"Ölkəmizin strateji valyuta ehtiyatları 4,1% artaraq, 10 ayın nəticələrinə əsasən 88,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu isə kifayət qədər böyük yastıq deməkdir. Bizim strateji valyuta ehtiyatlarımız 40 aylıq mal və xidmətlərin idxalının ödənilməsinə kifayət edir. Birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir".
Cia.az-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, bu, böyük nailiyyətdir və xarici şoklara qarşı böyük bir yastıqdır:
"Sözsüz ki, bu nəticələri cənab Prezident tərəfindən həyata keçirilən düşünülmüş siyasətin nəticəsində əldə edə bilmişik".
Taleh Kazımov qeyd edib ki, dövlət borcunun müvafiq fiskal qayda ilə müəyyən edilmiş həddən aşağıda saxlanılması növbəti ildə də ölkənin beynəlxalq reytinqlərinə müsbət təsir edəcək:
"Azərbaycan orta müddətli perpektivdə də dünyada dövlət borcunun ən aşağı olduğu ölkələrdən biri olacaq".
AMB sədri bildirib ki, büdcə paketində manatın sabit məzənnəsinin makroiqtisadi çərçivənin başlıca elementlərindən biri kimi qeyd edilməsi məzənnə ilə bağlı gözləntilərə müsbət təsir göstərəcək:
"Mövcud meyillər davam edərsə, hesab edirik ki, fiskal sektorun valyuta təklifi valyuta bazarında tələbin ödənilməsinə kifayət etməlidir. Dövlət xərclərinin konservativ artımı inflyasiya proseslərinin nəzarətdə saxlanılması baxımından da əhəmiyyətlidir. Qiymətləndirmələrimizə görə, 2027-ci ildə gözlənilən büdcə xərclərinin inflyasiyaya təsiri cari xərclər üzrə cəmi +0.34 faiz bəndi olacaq. Əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir.
Makroiqtisadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyası mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də Mərkəzi Bank Maliyyə Nazirliyi ilə valyuta bazarında vəziyyətin tənzimlənməsi və likvidliyin idarə edilməsi sahəsində sıx əməkdaşlığı davam etdirəcək".
Musavat.com


