banner
banner

Gündəm

Oqtay Gülalıyevi vuran sürücü danışdı

Oqtay Gülalıyevi vuran sürücü danışdı

Kənan Abdullayev: “Dönəndə fikirli oldum...”

Artıq bir aydır ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev komadadır. Türkiyədə müalicə olunan hüquq müdafiəçisinin nə zaman komadan ayılacağı məlum deyil.

Hadisəni törədən Kənan Abdullayev “AzadlıqRadiosu”na açıqlamalar verib. K.Abdullayev özü haqda sosial şəbəkələrdə yazılanlardan məyus olduğunu deyib: “Görürəm ki, hamı sui-qəsd, təxribat yazır, qəsdən törədildiyini bildirir, məni terrorçu kimi qələmə verirlər. Bu hadisədə sui-qəsd yoxdur. Hadisə vaxtı Oqtay müəllimin dostları da oradaydı. Onu ”Semaşko"ya çatdıranda da oradaydılar. Özləri də gördülər ki, burada sui-qəsd yoxdur. Sadəcə, ehtiyatsızlıqdan olub".

Hadisənin necə baş verdiyi barədə suala o, bu cür cavab verir: “Sadəcə, görmədim. Maşının kor bucağı deyilən yer olur. Dönəndə fikirli oldum, görmədim. Özüm də dərhal mindirib xəstəxanaya aparmışam. Bu qədər şişirtmək, yalan yazmaq... Təxribat, təxribat, sui-qəsd... Dediyim kimi, sırf ehtiyatsızlıqdan olan bir hadisəni insanlar niyə bu qədər təhrif edir, anlaya bilmirəm”.

Sürücü hüquq müdafiəçisini, ümumiyyətlə, tanımadığını söyləyib: “Mən hadisədən sonra onu tanımışam. Onu xəstəxanaya aparanda soruşdum ki, kimsiniz, müəllimə oxşayırsız? Çünki kostyumda, qalstukda idi. Dedi, adım Oqtaydır. Soruşdu ki, məni tanıyırsız? Dedim, yox, tanımıram. Dostları da bilir, onlardan da soruşdum, dedilər, Oqtay Gülalıyev belə-belə insandır”.

K.Abdullayev hüquq müdafiəçisini xəstəxanaya apararkən onun danışdığını da qeyd edib: “Xəstəxanaya aparanda dedi ki, düşür məni, hər şey normaldır, xəstəxanaya getməyə ehtiyac yoxdur. Mən özüm apardım ki, yoxlansın, lazımi yardım göstərilsin”.

Sürücü O.Gülalıyevin yolu tək keçdiyini söyləyir: “Yolu tək keçirdi. Amma dostu yolun o biri tərəfində onu gözləyirmiş. Dostu ”Semaşko"da da mənə dedi ki, yolun o biri tərəfində Oqtay müəllimi gözləyirdim, qəza olanda yaxınlaşdım, gördüm ki, Oqtay müəllim yerdə uzanıb. Onu xəstəxanaya mən öz maşınımda aparmışam, amma xəstəxanaya çatana qədər dostu mənimlə telefonla danışıb. Zəng eləyib soruşurdu ki, haradasız, çatmısız və s."

Sonda sürücü hüquq müdafiəçisini vaxtında xəstəxanaya çatdırdığını deyib: “Mən qəzadan sonra yarım saata aparıb çatdırmışam. Deyirlər ki, guya axşam saat 9-da aparmışam. Niyə olmayan şeyləri danışırlar, yazırlar, başa düşə bilmirəm. Axşam saat 6-ya 20 dəqiqə işləmiş qəza olub. Oqtay müəllim ayağa qalxana, maşına minənə qədər bir qədər vaxt keçdi. Təxminən 6-nın yarısında aparmışam. 7-yə uzağı 5-10 dəqiqə işləmiş artıq xəstəxanada idik. Xəstəxananın kamera görüntüləri var, onlara baxmaq olar. Mənim dostum orada olub, Oqtay müəllimin öz dostları... Bunu sübut eləmək elə də çətin deyil axı. Yəni saat 9-da aparıb çatdırmağım yalandır.

Bu arada hüquq müdafiəçisinin müalicəsini üzərinə götürən  Heydər Əliyev Fondu açıqlama yayıb.

Açıqlamada deyilir: “Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı fonda müraciət edib. Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda fondun ekspert şurası tərəfindən müzakirə olunmuş və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir. Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.