Ədliyyə Nazirliyi Penitersiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Əli Azər oğlu Səmədovun anası, Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Gülnaz Mirzə qızı Səmədova oğlunun əlilliyinin təsdiq olunması üçün yardım istəyir. Ölkə rəhbərliyinə ünvanlanan, surəti “Yeni Müsavat”a göndərilən məktubda G.Səmədova yazır ki, övladı Əli Səmədov 2016-cı ilin oktyabrın 8-də Penitersiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Təxminən 7-8 ay sonra Əli Səmədovun bel-onurğa sütununda şiddətli ağrılar başlayıb. Bununla əlaqədar Ə.Səmədov Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicəsi Müəssisəsinə göndərilib.
“Aparılan MRT müayinə baxmayaraq övladımın səhhətində qorxulu heç nə olmadığını dedilər. Ancaq ağrıları getdikcə daha da şiddətlənən övladım Əli Səmədov tez-tez Müalicə Müəssisəsinə göndərilir, müayinə və müalicələr olunurdu. Lakin heç bir faydası olmurdu. 2019-cu ilin sentyabr ayında isə Müalicə Müəssisəsi tərəfindən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərildi. Həkim nevropotoloq, professor Rəna Şirəliyevanın qəbulunda oldu. Həkimin göndərişinə əsasən M.E.Q və M.R.T müayinəsi edildi. Nəticə olaraq aşağı nahiyələrdə polinevropotiya aşkar edildi. Sonra Tibb Baş idarəsinin göstərişi ilə Rəna Şirəliyevanın qoyduğu xəstəlik diaqnozu, həmçinin öncəki müayinə və müalicələrin bütün sənədləri cəm edilərək Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərildi. Lakin onlar, övladım Əli Səmədovun əlavə olaraq ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyac olduğunu deyirlər”.
G.Səmədova yazır ki, yaşca böyük övladı Məhəmmədəli Səmədov 1-ci qrup hərbi əlildir: “2010-cu ildə həkim komissiyası tərəfindən övladım Məhəmmədəli Səmədova 2-ci qrup verildi. Lakin polinevropotiya xəstəliyi sağalmayan və daha da şiddətlənən xəstəliklərdən olduğu üçün övladım Məhəmmədəli Səmədova 1-ci qrup əlillik təyin edildi. Biz hətta İrana belə getdik. Lakin bütün həkimlərin dedikləri tək şey bu oldu ki, bu xəstəlik nəinki sağalacaq, əksinə getdikcə daha da şiddətlənən xəstəlikdir. Çünki bu xəstəlik irsi bir xəstəlikdir. Bu isə bizim bir çox yaxınlarımızda mövcuddur. Yəni Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspertiza komisiyasının ”Əli Səmədovun əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var" rəyinin heç bir əsası yoxdur. Çünki hazırda bu xəstəlik dünyanın heç bir yerində müalicə olunmur. Bir övladım Məhəmmədəli Səmədov 1-ci qrup hərbi əlildir. Kiçik övladım Əli Səmədovda da həmin xəstəlik -polinevropotiya aşkar edilib. Yəni bir övladım belə, digər övladım isə məhkum, eyni zamanda xəstədir".


