banner
banner

Gündəm

“Jurnalistlərə birbaşa ev verilməyib axı...” - Vüqar Səfərli: “Bunlar xidməti ev kimidir”

“Jurnalistlərə birbaşa ev verilməyib axı...”

“O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli  yenicag.az-a müsahibəsində jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəblərini açıqlayıb.

– Şəhərsalma və Arxitektura Komitəsi jurnalistlər üçün inşa edilmiş ikinci binanın istismarına icazə versə də, Əmlak Komitəsindən bildirilib ki, mənzillərə çıxarış verilməsi üçün KİV-ə Dövlət Dəstəyi Fondundan onlara əlavə sənədlər təqdim olunmalıdır. Söhbət hansı sənədlərdən gedir?

– Bilirsiz, məsələ necədir? Bu, dövlət aktıdır, verilib ki, bina istismara hazırdır. O bina dövlətin əmlakıdır. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, “kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı…

– Bu məsələni Əmlak Komitəsindən yuxarıda qeyd olunduğu kimi izah etdilər…

– Komitədən zəng etmişdilər, mən də dedim ki, buyurun, “kupça”ları verin də, görək, necə verirsiniz…

– Yəni indiki mərhələdə Komitənin sizə təqdim etməli olduğu sənədlər var?

– Əvvəla, o sənədlər hazırlanmalı və binaya ümumi “kupça” verilməlidir. Bundan sonra görək, o mənzillər jurnalistlərə hansı formada veriləcək… Bu, xidməti ev kimi bir şeydir… Dövlətin əmlakıdır. Bunu elə-belə götürüb vermək olmaz, başa düşürsünüz? O məsələni bu gün Qulu müəllimlə (Dövlət Əmlak Komitəsi mətbuat xidmətinin rəhbəri – red.) danışdım ki, öz rəhbərlikləri ilə müzakirə edib aydınlaşdırsınlar, bu işi necə etmək olar? Keçən dəfə (jurnalistlərin 1-ci binası – red.) bu işlər başqa formada oldu. İndi qaydalarda dəyişikliklər var. O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur. Siyahı tutulub, Aparatla, Prezidentlə razılaşdırılıb və Fondun İdarə Heyətinin qərarı ilə verilib. Ancaq biz o mənzillərə əlavə bir sənəd verə bilmirik axı…

– Yaxşı, bu məsələnin çətinliyi nədədir?

– Bu məsələlər Əmlak Komitəsi ilə həll olunmalıdır. O mənzillər jurnalistlərə birbaşa verilə bilməz. Dövlət əmlakıdır, keçən dəfə biz onu özəlləşdirdik, ondan sonra danışıldı, Əmlak Komitəsi ilə razılaşdırıldı ki, onlar qəbul etsinlər… Mənzillər elə bil, hədiyyə kimi verildi. Bu prosesdə sənədlər hazırlanmalıdır. Onu birbaşa vermək olmaz. Onlara da dedim ki, edə bilirlərsə, etsinlər, etirazım yoxdur.

– Jurnalistlərin 1-ci binasında “kupça”ların verilməsi prosedurunu indi təkrarlamaq mümkün deyil?

– Yenə deyirəm ki, orada müəyyən məqamlar var, qanunlara dəyişiklik edilib. Mən də ona görə Qulu müəllimə dedim ki, öz rəhbərliyi ilə danışsın, hansı formada və necə edək. Bu işi onlar etməlidir. Bizə bunun yolunu göstərsinlər, edək. Bir də ki mən başa düşə bilmirəm, axı binanın istismarına icazə verilib, istənilən mənzil sahibi müraciət edə bilər, gəlsinlər, hansı mənzilin onlara aid olmasına dair arayış verək. Onlar o arayışla mənzilə qeydiyyata düşə bilər. Yəni bina istismara qəbul edildikdən sonra, artıq o problem yoxdur. “Kupça” isə ikinci məsələdir. Dövlət verən evlərə baxmayın, bunlar xidməti ev kimidir. Birinci ora özəlləşdirilməlidir, “kupça”sı alınmalıdır, sonra bağışlanmalıdır. Biz dövlət əmlakını necə bağışlaya bilərik?



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.