Son günlər mətbuatda kolbasa məmulatlarının tərkibi, antisanitariya şəraitində hazırlanması, istehsal prosesində at, eşşək və gündəlik qida rasionumuza daxil olmayan digər heyvanların ətindən istifadə edilməsi barədə yazılar dərc olunur. Buna dair faktlar da aşkarlanıb. Rayonlardan paytaxta mənşəyi məlum olmayan, leş ətlərin gətirilməsi də üzə çıxıb. Məsələyə dair İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev münasibət bildirib. Cia.az musavat.com-a istinadən təqdim edir:
A.Əliyevin sözlərinə görə, Azərbaycanda istehlak bazarı nəzarətsiz deyil. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinq, baxış, müayinə və digər metodlardan istifadə etməklə istehlak bazarına nəzarət tədbirlərini həyata keçirir.
Xidmət rəhbəri deyir ki, qeyd edilən xoşagəlməz halların qarşısının alınmasında əsas məsələ istehlakçı fəallığını artırmaqdır. Bu baxımdan dövlət tərəfindən sistemli tədbirlər davam etdirilir:
- Ötən il istehlakçıların hüquqlarının qorunması sahəsində müxtəlif rayonlarda və Bakıda 12 maarifləndirici konfrans təşkil olunub. Bundan başqa dəyirmi masalar təşkil edilib. 85 mindən yuxarı bukletlər, 6 minə yaxın yaddaş kitabları hazırlanıb istehlakçılara paylanıb. İstehlakçı hüquqlarında ən vacib məsələlərdən biri istehlakçıların maarifləndirilməsidir. Bundan başqa qeyd etdiyim metodlarla istehlak bazarına nəzarət həyata keçirilir.
- At, eşşək ətinin kolbasa məmulatlarına qatılmasının, qənd istehsalında it sümüklərinin belə üyüdülərək istifadə olunmasının qarşısının alınması üçün bukletlərin, yaddaş kitabçalarının hazırlanaraq yayılması, konfransların keçirilməsi yetərlidir?
- İstehsalçı keyfiyyətli mal istehsal etməkdə maraqlıdır. Çünki rəqabət mühiti bunu tələb edir. İstehsal prosesi bütünlükdə baytarlıq nəzarəti ilə həyata keçirilir. Belə hallar dövlət xidməti tərəfindən qarşılanmayıb.
- Mətbuatda yazılanların monitorinqini aparıb müvafiq addımlar atırsınızmı?
- Hər gün müvafiq monitorinqlər aparılır və aidiyyəti üzrə qurumların diqqətinə çatdırılır. Bundan sonra araşdırmalara başlanır. Əgər mətbuatda gedənlər təsdiqini tapırsa, müvafiq tədbirlər görülür. Belə hallarla rastlaşan istehlakçılar üçün 195-2 çağrı mərkəzi də fəaliyyətdədir. İstehlakçı bu və ya digər malın keyfiyyətsizliyi, standartlara cavab verməməsi ilə bağlı müraciət edə bilər.
- Piştaxtada bir kolbasa var və istehlakçı kolbasanın tərkibinin üzərində göstərilənlərdən ibarət olmasına şübhə edir. Bu halda istehlakçı hara müraciət etməlidir?
- İstehlakçının hər bir mal haqda məlumat almaq hüququ var. Hər bir malın üzərində istehsal tarixi, malın tərkibi, istehsalçının rekvizitləri haqda məlumatlar var. Ancaq hər hansı halla qarşılaşırsa, qaynar xəttə müraciət edə bilər.
- Əsasən kolbasa istehsalında eşşək, at və digər təkdırnaqlı, caynaqlı heyvan ətindən istifadə olunmasına dəlalət edən çox ciddi məlumatlar var. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı rəqəmlərə görə, təkcə bu ilin 4 ayı ərzində nazirliyin əməkdaşları 70 tona yaxın mənşəyi bilinməyən, at-eşşək əti olması şübhə doğurmayan, satış üçün nəzərdə tutulan cəmdəklər aşkar ediblər.
- Bu faktın özü elə nəzarətdən xəbər verir. Nəzarət olmasaydı, 70 ton mənşəyi bilinməyən ət satışa çıxarılardı. Nəzarət var deyə, satışa çıxarılmasının qarşısı alınıb. Yəni istehlak bazarı daim nəzarətdədir.
- 70 ton mənşəyi bilinməyən ət satışa çıxarılana qədər saxlanılıbsa, deməli hər gün ölkə bazarlarında at-eşşək ətinin satılması istisna deyil.
- İstehlakçı fəallığı da belə halların qarşısının alınmasında vacib şərtdir. Əgər istehsalçı belə halla qarşılaşıbsa, bizim qaynar xəttə məlumat verməli və məsələ operativ şəkildə yoxlanılmalı, müvafiq tədbirlər görülməlidir.
- Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida məhsullarının ekspertizasını həyata keçirəcək müstəqil laboratoriya yoxdur. Razısız bu fikirlə?
- Bu, Eyyub müəllimin fikirləridir. İqtisadiyyat Nazirliyinin nəzdində müvafiq laboratoriya var və mütəmadi olaraq bazardan müxtəlif ərzaq məhsullarını götürüb analizini aparır. Bu anonim şəkildə edilir. Əgər hər hansı bir hal müəyyən olunduqda müvafiq tədbirlər görülür.
- Bir qədər konkretləşdirək. Sonuncu dəfə bazardan neçə adda məhsul götürülüb və tərkibləri bəyan edilənlərlə üst-üstə düşübmü? Tərkiblərdə sağlamlığımızı təhdid edən, bizi zəhərləyən maddələr, qarışıqlar aşkar olunubmu?
- Ötən 1 ay ərzində ərzaq bazarından 500-ə yaxın nümunə götürülüb və laborator analizlər aparılıb. İnsan sağlamlığı üçün təhlükə törədəcək hər hansı bir hal müəyyən olunmayıb.
- At-eşşək əti kolbasanın tərkibində varsa, bunu necə müəyyən etmək olar?
-Tərkib malın üzərində yazılır. Əgər tərkiblə malın üzərində yazılanlar eyni deyilsə, bu artıq qanun pozuntusudur. Və bütün tədbirlər də ona yönəlib ki, keyfiyyət və təhlükəsizlik göstəricilərinə əməl olunsun.
|
“İstehlakçı fəallığı da belə halların qarşısının alınmasında vacib şərtdir”
|
- Laborator müayinə belə uyğunsuzluqları ortaya çıxara bilir?
- Laborator müayinə imkan verir ki, malın keyfiyyətli olub-olmaması aşkarlansın.
- Bəs malın tərkibindəki ət məhsulunun - at, eşşək, zebu, kenquru və s. heyvana aidliyini aydınlaşdırmaq mümkündür?
- Tərkibi müəyyən etmək mümkündür.
- 70 ton mənşəyi bilinməyən ət satışa qədər tutulub və təmsil etdiyiniz qurum 500-ə yaxın ərzaq məhsulunun laborator analizini həyata keçirib, amma hər hansı bir uyğunsuzluq aşkar etməyib?
- Satışda olan məhsulların laborator analizinin aparılması mütəmadi prosesdir və hər ay, hər gün bu analizlər aparılır.
- Bakıda tanınan supermarket şəbəkəsindən kəllə qənd almışıq. Qəndin içində emal olunmamış duz dənəciklərini xatırladan kristallar var. 500 nümunədən birində hər hansı bir uyğunsuzluq olmadığını qeyd etdiniz. Belədirsə, dediyim kəllə qənd piştaxtaya necə gedib çıxıb?
- Biz istehlak bazarına nəzarət tədbirlərini həyata keçiririk. Son nəzarət tədbirləri zamanı bu cür hallarla qarşılaşmamışıq. Müəyyən çatışmazlıqlar müəyyən olunub və aradan qaldırılması üçün həmin məhsulları bazara çıxaran şirkətlərə məlumatlar verilib ki, nöqsanlar aradan qaldırılsın. Təkrar nəzarət davam etdirilib ki, belə hallar bir daha təkrar olunmasın.
- Belə hallar, nöqsanlar müəyyən olunanda istehsalçının qüsurlu mal istehsalında maraqlı olub-olmaması araşdırılır? Başqa sözlə desək istehsalçının malın çəkisini artırmaq üçün keyfiyyətsiz məhsullardan istifadəyə yol verməsi istiqamətində təhqiqat aparılır?
- Biz istehlak bazarına nəzarət edən qurumuq. İstehsal bazarından götürülmüş nümunələri müayinə edirik. İstehlak bazarında keyfiyyətsiz mal aşkar olunursa, şübhəsiz ki, həmin mallar satışdan çıxarılır. Həmin malların növbəti partiyası bazara çıxarılarkən onun təkrar müayinəsi həyata keçirilir. Keyfiyyətlidirsə, malın bazara çıxarılmasına yol verilir.
- Əgər mal keyfiyyətsizdirsə, həmin mal bazardan çıxarılırsa, niyə görə bu məlumatlar ictimailəşdirilmir ki, istehlakçı həmin malları almasın?
- Biz belə hallar olanda ictimaiyyəti məlumatlandırırıq.
- “Min bərəkət, halal nemət” markası altında bazara çıxarılan kolbasa məmulatların tərkibi haqda müxtəlif xoşagəlməz məlumatlar var. Mətbuatda da bu haqda yazılar dərc olunub. Bu məsələ ilə bağlı araşdırma aparıbsıznız?
- Əgər belə hallar varsa, araşdırmağa hazırıq.
Cia.az