banner
banner

Sosİal

“Süpürgəçi cüzi maaşdan vergi ödəyirsə, müğənni də ödəməlidir”

“Süpürgəçi cüzi maaşdan vergi ödəyirsə, müğənni də ödəməlidir”
Aprelin 6-da Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BDV) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirildi. Tədbirdə ölkənin aparıcı KİV-lərinin nümayəndələri , o cümlədən “Yeni Müsavat” qəzetinin müxbiri iştirak edib. 
Əvvəlcə BDV-nin yeni mərkəzinin təqdimatı oldu. Qurumun Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə mərkəzin xidmət bölmələri və  fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, burada vergi ödəyicilərinin qəbulu həyata keçirilir. Onlar üçün xüsusi gözləmə zalı, özünəxidmət kompüterləri, “paypoint” aparatları quraşdırılıb: “Gün ərzində 500-700 vergi ödəyicisi qəbul edilir. Əvvəlcə vergi ödəyicisi xüsusi aparatla xidmətin növünü seçib növbə götürür, sonra isə növbəsi çatdıqda xidməti masalara yaxınlaşır. Sistemi bilən vətəndaşlar isə özünə xidmət kompüterləri ilə müstəqil şəkildə əməliyyatları yerinə yetirirlər. Vergi ödənişlərini yerindəcə ödəmək üçün burada ”paypoint" aparatları da quraşdırılıb".
BDV-nin yeni xidmət mərkəzi ilə tanışlığın ardından vergilər nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə mətbuat konfransı keçirildi. Konfransda vergilər nazirinin müşaviri Habil Məmmədov və Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva da iştirak edirdi. 
 
Əvvəlcə cəbhə bölgəsində döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 

Daha sonra S.Ələkbərov nazirliyin fəaliyyəti ilə bağlı son məlumatları jurnalistlərin diqqətinə çatdırdı. O bildirdi ki, bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı proqnoz tapşırığa 101,4 faiz əməl edib: “Keçən  il biz büdcəyə 7 milyard 118 milyon manat vəsait toplamışdıq. Onun yalnız təxminən 30 faizi neft sektorunun hesabına idi. Bu ilin 3 ayında qeyri-neft sektorundan daxilolmaların payı 78,5 faiz təşkil edib. Yalnız 22,5 faizi neft sektorundan daxilolmaların payına düşüb.
 
2016-cı il üçün parlament tərəfindən verilmiş proqnozlarda  neft hesabına büdcəyə vergi daxilolmalarının 23 faiz olması müəyyənləşdirilib. Ancaq bu fərqli də ola bilər. Ötən il də fərqli proqnozlar var idi, lakin ilin yekununa görə biz neftdən təxminən 204 milyon kəsir yaşadıq, həmin çatışmazlığı isə qeyri-neft sektorundan olan ödəmələr hesabına doldura bildik.  Bu il bizim birinci rüb üçün proqnozlarımız da artıqlaması ilə, 101,4 faiz yerinə yetirilib. Bu hazırkı ağır iqtisadi şəraitdə çox yaxşı göstəricidir. Biz sahibkarlarımızın daha yaxşı fəaliyyət göstərməsi üçün bir çox yoxlamalarımızı dayandırdıq. Dövriyyəsi 200 min manata  qədər olan orta və kiçik sahibkarlar üçün, 3 istiqamət istisna olmaq, operativ -nəzarət tədbirlərini və yoxlamaları dayandırdıq. Ötən ilin birinci rübünə nisbətdə səyyar vergi yoxlamalarının sayı 30 faiz  azaldılıb, kameral vergi yoxlamaları təxminən 60 faiz azaldılıb. Bütün bunlar onun üçündür ki, sahibkarlarımız yaxşı işləyə bilsinlər və müvəqqəti çətinlikləri dəf edə bilsinlər. Ötən ilin noyabr ayında vergilər naziri Fazil Məmmədov bir əmr imzaladı ki, Azərbaycanda vergi inzibatçılığında çox ciddi dəyişikliklər olsun. Burada həm yoxlamalara yanaşmalar, həm də vergi ödəyiciləri ilə münasibətlər yenidən qurulur. Vergi orqanlarının strukturu və kadrlar dəyişdirilir". 
 
Nazir müavini onu da bildirdi ki, Azərbaycan vətəndaşlarında hələ də vergi mədəniyyəti formalaşmayıb:“Bəziləri hələ də bilmir ki, bu yığılan pullar haraya gedir. Əgər büdcədə vəsait olmasa ordu nə ilə saxlanacaq, yollar nə ilə salınacaq? Vergi ödəmələrində ən şəffaf sahə neft sahəsidir. Tikinti sahəsində vergi yayınmaları çoxdur. Şou-biznesdə yayınmalar çoxdur. Müğənni 12-14 min manata toya gedir. O niyə vergi ödəməməlidir? İl ərzində toylardan yüz minlərlə manat pul qazanan müğənni ildə 40-50 manat vergi verir. Bu ədalətli hesab oluna bilərmi? Süpürgəçi min əziyyətlə qazandığından qəpiyinə kimi vergisini verirsə, müğənni niyə minlərlə manat vəsaitindən vergi verməsin? Artıq müğənnilər ictimai qınaqdan sonra uçota dayandılar və yavaş-yavaş vergi mədəniyyətinə alışırlar”.
 
S.Ələkbərov nağdsız alış-verişə keçilməsinin də vergi yığımlarına müsbət təsir edəcəyini bildirdi. Qeyd etdi ki, dünyanın bir çox ölkələrində artıq nağd ödənişlərdən imtina olunub: “Biz də nağdsız ödənişlərə keçsək, vergi ödəmələri böyük miqdarda artacaq. Ancaq bunda maraqlı olmayanlar çoxdur. Biz bu addımı inzibati yolla həyata keçirmək və qarşıdurma yaratmaq istəmirik. Bunu maarifləndirmə ilə etmək lazımdır. Dünya ölkələri arasında Azərbaycan vergi yükünə görə ən sonuncu yerdədir. Bəzi ölkələrdə vətəndaşın vergi yükü 40 faizin üzərindədir. Bizdə isə 13,3 faizdir".
 
Nazir müavini daha sonra jurnalistlərin suallarına cavab verib. “Yeni Müsavat”ın müxbirinin, hesabına həbs qoyulan QHT-lərin vergi yoxlamalarının nəticələri ilə bağlı sualını cavablandıran nazirlik nümayəndələri isə artıq bu yoxlamaların yekunlaşdığını və nəticələrin Baş Prokurorluğa göndərildiyini qeyd etdi. Vurğuladı ki, sonrakı qərarı Baş Prokurorluq verəcək, cinayət tərkibi varsa, həmin QHT haqqında müvafiq tədbir görüləcək.
 
Bu ilin ilk  rübünün nəticələri ilə bağlı suala cavab olaraq bildirildi ki, aprelin 20-dən sonra açıqlanacaq. Bu nəticələrlə bağlı proqnoz da müsbətdir.
 
Nazirlik rəsmisi qanunvericiliyə edilən dəyişikliklərin və bəzi vergi güzəştlərinin büdcə daxilolmalarına da təsir edəcəyini açıqladı. 
 
Bir çox müəssisələrin bağlanması ilə bağlı suallara gəlincə, S.Ələkbərov qeyd etdi ki, cari ilin yanvar-fevral aylarına görə 5337 vergi ödəyicisinin hesabı ləğv olunub. Bunlardan 123-ü hüquqi şəxs olub. 22859 vergi ödəyicisi isə qeydiyyata alınıb . Ümumilikdə tendensiya müsbətə doğrudur.  
 
İri vergi ödəyiciləri olan dövlət qurumlarının vergi borcu ilə bağlı jurnalistlərin sualını cavablandıran nazir müavini bu problemin həllini tapdığını bildirdi. O qeyd etdi ki, son məlumata görə,  ümumilikdə ölkə üzrə 1,6 milyard vergi borcu var. Onların yalnız 22 faizi dövlət mülkiyyətində olan qurumlara aiddir. Dövlət mülkiyyətində olan qurumlardan hazırda ən  çox borcu olan isə “Azərsu”dur.  

Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva isə vergi qanunvericiliyinə edilən dəyişikliklərdən danışıb: “Artıq 2016-cı ilin yanvar ayından bu yana ölkədə gedən iqtisadi islahatlarla paralel olaraq, Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib.
 
Bunlar maliyyə bazarına nəzarət orqanının vergi öhdəlikləri ilə bağlı, istər investisiyaların ölkəyə daxil olması ilə bağlı vergi güzəştləridir, buğda unu və çörəyin satışının  vergilərdən azad olunmasıdır, fiziki şəxslərin banklara qoyduğu əmanətlə üzrə gəlir faizlərinin və qiymətli kağızlardan əldə olunan gəlirlərin divident, dispont və digər gəlirlərin vergidən azad olunması və bir sıra azadolma və güzəştlər tətbiq olunub. Bu, ilk mərhələdə vergi daxilolmalarını azaltsa da, sonradan artmasına səbəb olacaq”.
musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.