banner
banner

Gündəm

Qəzetlərin satış və reklam problemlərinin həlli yolları

Qəzetlərin satış və reklam problemlərinin həlli yolları

Gündəmin əsas mövzularından biri də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum və ona müvafiq olaraq qəzet satışının bərpa edilməsidir.

Belə ki, qəzetlər üçün minimum 5 000 tiraj və 2 000 yayım tələbi qoyulub. Lakin tirajın artması yeni satış məkanlarının açılmasını da zəruri edir. Media kapitanlarının görüşündə və müzakirələrində səslənən fikir də budur ki, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Bundan başqa, tirajın artması və qəzetçiliyin daha keyfiyyətli mərhələyə qədəm qoyması əlavə xərclərin yaranması deməkdir.  Belə olan halda qəzetlərin ayaqda durması üçün reklam bazarının genişləndirilməsinə ehtiyac var.

Son olaraq Mətbuat Şurasının  sədri, deputat Əflatun Amaşov da Milli Məclisdə bu məsələni qaldırıb və mətbuatın yeni durumu ilə bağlı tezisləri müvafiq dövlət qurumlarının nəzərinə çatdırıb.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli  də bildirdi ki, bu məsələ Milli Məclisdə hökumət qarşısında qaldırılıb və həlli ilə bağlı müəyyən qərarlar verilə bilər: “Mətbuat Şurasının İdarə Heyətində də metroda qəzet satışının bərpası və  reklam bazarının formalaşması məsələsi çox geniş şəkildə müzakirə olundu. Çap mediasının yayımı ilə bağlı problemlər, qəzet köşkləri ilə bağlı məsələ ortaya çıxanda  dəfələrlə müzakirələr olub. Bu dəfə isə KİVDF-nin son açıqlamasından  sonra məsələ bir daha aktuallaşıb və Mətbuat Şurasının İdarə Heyətində müzakirə edilib. İdarə Heyətinin müzakirəsindən sonra təkcə yayımla bağlı deyil, ümumiyyətlə, çoxsaylı təkliflərdən ibarət paket hazırlanıb. Bu paketdə  medianın gəlir mənbələrinin artırılması üçün çoxsaylı təkliflər öz əksini tapıb. Bunlardan biri yayım işidir. Peşəkarlar bildirir ki, ən yaxşısı metro yayımlarıdır. Ancaq Mətbuat Şurası təkcə metrolarla bağlı təklif verməyib, ümumiyyətlə, yayım sənayesinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər olub”.

İlgili resim

M.Ələsgərlinin sözlərinə görə, təkliflər həm  metroda qəzetlərin satışının bərpası, həm də  ucqar rayonlara və dağ kəndlərinə qəzetlərin çatdırılması ilə bağlıdır: “Həmçinin insanların intensiv hərəkət etdiyi yerlərdə, oxucu auditoriyasının geniş olduğu hər yerə qəzet çatdırılması üçün təkliflər olub. Təkliflərdə o  da qeyd olunub ki, köşklərin sayı da yetərli deyil. Adambaşına düşən köşklərin və qəzet satışı məntəqələrinin sayına görə də bizdə məhdudiyyətlər var. Söhbət iri köşklərin qoyulmasından getmir. Əhalinin intensiv hərəkət etdiyi yerlərdə mobil satış məntəqəsi qurmaq olar və ya əldə yayım təşkil etmək olar. Bu həm insanların hərəkətinə mane olmaz, həm də qəzetlərin satışını təmin etmək mümkün olar. Qəzetlərin ənənəvi oxucuları olan rayonlara, kəndlərə çatdırılması məsələsi də aktualdır. Orada həmçinin reklam bazarında münasibətlərin tənzimlənməsi ilə bağlı təkliflər olub”.

Sədr müavini onu da diqqətə çatdırdı ki, mətbuatın reklam  məsələsi də yerində deyil və Azərbaycanın iqtisadi inkişafına uyğun gəlmir: “Mediaya verilən reklamın göstəricisi reklam bazarı ölkənin iqtisadi inkişafı ilə ziddiyyət təşkil edir. Ona görə də Mətbuat Şurası bu sahədə müəyyən tənzimlənmənin olması ilə bağlı təkliflər verib. Bu, təkcə kampaniya xarakterli deyil və  KİVDF şərtləri dəyişdiyi üçün ortaya çıxmayıb. Bu məsələ zaman-zaman gündəmə gəlir. Bu şərtlər dəyişsə də, dəyişməsə də, biz hesab edirik ki, çap medianın yaşaması üçün bu addımların atılmasına zərurət var. Eyni zamanda o təkliflər paketində yer alan elə maddələr var ki, təkcə çap mətbuatı üçün deyil, ümumiyyətlə, onlayn media ilə bağlı da müəyyən məsələlər var ki, öz əksini tapmalıdır. Reklam məsələsinin həll olunması həm çap mətbuatının, həm də elektron medianın yaşaması üçün zəruri olan şərtdir. Əflatun Amaşov  Mətbuat Şurasının İdarə Heyətinin iclasında olan  məsələni ümumiləşdirib parlamentdə səsləndirdi. Parlamentdə edilən müraciətləri dövlət strukturları da eşidir və nəzərə alırlar. Ümumiyyətlə, Azərbaycan media məkanının inkişafı naminə bu təkliflər qəbul olunmalıdır. Bu məsələ təkcə Mətbuat Şurası və KİVDF-nin səlahiyyətində  deyil. Ona görə də müvafiq dövlət qurumları buna reaksiya verməlidirlər, həmçinin məsələlərin müsbətə doğru dəyişməsi üçün öz səlahiyyətlərindən istifadə etməlidirlər”.

Qeyd olunan məsələlərin həlli ilə bağlı qərarların verilməsinə gəlincə, M.Ələsgərli vurğuladı ki, bu məsələlər dövlət strukturlarından asılıdır: “Reklam məsələsi birmənalı şəkildə dövlətdən asılı deyil. Dövlət qurumları  öz büdcələrində nəzərdə tutulan reklam vəsaitini düzgün bölüşməsini təmin etməklə bu sahədə stimullaşdırıcı rol oynaya bilərlər. Ancaq onlar yalnız stimul ola bilərlər, çünki reklamverənlər yalnız dövlət qurumları deyil, özəl müəssisələr də var. Və ya xüsusi bir mexanizm yaratmaqla, reklam və sosial elanların paylanmasında  bir nizam yaratmaq olar. Xüsusi bir struktur yaradılsa da, burada dövlət qurumlarının üzərinə  müəyyən işlər düşür”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.