Valideyn övladının cinayət əməlinə görə məsuliyyət daşımalıdırmı?
Valideynlərin (xüsusən də məmurların) övladlarının cinayət əməlinə görə məsuliyyət daşıması məsələsi artıq bir neçə ildir ki, müzakirə olunmaqdadır. Vaxtilə prezident səviyyəsində də bu məsələyə toxunulmuşdu. Müşavirələrin birində prezident qudurğan məmur övladlarına səslənərək heç kimə güvənməmələrini istəmişdi. Prezident bildirmişdi ki, övladlarına nəzarət edə bilməyən məmurlar işdən çıxarılacaq, övladlarına da cinayət işi başlanacaq.
Bu məsələdən sonra bir neçə məmur qudurğan övladlarına görə işdən azad edilmişdi. Bu cür nümunələrdən bir neçəsini qeyd etmək olar. Məsələn, ötən illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55" avtomobillə mahir tar ifaçısı Ağasəlim Abdullayevin həyat yoldaşı və azyaşlı nəvəsinin ölməsi ilə nəticələnən qəza törətmişdi. Oğlunun bu əməli nəticəsində Mübariz Mədətov işdən qovuldu, oğlu da həbs cəzası aldı.
Ötən il isə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov da oğlunun içkili vəziyyətdə avtomobil idarə etməsi səbəbindən vəzifəsindən azad edilmişdi.
Bugünlərdə Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevanın oğlunun qəddarcasına törətdiyi cinayət əməlinə görə işdən çıxarılması bu mövzunu bir daha gündəmə gətirmiş oldu. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, direktorun vəzifəsindən azad edilməsi ilə bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Xatırlada1 ki, R.Əliyevanın oğlu ötən il keçmiş arvadını öldürərək yandırmışdı. Mərhum isə direktorun gəlini olmaqla yanaşı, həm də qardaşı qızı olub.
İctimaiyyətdə məktəb direktorunun bu səbəbdən işindən kənarlaşdırılmasını normal hal kimi qəbul edənlər olsa da, övladlarına görə valideynlərin cəzalandırılmasının qanunsuz və məntiqsiz olduğunu iddia edənlər də var.
Qeyd edək ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində də məmurların övladlarına görə vəzifədən uzaqlaşdırılması halları mövcuddur. Əksəriyyət düşüncələrə görə publikanın diqqət mərkəzində olan insanlar həm dözümlü, həm də nümunəvi şəxs olmalıdır. Həmin şəxs və övladları nümunəvi olmazsa onlara həvalə edilən vəzifəni də idarə edə bilməzlər. Lakin xarici ölkə nümunələrində məmurların çoxu özlərində mənəvi məsuliyyət hiss edərək öz istəkləri ilə istefa verir. Məlum olduğu kimi, ölkəmizdə bu cür istefa mədəniyyəti hələ ki mövcud deyil.
Bəs görəsən, valideynin övladının cinayət əməlinə görə məsuliyyət daşıması nə dərəcədə doğrudur?
Deputat Fəzail Ağamalı mövzu ilə əlaqədar “Yeni Müsavat”a danışaraq məsələyə bu cür münasibət bildirdi:“Avropa ölkələrində övlad 17 yaşına çatandan sonra çantasını yığışdırıb, ata-anası ilə vidalaşıb, öz həyatını yaşamağa gedir. Demək olar ki, valideynlərin himayəsindən çıxır, istər məmur, istərsə də adi vətəndaşın övladı olsun, fərq etmir.
Bizdə isə yanaşmalar fərqlidir. Mentalitetdən, adət-ənənədən irəli gələrək hər zaman övladımızı yanımızda görməyə çalışırıq, övladlarımız da ata-anasız özlərini təsəvvür edə bilmirlər. Və beləliklə, Azərbaycanda övlad üzərində ata-ananın təsiri çox yüksəkdir. Ona görə də valideyn çalışmalıdır ki, övladı elə tərbiyə etsin ki, həm valideyni, həm də özü üçün problem yaşatmasın. Bəzi məmurların övladları düzgün tərbiyə olunmur. Onlar var-dövlət içərisində formalaşır, gözünü açır var-dövlət görür, ona “yox” deyilmir, nə edirsə təqdir olunur, uşaq yaşlarından sükan arxasına keçirlər, valideyn övladı qarşısında lazımi məsuliyyət daşımır, düşünmür ki, övladı böyüdükdən sonra hansı cinayəti törədə bilər, cəmiyyətdə hansı xoşagəlməz addımlar ata bilər və s. Bütün bunlar ona gətirib çıxarır ki, həmin gənclər 20-25 yaşlarından qanunları pozmağa, qudurğan hərəkətlər etməyə başlayır. Bu da yolverilən deyil. Ona görə də bu cür yanaşma da doğrudur ki, əgər yüksək vəzifəli məmur öz övladını, ailəsini idarə edə bilmirsə, onda ona tapşırılan işlə, yüzlərlə insanın taleyi ilə necə məşğul ola bilər?Bu məntiq doğru və düzgündür".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.