Xırdalan şəhərində “AAAF Park” kompleksində yerləşən canlı heyvanlarla təmas qura biləcək ideal məkan “Zooland” heyvanxanasının açılış mərasimi keçirilib. Təşkilatçı və adıçəkilən məkanın marketinq meneceri Lala xanımın (Lətafət Cəfərova) təşkilatçılığı ilə keçirilən tədbirdə stilist Samiraldo (Samir Əliyev), əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənnilər Aytac Vidadiqızı, Aygün Ağayeva, Məcid Şamiloğlu, o cümlədən balaca Nuray və valideynləri iştirak ediblər.
L.Cəfərova açıqlamasında bildirib ki, “Zooland”in fəaliyyət göstərməsində məqsəd uşaqları pis vərdişlərdən uzaq tutmaq, xüsusilə saatlarla kompüter qarşısında olmaqdan ayırmaqdır:
“Burada uşaqlar nəzarətçilər sayəsində canlı heyvanlarla təmas quracaqlar və heyvanlara qarşı sevgi hissiylə yanaşacaqlar. Bu da onlara xoş təsir bağışlayacaqdır. Uşaqlarda heyvanlara qarşı mənfi fikirlər formalaşmasın deyə, onlar maarifləndiriləcəklər.”
Şaxta Baba, şən klounlar və animatorların qatıldığı tədbirdə meymunun kübarlara layiq çəngəl ilə tort yeməsi və Samiraldo ilə tropik quşunun birlikdə qışqırması maraqlı anlardan olub.


