Kanalizasiya sularında axıdılan milyonlar; Bakı yolları alt-üst ediləcək?
Bakı şəhərinin kanalizasiya problemi bu ilin sentyabr ayından başlayaraq yağan yağışların nəticəsində bir daha ortaya çıxdı. Ölkə miqyasında bu problem geniş müzakirə olundu. Nəticədə bir neçə gün öncə ölkə başçısı İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı.
Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir. Ölkə başçısı bu problemləri əsas gətirərək işçi qrupunun yaradılmasına qərar verib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi işçi qrupa baş nazirinin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov , fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov , Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov daxildir. İşçi qrupa müvafiq təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığı verilib.
Hazırda ictimaiyyətin əsas müzakirə mövzusu bu kanalizasiya sistemləri yenilənərkən yollarda yaranacaq problemlərdir.
Qeyd edək ki, işçi qrupuna daxil olan baş nazirin birinci müavini A.Şərifov da daha öncəki açıqlamasında vurğulamışdı ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil: “Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır”.
Abid Şərifovun da etiraf etdiyi kimi həm kanalizasiya sistemlərinin yenilənməsi , həm də asfalt yolların dağıdılıb sonradan yenilənməsi üçün kifayət qədər maliyyə vəsaitinə ehtiyac var.
O da sirr deyil ki, bu günə qədər kanalizasiya sistemlərinin çəkilməsi üçün ayrılan milyardlarla dollar vəsait kimlərinsə cibinə axıb. Əks halda şəhərin kanalizasiya sistemi indiki qədər bərbad durumda olmazdı.
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dövlət büdcəsinin hazırki durumunu nəzərə alsaq, bu yenidənqurma işlərini həyata keçirmək üçün maliyyə imkanları məhduddur:“İllərdir belə bir problemin yaşanacağı haqqında ekspertlər xəbərdarlıq edirdilər ki, Bakının kanalizasiya sistemində çatışmazlıqlar var. Tikinti bumu zamanı Bakının kanalizasiya sistemi çox ciddi şəkildə zədələndi, sovetdən qalma sistem də dağıdıldı. Bir çox binaların özülləri qazılarkən yağış suları üçün nəzərdə tutulmuş kollektorlar və ya yağış xətlərinə rast gəldikdə çox zaman onlar da rüşvət müqabilində və ya hansısa məmurun tapşırığı müqabilində ləğv edildi. Ən yaxşı halda isə ümumi kanalizasiya xətlərinə birləşdirilməli idi. Bakının getdikcə böyüməsi, əhalinin artması , regionlarda işsizlikdən insanların Bakıya axın etməsi kanalizasiya sisteminin yükünü təqribən iki dəfə artırdı. Bu gün yaranmış mənzərəni biz hər yağışdan sonra müşahidə edirik”.
Bu gün problemin həlli üçün yaradılmış komissiyaya gəldikdə isə ekspert bildirdi ki, burada texniki heyətdən ibarət bir komandanın yaradılması da məqsədəuyğun olardı: “Çünki bu məsələnin həlli üçün idarəetmə bacarığı ilə yanaşı mühəndislik bilgilərinin də olması vacibdir. Digər tərəfdən bu problemin həllinə çox böyük vəsaitlər tələb olunacaq. Bu günə qədər isə həm dövlət büdcəsindən, həm də beynəlxalq institutların verdiyi kreditlər vasitəsilə bu sahəyə milyardlarla manat vəsait ayrılıb. Təkcə Beynəlxalq Valyuta Fondu xətti ilə indiyə qədər bakının kanalizasiya sisteminin təkmilləşdirilməsinə 1, 4 milyard dollara yaxın vəsait ayrılıb. Təkcə Hövsan qəsəbəsində və bir neçə Bakıətrafı qəsəbələrdə dənizə tökülən çirkab sularının təmizlənməsi üçün kollektorların tikintisi ortadadır ki, bu da ayrılmış vəsaitlərin məbləğinə uyğun deyil. Bu vəsaitlə kifayət qədər çox işlər görmək mümkündür. İndi isə Azərbaycanın vəsaitləri tükənmək üzrədir. Ölkədə çox ciddi problemlər yaşanır, gəlirləri azalır. Bu problemin köklü həlli üçün milyardlarla vəsait lazımdır və Bakı şəhərində dayanmadan bir neçə il qazıntı işləri aparılmalıdır ki, bu problemi həll etmək mümkün olsun. Mən düşünmürəm ki, indiki zamanda Azərbaycan büdcəsi bu problemi həll etməyə qadirdir. Çünki bunun üçün çox böyük vəsait lazımdır. İlkin hesablamalara görə təqribən 2 min kilometr boru xətləri çəkilməlidir. Bakı kimi bir şəhərdə 2 min kilometr boru xətlərinin çəkilməsi obrazlı dillə desək paytaxtın altının üstünə çevrilməsi deməkdir. Bu da kifayət qədər ciddi problemlərə gətirib çıxara bilər. Mən hesab edirəm ki. bu komissiya hər hansı təkliflər paketi hazırlayıb masanın üzərinə qoyacaq və yəqin ki, elə masa üzərində də qalacaq. Çünki Azərbaycan bu məsələnin həlli üçün nə maliyyə imkanlarına, nə də infrastruktur imkanlarına malik deyil”.
Tikinti eksperti Nüsrət İbrahimov vurğuladı ki, yeni kanalizasiya sistemi salınarkən böyük xarici şəhərlərin təcrübəsindən yararlanmaq lazımdır: “Problemin başlıca səbəbi odur ki, son illərdə şəhər demək olar ki, yenidən quruldu, küçələr böyüdü və o küçələr qurulan vaxt yağış sularını aparmaq üçün yeni xətlər tikilmədi. Bu da on nəticədə sentyabr-oktyabr aylarındakı vəziyyətin yaranmasına gətirib çıxartdı. Təbii ki, ölkə başçısı bu istiqamətdə müvafiq tapşırıqlarını verib, bu istiqamətdə araşdırma işləri aparılmalıdır. Yəqin ki, layihə-sənədləşmə işləri aparıldıqdan sonra bu işlərin icrasına başlanacaq. Mən hesab edirəm ki, hansı ərazilərdə ki, yağış suları kütləvi şəkildə toplanır, ilk növbədə həmin ərazilərdə drenaj sistemləri qurulmalıdır. Bu da ən iri küçə və prospektləri əhatə edəcək. Şəhərdə bu gün də yenidənqurma işləri aparılır. Bir müddət əvvəl “Azdrama”nın tərəfdən, “Qış bulvarı” deyilən ərazidə yenidənqurma işləri aparıldı. Daha sonra “Sovetski” deyilən ərazidə və Bayıl qəsəbəsində yenidənqurma işləri aparılır. Yeni Yasamalda , “Alatava” deyilən ərazidə yenidənqurma işləri aparılır. Bu yenidənqurma işləri çərçivəsində kanalizasiya sistemlərinin yenilənməsi də həmin layihədə öz əksini tapmalıdır. Doğrudur bu tikinti işləri aparılarkən şəhərdə müəyyən problemlər olacaq, ancaq daha sonra problem yaşanmaması üçün bütün bu çətinliklərə dözməz lazımdır. Mən xaricdə bir neçə iri şəhərdə yağış sularının axıdılması üçün kanalizasiya sisteminin neçə çəkilməsini müşahidə etmişəm. Orada bu xətlər avtomobil yolunun kənarı ilə , yerin altı ilə aparılır. Adətən səkilər magistral yoldan 20-30 santimetr hündür olur, səki ilə asfaltın birləşən yerində perpendikulyar şəkildə dəmirbarmaqlıqlar olur. Yağış yağanda həm səkidəki, həm magistral yoldakı sular o dəmirbarmaqlıqlara axır. Magistral yolu da qabarıq şəkildə olur və su asanlıqla axır. Bu mənada yağış suları kanalizasiya xəttinə qarışmamalıdır. Bütün iri şəhərlərdə bu sistem qurulub. Yəqin ki, Bakı şəhərində də o sistem qurulacaq. Kanalizasiya sistemi magistral yolların altı ilə yox, səkilərin altı ilə çəkilməlidir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.