Erməni silahlı birləşmələri cəbhəyanı rayonların infrastrukturuna zərər vurmağa çalışırlar.
Anspress bildirir ki, ağır artilleriya silahlarından istifadə edən qarşı tərəf Ağdam rayonunun Qaradağlı kəndi ərazisindəki elektrik yarımstansiyasnı vurub. Baş verən partlayış 11 kəndi işıqsız qoyub.
Partladılmış yarımstansiyada olan ANS əməkdaşı bütün avadanlıqlar sıradan çıxdığını müşahidə edib.
Ətrafa səpələnən qəlpələr yarımstansiyanın inzibati binasını da yararsız vəziyyətə salıb. Yaxınlıqdakı Evoğlu kəndinin sakinləri deyiblər ki, kəndin su təhcizatında da problem yaranıb.
"İşıq keçib, qalmışıq belə. Sizin maşını gördük, dedik görək kimdir, deyək ki, ehtiyatlı olun. Belədir vəziyyət. Sadəcə bizə işıq versələr, yaxşı olar. Mümkün qədər düzəltsinlər. Kənddəyik, hamımızın mal-qarası var, suyumuz artezian quyularıyladır, elektriklə. O da olmasa, qalacağıq belə", - deyə kənd sakini Zülfü Niftalıyev bildirib.
Raqub Məmmədov - Ağdam İH başçısı
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, artıq əraziyə baxış keçirilib. Yarımstansiyadan əlavə, kəndlərin bir neçəsində elektrik dirəklərinin də sıradan çıxdığı müəyyənləşdirilib. Üstəlik bəzi ərazilərdə qaz təhcizatında da problem yaranıb. Səhər saatlarından etibarən bərpa işlərinə başlanacaq.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da infrastrukturun bərpası istiqamətində işlər başladılacağını deyib: "Səhərə 4 qrup hazırdır ki, kəndlərdə sıradan çıxan işıq xətləri, işıq dirəkləri və eyni zamanda yarımstansiyanın bərpası üçün işə başlasın. Sabah (bu gün - red.) günün II yarısına qədər orada işləyəcəklər və əhaliyə işıq, qaz veriləcək. Bütün ləvazimatlar var və mütəxəssis qrupu hazır vəziyyətdə gözləyir".
İH-dən onu da bildiriblər ki, əgər ehtiyac yaranarsa, işlərin sürətləndirilməsi üçün qonşu rayonlardan da mütəxəssilər dəvət ediləcək.





