“2013-cü ildə yaşadığımız bina sürüşmə nəticəsində qəzalı vəziyyətə düşdü. Nazirlər Kabinetinin sərəncamı ilə Suraxanı rayonu, İdris Süleymanov küçəsi, 1b-də bina tikildi. İki ildir həmin binaya köçürülsək də mənzillərimizin sənədlərini ala bilmirik”.
Bunu virtualaz.org saytına bina sakinləri bildiriblər.
Onların sözlərinə görə, 2013-cü ilin mayında yeni binaya köçürülüblər. Lakin köhnə, yoxsa yeni binada qeydiyyatda olduqlarını öyrənə bilmirlər: “Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, 21b-də qeydiyyatda olmuşuk. Bina uçandan sonra İdris Süleymanov küçəsi, 1b-yə köçürüldük. Dəfələrlə müraciət etməyimizə baxmayaraq mənzillərin sənədlərini vermirlər. Suraxanı Rayon İcra Hakimiyyətindən bu işə baxmadıqlarını deyirlər. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamenti isə sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsinə göndərildiyini deyir. Komitə isə rəsmi sorğumuza sənədlərin onlara göndərilmədiyini təsdiqləyib”.
20 sakin aidiyyəti qurumlara təqdim etmək üçün arayış ala bilmədiklərini deyir: “Yeni tikilən bina qəsəbədən kənarda yerləşir. Yaxınlıqda mal-qara saxlanılır. Buna görə də evlərini satmaq istəyənlər var. Amma sənədləri olmadığından evləri sata bilmirik. İki ildir bina qeydiyyatsız, yəni havada qalıb. Nazirlər Kabinetinin sərəncamı, dövlət vəsaiti hesabına inşa edilən binanın sənədləri yoxdur”.
Süründürməçilikdən bezən sakinlər məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirmək niyyətindədir.
Zığda daha bir aksiya isə evləri qəzalı vəziyyətində olanlar tərəfindən keçiriləcək.
Qeyd edək ki, Zığ qəsəbəsində daha 100 fərdi ev və iki bina da qəzalı vəziyyətə düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təsdiq edir ki, ölkə ərazisində müşahidə olunan yağışlı və şaxtalı hava şəraiti nəticəsində sürüşmə sahələrini aktivləşdirib.
Ərazidəki mənzillərə baxış keçirən ekspertlər evlərdə və yollardakı ümumi çatlarda genişlənmələr olduğunu təsdiqləyiblər.
Sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər virtualaz.org saytına bildiriblər ki, evlərin əksəriyyəti uçmaq üzrədir: “Son bir ildə hər ay Nazirlər Kabinetinə gedirik. Bizə müraciətlərin Maliyyə Nazirliyinə göndərildiyini deyirlər. Evlərin uçması nəticəsində baş verəcək fəlakətə görə məmurlar günahkar olacaqlar”.


