«GDU-da elə biabırçı hallar baş verir ki, bunlara seyrçi qalmaq olmaz.Təhsil sisteminə eybəcərliklər gətirən bu mənfi halları ifşa edib aradan qaldırmaq lazımdır». Bu sözləri JAM.AZ-a Yeganə Kərimova və Şamil Əliyev yazıblar.
Onlar bildirir ki, mətbuatda GDU-nun rektoru Yusif Yusifovla yazılan tənqidin nəticəsiz qalması heç də sadə səbəblərlə bağlı deyil. «Bu qədər ciddi ittihamların qarşılığında Yusif Yusibovun heç nə olmamış kimi vəzifəsində qalması, hətta ən cüzi narahatlıq hissini keçirməməsi və onun haqqında Təhsil Nazirliyi tərəfindən heç bir tədbir görülməməsi rektorun əzələ nümayişi kimi qəbul olunmalıdır. Məlumdur ki, GDU-nun artıq köhnəlmiş “yeni rektoru” bu vəzifəyə sahiblənmək üçün birbaşa təhsil naziri cənab Mikayıl Cabbarovdan “xeyir-dua” alıb. Çox yaxın dostluq əlaqələrinə malik qardaşının, habelə Azər və Ceyhun Bayramov qardaşlarının səyi nəticəsində nazir Mikayıl Cabbarov ölkə başçısından Yusif Yusibov üçün ricada bulunub. Bundan sonra Gəncə Dövlət Universitetinin “qara günləri”ni başladan kimyagər professor qısa müddət ərzində özünü ifşa etməyi bacarıb. Əvvəlcə tutduğu vəzifəyə yiyələnmək üçün külli miqdarda pul xərclədiyini bildirən rektor daha sonra rəqiblərinə sinə gərmək üçün mətbuatda dərc olunan tənqidi yazıların universitetdə fəaliyyət göstərən və onu dəstəkləməyən qüvvələr tərəfindən təşkil olunduğunu deyərək özünü müdafiə etməyə çalışdı. Planın davamı kimi isə səssiz qalaraq “yanvar yığımı”na başlayan Yusibov mətbuata laqeyd münasibəti ilə də kreslosunun təminat altında olduğunu sübut etməyə çalışır».
Adları qeyd olunan şəxslər vurğulayırlar ki, artıq başa çatmış qış imtahan sessiyası ölkəmizin ali məktəblərində təhsil alan tələbələr üçün bir çox məqamlarla yadda qalan olacaq. «Bəzi tələbələr hələ bir müddət uğurla verdikləri imtahanlardan yaranmış təəssüratlarla yaşayacaq, digərləri isə həmin imtahanların gedişində cavablandıra bilmədikləri sualların müzakirəsini aparacaqlar. Lakin bəzi ali təhsil müəssisələri də var ki, orada oxuyan əksər tələbələrə bu halların qətiyyən aidiyyatı olmur. Məsələn, əgər haqqında yazdığımız Gəncə Dövlət Universitetində demək olar ki, bütün imtahanların nəticələri əvvəlcədən həyata keçirilmiş pul yığımlarında ifadə olunan məbləğlərlə müəyyən edilibsə, bu zaman tələbə artıq imtahandan sonra nəyə sevinməli və ya üzülməlidir? Təəssüflər olsun ki, GDU-da təhsil alan tələbələr Yusif Yusibov və onun pulyığanları tərəfindən təhsil prosesinin digərlərinə bəxş etdiyi təəssürat və hissləri duymaq imkanlarından məhrum olunublar».
Yeganə Kərimova və Şamil Əliyev yazır ki, universitet rəhbərliyi bütün digər məsələlər kimi tədris və qiymətləndirmə prosedurlarını da elə bir “iqtisadi” əsaslar üzərinə keçirib ki, artıq burada elm və təhsildən danışmağın belə yeri qalmayıb. «Tələbələr universitetdəki özbaşınalıqlarla bağlı, bir dəfə Gəncə şəhər İcra Hakimiyyətinə qrup halında şikayətə getmişdilər. Buna görə, rəhbərlik tələbələri sıxışdırmağa başladı, "üzünüzə tüpürüm” dedi. Əgər rəhbərlik tələbənin üzünə tüpürürsə, təhsilə və təhsil alana təhsil verənin göstərdiyi diqqət və qayğı budumu?»
Onlar qeyd edirlər ki, Gəncə Dövlət Universitetində müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, əmək haqqı artırılmır, ödənişli oxuyan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. «Halbuki GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir, təhsil haqqının yüksəkliyinə görə GDU respublikada ilk yerlərdən birini tutur. Məsələn , tarix ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir, mebel, avtomobil və s. alınması adı altında talan olunur.Yusif Yusifov müəllimlərin maaşını artırmasa da, təhsil haqlarını çox səxavətlə xərcləyir, dəbdəbəli həyatından geri qalmır».
Məlumatda deyilir ki, universiteti özününküləşdirən rektor Yusif Yusifov Maliyyə Nazirliyinin yüksək vəzifə sahibi Cavanşir Yusifovun qardaşıdır. « Görünür ki, bu ad onu bu bəd əməllərdən qorumağa yardım edir. Gəncə Dövlət Universitetində isə artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi GDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər Yusif Yusibov tərəfindən o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir.Çox qəribədir, təhsil naziri Mikayıl Cabbarov Yusif Yusifovu özünə ağsaqqal seçib və ona “ağsaqqal” deyə müraciət edir. Hətta yaxın zamanda Yusif Yusifovun rayonlardan birinə icra başçısı təyin ediləcəyi barədə söhbətlər də dolaşmaqdadır».
«Qış imtahan sessiyasında universitetin əksər ixtisaslarında hazırlaşıb imtahana gələn tələbə keçilməyən mövzulardan düşən suallarla qarşı-qarşıya qaldı» deyən məlumatı verən şəxslər qeyd edirlər ki, kəsildikdə isə "3" qiymət almaq üçün verilməli pulun 2-3 misli (100-150 manat) ondan tələb olunurdu. «Ona görə belə edirlər ki, növbəti imtahanda tələbə pulu əvvəlcədən verməli olsun, yəni oxumasın. Nəticədə tələbə müəllimi saymır. Bu gün GDU müəllimlərinin ən ağrılı yeri budur: tələbə müəllimini saymır, kefi istəyəndə dərsə gəlir, gəlmədiyi günlərə pul vermək şərtilə, oxumur. Onsuz imtahana pul verəcək... Müəllimi hörmətsiz edirlər.
İmtahan sessiyasında hər fakultə üçün rüşvət planı müəyyən ediblər. Məbləğ tələbənin sayına uyğun olaraq dəyişir. Planı doldurmayan fakültə rəhbərini isə “razborka” gözləyir. Rektor “hardan tapırsan, tap, istəyirsən doğ, həmin məbləğ verilməlidir” deyir. Vəzifəsini itirməmək üçün canfəşanlıq edirlər. Çanağın çattadığı yer isə tələbənin başı və valideynin cibi olur. Pulu alandan sonra da “əl çəkmirlər”. Tez-tez süpürgə, kraska, proyektor, lövhə, yayda təmir, daha “nələr” üçün pullar istəyirlər».
Qeyd edilir ki, mərkəzləşdirilmiş imtahanın mərkəzləşdirilmiş qiymətləri o qədər yuxarıdır ki, GDU ömründə bu qədər biabırçılıq görməyib. «Gəncə Dövlət Universiteti ömrünün ən biabırçı günlərini yaşayır. Artıq elə bir şərait yaranmışdır ki, müəllimlərin tələbələrlə münasibətləri tamamilə adiləşmişdir. Tələbələrin oxumaq həvəsini davamlı şəkildə məhv etdikdən sonra müəllim hörməti sıfıra enmişdir. Bir yerdə ki, müəllim tələbələrinin biliyini sərbəst qiymətləndirə bilmir, o yerdə savad da ola bilməz, müəllim şərəfi də. GDU-da rüşvətin ayaq tutub yerimədiyi bir korpus, mərtəbə, mubaliğə olmasın, hətta otaq belə yoxdur. İri-xırda işlər üçün hamı bir-birindən “nə isə” umur.
Dekabr ayında elmi Şuraya tələsik keçirilən seçkilərdə “səs veriləcək” və “seçiləcək” şəxslərin adlarının əvvəlcədən hamıya tapşırılması isə sözün əsl mənasında şou idi. Ancaq vaxt vardı ki, GDU-da elmi şuraya seçkilər yaxşı mənada mübahisələrlə, müzakirələrlə müşahidə olunurdu. Yaşlı müəllimlər gözəl bilir».
Şikayətçilər yazır ki, bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin ekologiya kafedrasının müdiri Vaqif Rəhimov korrupsiya faktı ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən həbs edilib. «O Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ən yaxın dostu, yaxın çevrəsinə daxil olanlardan biridir. Təsadüfi deyil ki, Vaqif Rəhimov məhz Yusif Yusibovun təqdimatı ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. İndi bu «qabaqcıl təhsil işçisi» rektorun başağrısına çevrilib. Belə ki, həbs olunmasına baxmayaraq vəzifə başında qalan Vaqif Rəhimov yalnız bu barədə kütləvi informasiya vasitələrində məlumat yayıldıqdan sonra rektor tərəfindən işindən azad edilib. Bu isə rektorun həm Vaqif Rəhimova sədaqətinin, həm də müxtəlif ortaq iş birliyinin göstəricisidir. Vaqif Rəhimov həbs olunduqdan sonra Yusif Yusibov onun azadlığa çıxmasına və bu hadisənin ört-basdır edilməsinə çalışsa da, buna nail ola bilmədi. Rektor yaxşı başa düşür ki, bu həbsin istintaqı zamanı özü də hədəfə çevrilə bilər. Elə buna görə də «dəmiri isti-isti döyməyə» çalışdı. Amma alınmadı. İndi Yusif Yusibov intizardadır və həyəcanlı şəkildə istintaqa çağrılacağını gözləyir».
Bildirilir ki, rektor xeyli müddətdir ki, özünün xüsusi adamlarını onlarla monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi, onlarla yetirmələri olan professorların üzərinə saldırır, onların nüfuzdan salınması üçün dəridən-qabıqdan çıxır, rektorluq kürsüsünə göz dikəcəklərindən qorxur. «İndi də univesitetdə işləyən bir-iki nüfuzlu və vicdanlı müəllim övladının guya işə gəlməməsini bəhanə edib onları işdən azad etdirməklə hədələyir.
Bu yaxınlarda 75 yaşı tamam olan çox hörmətli professor-müəllim heyətindən 1 nəfərin yubileyinin keçirilməsi üçün rektorun yaxınlarından biri xahişlə rektora müraciət edəndə Yusif Yusifov “mən bura (yəni GDU-ya) yubiley keçirməyə gəlməmişəm” cavabını verib. Bunu ürək ağrısı ilə qəbul edən həmin adam “cavabı” yubilyara çatdırmağa xəcalət çəkib. İmtahan sessiyası onun nə üçün gəldiyini aydın göstərir. Əslində Yusif Yusifovun BDU-dan GDU-ya nə üçün “perevod” olunduğunu ölkədə hamı bilir. Bir nəfərdən başqa».
Qarşı tərəfi də dinləməyə hazırıq.


