi 18 dərəcədən də aşağı düşüb. Bütovlükdə Rusiyanı əvvəlki illərlə müqayisədə daha sərt qış gözləyir. Hələ 2010-cu ildə ingiltərəli alimlər dünyada “mini buz dövrü”nün başlanacağı iddiası ilə çıxış ediblər. Onların fikrincə, Avropanı və Şimal yarımkürəsini təsiri altına alan şaxtalı hava şəraiti 20-30 il davam edəcək, bununla da “mini buz dövrü” yaşanacaq. Məlumata görə, tanınmış alim və BMT-nin hökumətlərarası İqlim Qurumunun (İPCC) üzvü professor Mojib Latif da Sakit okean və Atlantik okeandan götürülmüş suyun hərarətini tədqiq edəndən sonra eyni nəticəyə gəlib. Rusiya və Böyük Britaniyanın bir qrup alimi isə iddia edir ki, 15 ildən sonra Yer üzündə buzlaşma dövrü başlayacaq. Qlobal soyuqlaşmanın 2030-cu ildə başlanacağı gözlənilir. Elm adamları Günəşdəki aktivliyin 2030-2040-cı illərdə 60 faizə qədər azalacağını bildirirlər. Alimlərin bu cür hava proqnozu əhalidə bu qışın sərt keçəcəyi ilə bağlı təşviş yaradıb.
Maraqlıdır, Azərbaycanda da deyilənlər kimib sərt qış gözlənilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev qışın necə keçəcəyi haqda məlumat verməyin hələ tez olduğunu dedi: “Azərbaycan ərazisində qış dövrünün necə keçməsi hər il noyabrın sonunda açıqlanır. Noyabrın sonunda Cənub-Şərqi Avropa və Qafqaz ölkələri üzrə Forum keçirilir. Bu il də bu forum Mərakeşdə baş tutacaq. Həmin forumda qışın necə keçəcəyi ilə bağlı müzakirələr aparılır və ölkələr üzrə yekun qərar verilir. Biz də hər il həmin forumda iştirak edirik, yalnız ondan sonra qışın necə keçəcəyi barədə məlumat veririk. İndidən qışın sərt keçəcəyi haqda hansısa bir söz demək hələ tezdir. Azərbaycanda elə də şiddətli soyuqlar olmur. Müşahidələr də onu göstərib ki, son illərdə qış dövrü mülayim keçib”. Oktyabr-noyabr aylarının hava proqnozuna gəlincə isə A.Verdiyev yağışlı günlərin hələ davam edəcəyini bildirdi: “Oktyabr-noyabr ayları, ümumiyyətlə, yağışlı bir dövrdür. Bakı-Abşeron yarımadasında, Lənkəran, Astara bölgələrində ən çox yağıntı oktyabr, noyabr aylarında müşahidə edilmişdi. Son günlərdə də yağan yağışlar onu göstərir ki, il ərzində ən çox yağış oktyabr-noyabr aylarında düşür”.
Maraqlıdır, əgər deyilənlər doğru olarsa, yəni son 10 ilin ən soyuq qışı Azərbaycana da gələrsə, kommunal xidmət sahələrində vəziyyət necə olacaq? Şaxtalı günlərdə işıq, qaz, su problemi yaşayacağıqmı?
“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qış nə qədər sərt keçirsə-keçsin işıqla bağlı heç bir problem yaşanmayacağını dedi: “Nə qədər sərt qış olsa da, ”Azərişıq" tərəfindən aparılan yenidənqurma və təmir tikinti işləri elektrik enerjisinə olan tələbatı yüksək səviyyədə həyata keçirəcək. Tikdiyimiz yarımstansiyalar, çəkdiyimiz yeni kabel xətləri, quraşdırdığımız transfarmator məntəqələri, o cümlədən hava şəraitinə uyğun kabellərin izolyasiyası, yeni kiçik kabellərlə dəyişdirilməsi istər Bakı şəhərində, istərsə də ətraf kənd qəsəbələrdə, o cümlədən regionlarda işıqla bağlı heç bir problem yaratmayacaq. Hansı rayonlarda nə kimi problemlər varsa, son 5-6 ay ərzində təftiş olunub və qeydə alınıb. 50-60 min taxta dayaqlar dəmir dayaqlarla əvəz olunub. 700-800 ədəd yeni transformator məntəqələri inşa olunub. Biz işimizi mövsüm olaraq qurmuruq. Biz 24 saat abonentlərimizin xidmətindəyik və təbii ki, nəzərə alırıq ki, qış ayları gələndə nəzərə alırıq ki, enerjiyə tələbat artır, hansısa problemlər arta bilər. Bütün bunları nəzərə alaraq əlavə avadanlıqlar, maşın mexanizmləri, ehtiyat hissələri bütün rayonlarda anbarlarda hazırdı. 199 saylı qəza xidmətimiz var ki, 24 saat abonentlərin xidmətindədir".
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bir neçə gün öncə “Yeni Müsavat”a verdiyi açıqlamasında “Azərsu” QSC-nin şəbəkələrində su borularının donması kimi problemlərin olmayacağını bildirmişdi: ““Azərsu”nun öz şəbəkələri var. Su xətlərinin donması kimi problemlər adətən camaatın öz xətlərində olur. Məsələn, Sulutəpə, Binəqədi və ətrafdakı yaşayış məntəqələrində şəbəkəni camaat pul yığıb özləri çəkib. Yəni bu, mərkəzləşmiş, bizim balansımızda olan şəbəkə deyil. Problem yalnız bu şəbəkələrdə yarana bilər ki, biz də bununla bağlı həmişə tövsiyələrimizi veririk. Qəza olan zaman onların bizim şəbəkəmiz olmamasına baxmayaraq su itkilərinin qarşısını almaq üçün biz gedib o qəzanı aradan qaldırır, kömək edirik".
“Azəriqaz”la dəfələrlə əlaqə saxlamağa çalışsaq da cəhdimiz boşa çıxdı.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.