Qış fəslini şaxtasız və qarsız başa vurmaqdayıq. Adətən daha sərt keçən fevral ayını da mülayim şəkildə yola saldıq. Bəzən belə situasiyalarda “qış gecikib” deyirlər. Təcrübə də göstərir ki, bəzən mart ayı qarlı, şaxtalı hava ilə müşayiət edilir. Qeyd edək ki, qonşu Rusiya və Türkiyədə bu günlərdə qar yağmağa başlayıb.
Hətta Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) Moskva və Moskvaətrafı vilayətlərdə hava şəraitinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edib: “Anomal soyuqların isti iqlim normasından 15-18 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın temperaturu gecə 27-22, bəzi yerlərdə isə 32 dərəcə aşağı olacaq”.
Qonşu ölkələrdə havaların kəskin soyuması insanlarda suallar yaradıb ki, gerçəkdənmi qış geri qalıb və mart, aprel ayları şaxtalı, qarlı keçə bilər?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ( ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova yaxın iki gün ərzində hava şəraitində heç bir dəyişiklik olmayacağını deyib: “Mart, aprel aylarının soyuq, şaxtalı keçib keçməyəcəyi ilə bağlı nəsə demək bir qədər tezdir. Amma fevral ayı bir qədər mülayim keçdi və yağıntılı oldu. Yağıntılar da yağış şəklində oldu. Şaxtalı hava şəraiti Bakıda müşahidə olunmadı. Lakin bölgələrdə şaxta da oldu, yağış da yağdı. Dağ və dağətəyi rayonlarda isə yağıntı əsasən qar şəklində oldu. Bəzi yerlərdə bu intensiv oldu. Lakin paytaxtda isə yağıntı yağış şəklində oldu. Amma ”qış arxada qaldı" demək bir qədər tezdir".
Martın 1-nə olan hava proqnozlarına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.


