banner
banner

Sosİal

“Lamiyə işi”ndə Aslanovun hədələdiyi vəkil danışdı – “şəhid olmağa hazıram”

“Lamiyə işi”ndə Aslanovun hədələdiyi vəkil danışdı
Məhkum Lamiyə Quliyevanın 4 saylı Cəzaçəkmə Müəssisəsində ana olması xəbərinin yayılmasından 1 ay ötdü. Amma həqiqət anı ortaya çıxmadı. Bu gün də Elnur Rəsulov adlı məhkumun uşağın atası olması mübahisəlidir. 
 
 
 
E.Rəsulov L.Quliyeva ilə birbaşa təmasının olmadığını, övladının dünyaya məktubla (?!) gəldiyini iddia edir, məhkum qadın isə birbaşa təmasdan danışır. L.Quliyeva ana olandan sonra Penitensiar Xidmət məsələnin araşdırıldığını bəyan edib. Baş Prokurorluq da iş üzrə araşdırma apardığını açıqlayıb. 
 
Lamiyə və Vüqarın üzləşdiyi işgəncələri araşdıracaqlar? 
 
2 dövlət qurumunun başı araşdırmalara qarışdığı bir vaxtda L.Quliyevanın, onun keçmiş nişanlısı Vüqar Əliyevin həbsdəykən üzləşdikləri qanunsuzluqlar, işgəncələr haqda məlumatlar yayılmağa başlayıb. 
 
L.Quliyevanın anası Kifayət Quliyeva qızının dəfələrlə intihara cəhd etdiyini açıqlayıb. Deyib ki, qızına həbsdə ikin A.Aslanov tərəfindən təzyiqlər olunub, L.Quliyeva buna görə qollarını doğrayıb, hətta özünü asıb!
 
V.Əliyev isə vəkili vasitəsi ilə “Yeni Müsavat”a açıqlamasında deyib ki, onu həbs edərkən A.Aslanov öldürmək əmrini verib, onun əmri ilə döyülüb, ağzına tapança ilə vurub, dişlərini sındırıb, başına güldan çırpıblar.
 
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı hüquq mühafizə orqanlarına sorğu ilə müraciət edib və mətbuatda yer alan iddiaların araşdırılıb-araşdırlmaması ilə bağlı dəqiqləşdirməyə çalışıb. Müvafiq dövlət qurumlarından bildiriblər ki, iş üzrə araşdırmalar aparılır və yaxın vaxtlarda nəticəsi haqda ictimaiyyətə məlumat veriləcək.   
 
Aslan Aslanov “Lamiyə işi”ndə vəkili təhdid edib, hədələyib
 
Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov Vəkillər Kollegiyasına məktub yazıb. A.Aslanov Lamiyə Quliyevanın keçmiş nişanlısı, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədovun cəzalandırılmasını tələb edir. 
Redaksiyamıza daxil olan məlumatı vəkil təsdiqləyib. Deyib ki, A.Aslanovun ərizəsi haqda ona məlumat veriblər: “Aslan Aslanov Vəkillər Kollegiyasına barəmdə şikayət ərizəsi göndərib. Yazır ki, guya mən onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etmişəm”. 

“Mənə təzyiq edə biləcəyinizi düşünürsüzsə...”
 
Vəkil deyir ki, Aslanov VK-ya göndərdiyi məktubun altına imza atmazdan əvvəl onu təhdid edib, hədə-qorxu gəlib:  “Mən ona müraciət edirəm. Yoldaş Aslanov. Hüquqlarını müdafiə etdiyim şəxsi müdafiə edərkən lazım olan faktların, yeni halların araşdırılması istiqamətində bir hüquqşünas kimi axtarışlar aparmağım mənim vəzifə borcumdur. Düşünmürdüm ki, bu sadə həqiqət barəsində məlumatsızsınız. Əziyyət çəkməyin. Mənə qarşı təhdid və hədə-qorxularınız nəticə verməyəcək. Bir neçə gün əvvəlki hədələrinizə, təhdidlərinizə də əhəmiyyət vermirəm. Vəkillər Kollegiyasına əsassız şikayət ərizəsi verməklə mənə təzyiq edə biləcəyinizi düşünürsüzsə, yanılırsınız! Hüquqlarını müdafiə etdiyim şəxsin müdafiəsi istiqamətində əldə etdiyim və eyni zamanda cəmiyyətimizə məlum olan faktlar sizin maraqlarınıza zidd ola bilər. Vüqarın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimə maneəçilik törətmək kimi mənasız işdən də əl çəkin!” 
 
“Ədalətin bərqərar olması uğrunda şəhid olmağa da hazıram!”
 
Vəkil deyib ki, Aslanovdan əvvəl də barəsində şikayət edənlər olub: “Bir qisim şəxslər var ki, çəkişdikləri tərəfin vəkilinin olmasını belə qəbul etmirlər. Təəssüf ki, Aslanov da belələrindəndir. O da digərləri kimi hüquqlarını müdafiə etdiyim şəxsin vəkili olmasını qəbul etmək istəmir,  mənə qarşı Vəkillər Kollegiyasına əsassız şikayət ərizəsi göndərib. Təbii ki, onun ərizəsi də digərləri kimi rədd olunub. Aslanov öz-özlüyünüzdə belə təzyiq göstərməklə fikirləşir ki, Vüqar Əliyevin müdafiəsinin həyata keçirilməsinə maneəçilik törədəcək. Lakın çox yanılır! Çünki Vüqar Əliyevin müdafiəsi tərəfimdən sırf qanuni yolla və faktlarla həyata keçirilir. Diqqətinizə çatdırmaq istərdim ki, siz bu addımı atmaqla mənim prinsipiallığımı daha da sərtləşdirirsiniz. Düşünməyin ki, köməksiz, çarəsiz, arxa-dayaqsız, hüquqi savadları aşağı səviyyədə olan insanları həbsxanalarda dustaq etdirməklə, sifarişlərlə qadın, yeniyetmə, cavan, yaşlı – bir sözlə sadə Azərbaycan vətəndaşlarının həbs olunmasına nail olmaqla haqq üzərində qələbə çalmısınız. Siz lap əvvəldən uduzmusunuz. Dövlətin sizə inamından sui-istifadə edəndə, dövlətin gücündən şəxsi məqsədləriniz üçün istifadə edəndə uduzan tərəf olmusunuz... 
 
Bilin ki, təxribatlarınıza qarşı özünümüdafiə gücünə malik daha cəsarətli Azərbaycan vətəndaşları var. Hətta hüquq-müdafiə fəaliyyətimin həyata keçirilməsi zamanı ədalətin bərqərar olması uğrunda şəhid olmağa da hazıram!” 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.