Havalar soyuyan kimi hamı evini isitməyin yollarını axtarır. Bakının bir çox yerlərində istilik sistemləri olsa da, bəzi yerlərdə, o cümlədən bir sıra rayonlarda əhali evini qaz sobaları vasitəsilə isitməyə çalışır ki, bu da çox zaman faciə ilə nəticələnir. Hələ kəskin soyuqlar düşməsə də, artıq hər gün dəm qazından zəhərlənmələr, ölüm halları ilə bağlı xəbərlərə rast gəlirik.
Qeyd edək ki, ölkəmizə İran qaz sobalarının gətirilməsi qadağandır. Ancaq az sayda da olsa “8-ci kilometr bazarı”nda qaz sobalarına rast gəlinir. Burada hətta sifariş götürməklə də bu cür sobaları hazırlayırlar. Bu isə yerli istehsal sayılır. Satıcılar deyir ki, bu cür sobaların alıcıları olduqca azdır. Satıcı Eldar İbrahimov qaz sobalarını özünün düzəltdiyini və keyfiyyətli olduğunu dedi: “Alıcılar yox dərəcəsindədir. Özüm qalın dəmirdən keyfiyyətli şəkildə düzəldirəm. Mənim düzəltdiyim sobalarda heç bir təhlükə ola bilməz. Amma sifariş verənlər azdır. Qiymətlər də baha deyil. 20-40 manata əldə etmək olar. Hətta elə soba düzəldirəm ki, onu həm odun, həm də qaz sobası kimi istifadə etmək olur”.
Söhbətə qatılan digər satıcı isə yalnız Rusiya istehsalı olan qaz sobaları satdığını dedi: “Kənarları dilikli olan sobalar qətiyyən təhlükəli deyil. Əsas odur ki, bu sobaları özün yox, işini bilən bir ustaya quraşdırasan. Çox adam ustaya pul verməsin deyə özü düzüb qoşur. Bunun nəticəsində də zəhərlənmələr baş verir. Bu qaz sobalarını daha çox köhnə Bakı məhəllələrində yaşayan insanlar gəlib alır. O evlərdə istilik sistemi yoxdur”.
Qaz sobası satılan ərazidə müştərilər də az idi. Satıcılar əhalinin son illərdə bu cür sobalar almağa qorxduğunu deyirdilər. Qeyd edək ki, qaz sobaları internet vasitəsilə də satılır. Qiymətləri isə 20-30 manatadır.
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov qaz sobası alarkən mütləq “Azəriqaz”la məsləhətləşmək lazım olduğunu dedi: “Mərkəzləşdirilmiş istilik sistemləri olan evlərdə qaz cihazlarının quraşdırılması qəti qadağandır. Çünki o evlərdə tüstü bacası yoxdur. Onu balkona çıxarırlar. Belə olanda isə külək həmin qazı söndürür və qaz içəri vurur. Zəhərlənmənin çoxu da dəm qazından irəli gəlir. Qaz peçləri bizim qaz şəbəkələrinə uyğun buraxılmayıb. Onlar İran standartlarına uyğundur. İran şəbəkəsində də qazın təzyiqi 178 millimetrə bərabərdir. Amma bizim şəbəkədə optimal təzyiq 130 millimetrdir. O da heç də lazımi effekti vermədiyindən usta çağırıb onun borularını deşib xarab edirlər.
Onun iş rejimi pozulur və karbon 4 oksid əvəzinə karbon monoksid xaric olur. O da zəhərlidir və 30 dəqiqə ərzində insanların həyatına son qoyur. Əgər bir evə 0,1 faiz dəm qazı yığılıbsa, artıq zəhərlənmə üçün hazırdır. Bu vəziyyət isə insanı zəhərləyib öldürür, öldürməsə belə ən yaxşı halda şikəst edir. Bazarlarda satılan sobaları ayrı-ayrı firmalar gətirir. Bu firmalar bu qaz sobalarını gətirərkən mütləq ”Azəriqaz"la razılaşmalıdır. Çünki bu sobalar “Azəriqaz”ın qaz şəbəkələrinə qoşulur. Amma çox vaxt firmalar yalnızca qazanclarını düşünərək “Azəriqaz”la məsləhətləşmir. Qaz sobasını aldıqdan sonra onu şəbəkəyə qoşmağa istehlakçının heç bir ixtiyarı yoxdur. Əhaliyə tövsiyə edərdim ki, qaz şəbəkələrinə toxunmasınlar.
Vətəndaş qaz sobasını özbaşına qoşmaqla yalnız özünə deyil, günahsız qonşulara da təhlükə yaradır. Əgər mənzilə, mətbəxə, hamamxanaya 4,5 faiz qaz yığılarsa, partlayış baş verə bilər və partlayışın zərbə qüvvəsi çox böyük dağıntılar yaradar. Boğulma, yanma məhsullarından isə zəhərlənmə əmələ gətirir. Ona görə də qaz təsərrüfatında heç bir özbaşınalığa yol vermək olmaz. Mətbəxdə dördgözlü qazlar isə yemək bişirildikdən sonra söndürülməlidir. Bu qaz yananda onun yanma prosesi düzgün getmirsə, mətbəxə dolur. Dördgözlü qaz olan mətbəxdə uzun müddət qalmaq, yatmaq olmaz. Ümumiyyətlə, qaz olan otaqda çox qalmaq olmaz. Metan qazı yananda radiaktiv maddə olan radon maddəsi ayrılır, o da evin divarlarına köçür və insan səhhəti üçün zərərlidir. Ona görə də dördgözlü sobaların uzun müddətli yanması qəti surətdə yolverilməzdir".
“Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəisi İbrahim Kərbalıyev təbii qazdan təhlükəsiz istifadə ayı ərzində daha güclü iş rejiminə keçdiklərini dedi: “Mənzillərə texniki baxışlar keçirilir. Hər il olduğu kimi, bu il də noyabr ayının 1-dən dekabr ayının 1-dək ”Azəriqaz" İstehsalat Birliyində müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən bu 1 ay respublika ərazisində təbii qazın təhlükəsiz istifadə ayı elan olunub. Həmin 1 ay ərzində mənzillərə texniki baxışların keçirilməsini artırmışıq. Həmçinin əhalinin təbii qazdan istifadə qaydalarına dair maarifləndirilməsini həyata keçiririk. O cümlədən mənzillərə texniki baxışlar zamanı ən mühüm məsələlərdən biri də qeyri- standart qaz cihazlarının və avadanlıqlarının istismardan çıxarılması üçün zəruri tədbirlər görülür.
Təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqaviləyə uyğun olaraq müəyyən edilmiş qaydada dayandırılır. Həmin yaranmış qüsurlar aradan qaldırıldıqdan dərhal sonra mənzillərə təbii qazın verilişi tərəfimizdən təmin olunur. Ümumiyyətlə, bu texniki baxışların mövcud bir xarakteri yoxdur. Təbii qazdan təhlükəsiz qaydada istifadə çərçivəsində də bu işi daha da sürətləndirmişik. Mütəxəssislərimiz tərəfindən maarifləndirmə xarakterli çıxışlar olur. Həmçinin əhalinin sıx olduğu yerlərdə bukletlərin paylanması kimi bir çox işlər görülür. Bütün regional qaz istismar idarələri, o cümlədən yerli qaz istismar sahələri, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin texniki istismar şöbəsi, o cümlədən də qaynar xəttimiz gücləndirilmiş iş rejimində işləyir".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.