“Hər I qrup əlilin yanında, ona xidmət edən, həyatını ona həsr edən bir insan var ki, illərdir təmənnasız çalışırdılar. Onlar əlil şəxsə xidmətdən başqa heç bir iş görə bilmirdilər. Prezident fərmanında I qrup əlillərə xidmət edənlərin də nəzərə alınması, ayrıca təqaüdün təsis olunması və həmin şəxslərə əmək stajının yazılması bu fərmanda nə qədər incə və həssas məqamların nəzərə alındığının göstəricisidir”.
Bu sözləri Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, I qrup Qarabağ qazisi Firidun Məmmədovdövlət başçısının sosial islahatlar paketinin mahiyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, Qarabağ əlillərinin sosial vəziyyətinin yaxşılaşmasında dövlət başçısı İlham Əliyevin apardığı islahatlar xüsusi önəm daşıyır: “Prezidentin imzaladığı sosial islahatlar paketi son illərdə aparılan islahatların ən dolğunu və ən tutarlısı idi. Bu günə qədər bir dəfəyə bu qədər artımın olması müşahidə olunmamışdı. Bu onu göstərdi ki, Ali Baş Komandanımız müharibə əlillərinə xüsusi diqqət ayırır. Artımların əksər hissəsi şəhid ailələrini və qazilərimizi qane etdi.
Daha az müavinət alan həqiqi hərbi xidmət çağırışçıları var idi ki, onlarda artım daha çox oldu, aldıqları müavinət 90 manatdan 150 manata qalxdı, prezident təqaüdü də 70 manat artdı. I qrup əlillərdə təxminən 200 manata yaxın artım oldu. Hərbi qulluqçularda və əmək pensiyasına çıxmış Qarabağ müharibəsi əlillərinin aldıqları vəsait qrupundan asılı olaraq artımlar 70 -110-120 manat artmış oldu. Bu Qarabağ əlillərinin həyatında müəyyən maddi sıxıntılar var idi ki, bu sosial artımlar onların həllində müsbət rol oynadı. Müharibə veteranlarının aldığı müavinət prezident təqaüdü şəklində 80 manata qalxdı”.
“Bu, Azərbaycan təcrübəsində bir ilk idi ...”
F.Məmmədovun sözlərinə görə, I qrup Qarabağ qazilərinə xidmət edən, həyatını onlara sərf edən insanlar var idi ki, onlar heç bir yerdə işləyə bilmirdilər, maddi gəlirləri yox idi: “Onlara prezident təqaüdünün ayrılması Azərbaycan təcrübəsində bir ilk idi. Əvvəllər I qrup əlillərə 11 manat xidmət pulu nəzərdə tutulurdu və pensiyanın içində verilirdi, çox adam onun nəyə görə verildiyini bilmirdi. Artıq bu təqaüd 50 manat miqdarında müəyyənləşib. Bu xidməti göstərən insana əmək stajı da yazılacaq və gələcəkdə bununla pensiyaya çıxa biləcək. Bu, təkcə müharibə əlillərinə deyil, I qrup olan bütün əlillərə aiddir. Xidmətçilərə bu cür təqaüdlərin verilməsinə başlanıldısa, gələcəkdə bu, artan xətlə davam edəcək”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin sosial islahatlar paketinin uğurlu nəticələri kimi cari ildə ümumilikdə 3 milyondan artıq insanın sosial rifah halında müsbət dəyişiklik oldu: “Dövlət başçısı 2019-cu ilin əhalinin sosial müdafiəsi baxımından fərqlənən bir il olacağını bəyan edib. Ölkə əhalisi artıq bunun əməli şəkildə öz təsdiqini tapdığını görür. Bunlardan biri Prezident İlham Əliyevin fevralın 8-də imzaladığı sərəncamla minimum əmək haqqının məbləğinin təxminən 40 faiz artırılaraq 180 manat müəyyən edilməsi oldu və sərəncam 2019-cu il martın 1-dən qüvvəyə mindi. Minimum əmək haqqının artımı 600 minədək insanı əhatə etdi. Dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım oldu. Minimum əmək haqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldilib. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərdi. Bu həm də işçilərin gələcəkdə sosial təminatının güclənməsinə də təsir göstərir, işçinin hesabındakı pensiya kapitalı artır. Bu da onun gələcəkdə işsizlikdə sığorta ödənişinin və pensiya təminatının çox olması baxımından əhəmiyyətlidir. Digər bir addım isə əmək pensiyasının minimum məbləğinin 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunmasıdır. Bu addımla 233 min nəfərin pensiyasında artıma nail olunub. Bu da həmin şəxslərin sosial rifahını gücləndirib. Nəticədə 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım baş verib. Əmək pensiyasının minimum məbləğinin artırılmasından sonra Azərbaycan MDB məkanında pensiyanın məbləğinə görə ilk iki yeri bölüşdürür. Minimum pensiya məbləğinin artırılması üçün illik 49 milyon manat vəsait ayrılıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, dövlət başçısının sosial islahatlar proqramının uğurlarından biri də sosial müavinət və təqaüdlərin artırılması oldu: “Prezident İlham Əliyevin aprelin 15-də imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin etdi. Bu qərarlar orta hesabla 600 min nəfər insanı, o cümlədən 300 min nəfər əlilliyi olan şəxsi əhatə edib. Bunun üçün də illik 4 milyon manat vəsait ayrılıb ki, bununla da büdcədən sosial müavinət və təqaüdlərin verilməsi üçün ayrılan vəsait illik iki dəfə artırılıb. Bəzi yeni təqaüd növləri də formalaşıb. I dərəcə əlilliyi olan şəxslərə verilən aylıq müavinətin məbləği 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılıb. Eyni zamanda I qrup əlillərə və əlilliyi olan uşaqlara qulluq edənlərə 50 manat təqaüd ayrılıb. 80 min nəfərə yaxın müharibə veteranına aylıq 80 manat prezident təqaüdü təsis olunub”.
F.Talıbov Azərbaycan prezidentinin ölkənin hər bir vətəndaşının yanında olduğunu da vurğuladı: “Prezidentin aylıq təqaüdü fərmanın əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə - 230 manat, III dərəcə əlilliyi olan şəxslərə - 210 manat müəyyən olunub. I qrup əlilli olan şəxs 150 manat aylıq sosial müavinət, 100 manat prezident təqaüdü alır və ona qulluq edən şəxs də 50 manat təqaüd alır. Yəni ümumilikdə bu məbləğ 300 manata çatır. Müharibə əlillərinə verilən Prezidentin aylıq təqaüdünün məbləği I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə - 230 manat, III dərəcə əlilliyi olan şəxslərə - 210 manat müəyyən olunub. Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manata, ailə başçısını itirməyə görə 80 manata (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manata (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyən olunub. Şəhid ailələri üçün Prezident təqaüdü də artırılaraq, 242 manatdan 300 manata çatdırılıb. Həmçinin başqa bir fərmanla şəhid ailələrinə və vərəsələrinə birdəfəlik ödəmələr, 11 min manatın verilməsi həyata keçirilib. Bu fərman 12268 şəhidin vərəsələrinin birdəfəlik ödənişi almaq hüququ müəyyən olunub əhatə edib və ödəniləcək vəsaitin həcmi 135 milyon manat olub. Prezidentin fevralın 26-da imzaladığı sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb, müvafiq olaraq, 33 və 60 manata çatdırılıb. Problemli kreditlərin həlli ilə bağlı prezident fərmanı da əhalinin sosial vəziyyətinin yaxşılaşmasında müsbət rol oynayıb, 800 mindən çox insan bu fərmanda faydalanıb. Bu da Azərbaycan prezidentinin ölkənin hər bir vətəndaşının yanında olduğunu göstərir.
Önəmli yeniliklərdən biri də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin tətbiqidir: “İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqi genişləndirilir. Cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla, əlilliyə görə pensiya təyinatlarının da elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb. Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur. Mühüm məqamlardan biri də ”DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması oldu ki, bu layihə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək".
“Daha dərin islahatlara da start verilib...”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da vurğuladı ki, bu sosial islahatlar paketi çox böyük bir əhatə dairəsinə malikdir: “Bu islahatlara 2,5 milyard manat vəsait xərclənib. Bu, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün atılan addımlardır. Ölkədə gedən islahatların bir qolu olan sosial islahatlar paketi həyata keçirilir. Cəmiyyətdə də buna çox müsbət münasibət var. İnsanların sosial rifahını yaxşılaşdırmaq üçün atılan addımlar çox müsbətdir. Paralel olaraq digər sahələrdə də müsbət islahatlar həyata keçirilir. Məhkəmə-hüquq sistemində, problemli kreditlər sahəsində aparılan islahatlar da sosial vəziyyətə birbaşa təsir göstərir. İslahatların uğurlu olması üçün bütün sahələrdə, həm iqtisadi, həm də siyasi istiqamətdə aparılması çox vacibdir ki, insanlar bundan daha yaxşı faydalana bilsinlər. Əsas məqsəd insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Aparılan islahatlar, verilən fərman və sərəncamlar bir daha onu göstərdi ki, dövlət bu məsələdə israrlıdır, daha dərin islahatlara da start verilib. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqı ilə saziş imzalamağa hazırlaşır, bu da islahatların dərinləşməsi üçün çox böyük əhəmiyyət kəsb edir”.
İqtisadçı alim Vüqar Bayramov sosial islahatların davamlı olacağını vurğuladı: “Azərbaycan prezidenti sosial islahatların davam edəcəyini bildirib, eyni zamanda qeyd edib ki, əmək haqqı və pensiyalarda artım növbəti dövrlərdə də davam etdiriləcək. Sosial paketin təqdim edilməsi ilə yanaşı sosial islahatların davam etdirilməsi olduqca təqdirəlayiqdir. Hesablama Palatasının rəyinə əsasən 2019-cu ilin mövcud büdcə gəlirləri kontekstində dövlət büdcəsindən maliyyələşənlərin əmək haqlarının orta hesabla 10 faiz artırılması mümkündür.
Həssas qruplarla bağlı atılan addımlar çox vacibdir. Növbəti dövrdə də orta təbəqə hesab edilən vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı addımların artılmasına ehtiyac var".
Qeyd: Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim olunur.


