Bakının bir çox yerlərində küçə ticarəti ilə məşğul olanların sayında artım müşahidə edilir. Belə ki, şəhərin mərkəzdən kənar yerlərində, metro çıxışlarına yaxın ərazilərdə piştaxtalar qurulub, ərzaqlar, telefon aksessuarları satılır. Şəhərin mərkəzi yerlərində də son zamanlar taxtadan xüsusi piştaxtalar hazırlanaraq, Azərbaycanın mədəniyyəti, tarixi haqqında suvenirlərin, şirniyyatların satışı həyata keçirilir.
Ekspertlər bildirirlər ki, hazırkı dövrdə küçə ticarətinin inkişaf etməsi müsbət haldır. Çünki bu üsulla ailəsini dolandıranların sayının artması yoxsulluq səviyyəsinin də aşağı düşməsinə yardımçı olur. Bu cür praktika dünyanın inkişaf etmiş ölkələrində var.
Lakin qanunsuz küçə ticarəti ilə məşğul olanları cərimə gözləyir.
İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı konkret cəzalar tətbiq edilir. 2017-ci ildə qəbul edilən “Qanunsuz küçə ticarəti” adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacağı bildirilir.
Ekspertlər bildirirlər ki, digər iri şəhərlərdə olduğu kimi Bakıda da küçə ticarətçilərinə şərait yaradılmalıdır.

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunda küçə ticarətinin tamamilə ləğv edilməsi məfhumu yoxdur: “Ancaq nəzərdə tutulmamış yerlərdə alver edilməsi qadağandır və bu, məsuliyyət yaradır. Hesab edirəm ki, həqiqətən də bu cür olmalıdır. Kim harada gəldi alver edərsə, bu da camaatın şikayətinə səbəb olar. Ancaq hesab edirəm ki, şəhərlərdə, rayonlarda bələdiyyələr, icra hakimiyyətləri müəyyən yerlər nəzərdə tuta bilərlər ki, orada küçə ticarəti ilə məşğul olanlar toplansınlar. Məsələn, marketlərin az olduğu yerlərdə, məhsul mövsümündə küçə ticarətinə icazə verilməlidir. Bunun üçün də müəyyən şərait yaradılmalıdır. Su olmalı, sanitar qovşaqlar olmalıdır. Hazırda Bakıda yarmarkalar yaradırlar. Kənd təsərrüfatı məhsullarının satışı orada həyata keçirilir. Küçə ticarəti üçün də bunu yaratmaq olar. Elə yer var ki, camaat bir-iki ərzaqdan ötrü şəhərin bir başından digər başına gəlir. Çünki ərazidə mağaza yoxdur. Həmin yerlərdə küçə ticarətçilərinə icazə verilməlidir. Bunun üçün də müəyyən abadlıq işləri aparılmalıdır. Bu, vacibdir, mümkündür və olmalıdır. Lakin müəyyən nəzarətin də olması əsas şərtdir. Biz görürük ki, kənd təsərrüfatı məhsulu satırlar, ancaq gigiyena qaydalarına fikir vermirlər. Hətta tez xarab olan süd, ət məhsulları da satırlar. Əlbəttə ki, bunlara nəzarət lazımdır. Ona görə də hər yerdə icazənin verilməməsinin tərəfdarıyam. Müəyyən qurumlar özlərinə əziyyət verib, bu məsələnin üzərində işləməlidir”.
Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 25 və 32-ci maddələrinə uyğun olaraq hazırlanmış və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərin Bakı şəhəri ərazisində səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətlərini tənzimləyir.
Fərmana görə səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti Bakı şəhərinin parklarında, bağlarında, həmçinin əhalinin istirahətinin təşkil edildiyi digər yerlərdə, küçə və meydanların kənarlarında həyata keçirilə bilər. Səyyari ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, hökumət və idarəetmə orqanları binalarına, tarixi memarlıq və heykəltəraşlıq abidələrinə, uşaq, məktəbəqədər və digər tədris müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.
Fərmana görə, müəyyən edilmiş sahələrdən kənarda səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır. Səyyari ticarət və xidmət zamanı qanunvericiliklə qadağan olunmuş malların satılması, xidmətlərin göstərilməsi, qadağandır. Bunlardan bəzilərini təqdim edirik: qiymətli və yarımqiymətli daşlardan, qiymətli metallardan hazırlanmış məmulatlar; ancaq elektrik şəbəkəsindən qidalanan mürəkkəb-texniki malların (radio, televizor malları, elektrik məişət cihazları və digər elektrik malları); səs gücləndirici cihazlardan istifadə etməklə audio kassetlərin satışı; ət və ət məhsulları;süd və süd məhsulları; balıq və quş, onlardan hazırlanmış məmulatlar; çörək; tez xarab olan ərzaq məhsulları (onları saxlamaq üçün özü hərəkət edən avadanlıqlardan istifadə edilməsi istisna olmaqla) spirtli içkilər və tütün məmulatı...
Fərmana görə, səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər fəaliyyət növünün aparılması üçün müəyyən edilmiş tələblərə və qaydalara əməl etməyə; ayrılmış ərazidən kənarda fəaliyyətə yol verməməyə;
icazə verilmiş fəaliyyət növündən başqa, heç bir digər fəaliyyəti həyata keçirməməyə; ətrafda yaşayan və istirahət edən əhalinin narahatçılığına səbəb olan hərəkətlərə yol verməməyə; ictimai asayişə riayət etməyə; sanitariya normalarına əməl etməyə borcludur.


