Paytaxtımızda qlobal iqlim dəyişikliyinin təsirləri müzakirə olundu
Noyabrın 27-də Bakıda “İqlim dəyişmələri və Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın təşkilatçısı Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR olub.
Tədbirdə çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycanın Paris razılaşmasına 2016-cı ildən qoşulduğunu bildirib. Onun sözlərinə görə, neft hasilatı zamanı quyulardan neftlə birlikdə çıxan səmt qazının atmosferə atılmasının azaldılması iqlim dəyişməsi təsirinin yumşalması sayəsində göstərilən mühüm tədbirlərdəndir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Azərbaycan Paris razılaşmasına qoşularaq 2030-cu ilədək istilik effekti yaradan qazların həcmini 35 faiz azaltmağı öhdəsinə götürüb. Ölkədə atmosferə atılan qazların əsas mənbəyi nəqliyyat vasitələridir. Bunun da əsas səbəbi avtomobillərin sayının sürətlə artmasıdır. Nazirin dediyinə görə, Heydər Əliyev adına neft emalı zavodunda həyata keçirilən yenidənqurma işləri nəticəsində ekoloji standartlara daha çox cavab verən yanacaqların istehsalına başlanacaq. Bu, atmosferə atılan zərərli qazların həcminin azaldılmasına imkan verəcək.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev ekoloji problemlərin həlli üzrə şirkət tərəfindən kompleks tədbirlər proqramının həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, dünya qlobal iqlim dəyişikliklərinin fəsadlarını ötən əsrin 90-cı illərindən təhlükə kimi qəbul edərək bir sıra addımlar atmağa başlayıb. Bu addımlar bir çox hallarda effektiv olmayıb. Nəhayət, 2015-ci ildə Paris razılaşması qəbul edilib.
Şirkət rəhbərinin sözlərinə görə, neft-qaz hasilatının intensiv inkişafı bütün hasilat ölkələrində ətraf mühit üçün bir sıra problemlər yaradıb: “Müstəqilliyimizin ilk illərində istilik effekti yaradan qazların həcmi azalıb. Bunun səbəbi iri sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyətini dayandırması idi. Lakin sənaye və neft-qaz hasilatının artması nəticəsində 2005-ci ildən etibarən bu həcm artmağa başlayıb. Buna görə də SOCAR olaraq atmosferə atılmış zərərli qazların həcminin azaldılması prosesinə yaxından dəstək veririk. İndiyədək 2 min hektardan çox ərazi tullantılardan təmizlənib, yaşıllıqlar salınıb. SOCAR atmosferə atılan səmt qazının azaldılması öhdəliyinə tam əməl edir”.
Dünya Bankının Azərbaycandakı ölkə meneceri Navid Naqvi bildirib ki, Paris razılaşması dünyada inkişafa böyük töhfə verir: “Biz 2050-ci ilədək 9 milyard əhalini qidalandırmalı olacağıq. Bunun üçün davamlı iqtisadi inkişafla yanaşı, bütün ölkələr Paris razılaşmasından irəli gələn tələblərə riayət etməlidilər. Dünya Bankı ölkələrə bu sahədə milli fəaliyyət planlarının hazırlanmasında dəstək verir”.
BMT İnkişaf Proqramının nümayəndəsi Alessandro Frakasetti bildirib ki, bu, Paris razılaşmaları ilə bağlı Azərbaycanda ilk beynəlxalq konfransdır: “BMT İP olaraq biz iqlim dəyişikliyini bəşəriyyətin üzləşdiyi ən böyük təhlükə hesab edirik. 2018-ci il tarixdə ən yüksək temperatur qeydə alınması ilə yadda qaldı. İstiləşmə tək problem deyil, müxtəlif ərazilərdə çox kəskin hava şəraiti müşahidə olunmaqdadır. Bu prosesdən sıravi vətəndaşlar böyük əziyyət çəkirlər - evlərindən məhrum olurlar, su, qida çatışmazlığı yaşayırlar. Bunun qarşısını almaq üçün hamımız var gücümüzlə çalışmalıyıq. BMT Baş katibinin dediyi kimi, bizim ”B" planımız yoxdur, çünki başqa planetimiz yoxdur. 2030-cu ilədək atmosferə atılan istilik qazlarının həcmi 45 faiz azaldılmalıdır. Bunun üçün hər bir dövlət öz milli fəaliyyət planına dəqiq əməl etməlidir. 2030-cu ildı atmosferəı atılan istilik qazlarının həcmi 2016-cı ildəkindən 10,7 faiz çox olacaq. Bu isə o deməkdir ki, biz daha çox çalışmalıyıq".
“Qlobal problemləri gözəl bilmək kifayət etmir. Onları həll etmək üçün qlobal aktivlik də lazımdır”. Bunu isə Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Ceyms Şarp bildirib. Onun sözlərinə görə, Paris razılaşmasından irəli gələn öhdəliklərin müzakirəsi asan keçmir: “Biz üzərimizə daha sərt öhdəliklərin götürülməsində, atmosferə karbon emissiyalarının 0 dərəcəyə endirilməsində qərarlıyıq. Alternativ enerjidən istifadə həcmlərini artımaq niyyətindəyik”.
Səfirin sözlərinə görə, bu sahəyə ildə 100 milyard dollar investisiya qoyulması lazımdır. Bununla bağlı beynəlxalq maliyyə təşkilatları ilə də müzakirələr aparılır ki, vəsaitlər ayrılsın.
Kembric Universitetinin professoru Simon Redfernin fikrincə, mövzu çox aktualdır: “Mən ömrümü ətraf mühitin öyrənilməsinə həsr etmişəm. Bir vaxtlar biz atom bombasının partlamasından qorxurduq: hökumətlər bu halda necə davranmağı öyrədən bukletlər paylayırdılar. Amma indi qlobal təhdid mənbəyi dəyişib, bu, insandır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın dediyinə görə, nazirlik və Milli Elmlər Akademiyası Azərbaycanda son 30 ilin günlük hava temperaturları əsasında təhlillər aparıblar: “Təhlillər göstərir ki, Azərbaycanda son 30 ildə orta illik temperatur 0,3-1,4 dərəcə artıb. Bu, ilk baxışdan yüksək göstərici sayılmaya bilər. Lakin bu artımın yaratdığı fəsadlar xeyli ciddidir. Bu nəticələr nədir: Azərbaycanda temperaturun 30 dərəcədən yuxarı olduğu günlərin, isti hava dalğası (35 dərəcədən yuxarı isti havanın 5 gündən çox davam etməsi) faktlarının sayı artıb. Azərbaycanın Xəzər dənizinin sahiliboyu ərazilərində intensiv yağıntılı günlərin sayı artır, ölkənin əksər bölgələrində isə yağıntıların miqdarı getdikcə azalır. Xüsusilə çayları su ilə qidalandıran dağlıq ərazilərə yağıntının az düşməsi su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu şəraitdə bizim qarşımızda iki mühüm vəzifə durur: getdikcə azalan su ehtiyatlarından səmərəli istifadə etmək, itkilərə yol verməmək, eyni zamanda atmosferə atıan istilik qazlarının miqdarını azaltmaq. Bu iki çağırış yaxın perspektivdə Azərbaycan qarşısında aktual olaraq qalacaq”.


