Dünyanın zəlzələ ocaqlarında aktivlik müşahidə edilir. Ötən həftə bir neçə ölkədə, eləcə də qonşu Türkiyədə zəlzələ hadisəsi baş verdi. Zəlzələlər nəticəsində binalar uçdu, insan ölümləri, yaralanmalar qeydə alındı. Xüsusilə də zəlzələ hadisəsinin olduğu ərazilərdə əsasən köhnə binalar uçub.
“Yeni Müsavat”a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, yaxın günlər üçün Azərbaycanda güclü zəlzələ proqnozlaşdırılmır: “Azərbaycanda hazırkı vəziyyət normal halda, seysmik fon səviyyəsindədir. Xırda təkanlar hər gün olur. Lakin bunlar hiss edilməyəcək səviyyədədir. Elə bir bölgə yoxdur ki, orada yaxın günlərdə güclü zəlzələnin olacağını söyləyək. Tədqiqatlarımız bunu göstərir”.
İnsanları narahat edən hal yeni tikilən binalarla bağlıdır. Sosial şəbəkələrdə yazan bəzi Bakı sakinləri düşünürlər ki, yeni binalar zəlzələyə qarşı dözümlü deyil.
Bəs əslində real vəziyyət necədir?
“Yeni Müsavat”a danışan Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, Azərbaycanda yeni tikililər tamamilə nəzarət altındadır və zəlzələyə qarşı tam dözümlüdür:
“İnsanlarımız yeni tikilən hündürmərtəbəli binalarda rahatlıqla yaşaya bilərlər. Bunu, həm vəzifəli şəxs kimi, həm də sahə üzrə mütəxəssis kimi deyirəm. Yeni binaların tikintisinə bünövrə qazılan gündən, istismara təhvil verilənə qədər nəzarət edirik. Onların bütün tikinti norma və qaydalarına uyğunluğunu təmin edirik. Ona görə də həmin binalarda zəlzələ zamanı təhlükə yoxdur. İnsanların narahat olmalarına heç bir əsas yoxdur. Yeni binalar yerindən asılı olaraq ya 8, ya da 9 bala uyğun tikilir. Bu, tikilən ərazinin seysmikliyindən və digər bu kimi vəziyyətindən asılıdır”.

Köhnə tikililərə gəlincə isə E. Əsədov bildirib ki, bu məsələ ilə müvafiq qurumlar məşğul olurlar:
“Həmin binalar hansı təşkilatın, qurumların balansındadırsa, onlar öz binalarının vəziyyətindən cavabdehdir. Əgər hər hansı bir təhlükə görürlərsə, bununla bağlı müraciət etməli, təmir işlərini zamanında aparmalıdırlar. Bərpa-gücləndirmə işləri görülməlidir. Təbii ki, köhnə binalar tələb qoyduğumuz 8-9 ballıq zəlzələyə davamlı deyillər. Ancaq bununla belə, həmin binalar hansı fiziki, hüququ şəxsin və ya dövlət orqanlarının balansındadırsa, həmin şəxs və ya qurumlar öz binalarının təhlükəsizliyini təmin etməlidirlər”.
Zəlzələ zamanı nə etməli?
Fövqəladə Hallar Nazirliyi bununla bağlı da bir sıra təlimatları diqqətə çatdırır. Bildirilir ki, ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin; evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün; qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün; binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın; əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın; liftdən istifadə etməyin; təşvişə düşüb yüksək mərtəbədən tullanmayın; evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin; dəmir ayaqlı masa varsa, onun altına girin; diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun; yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.
Zəlzələdən sonra isə aşağıdakıları etmək lazımdır:
Zəlzələ sizi bina xaricində haqlayıbsa və dağıntı baş veribsə: mümkündürsə, zərərçəkmişlərə kömək edin, onlara ilkin yardım göstərin; dağıntı olan yerlərə yaxınlaşmayın (yaşadığınız bina olsa belə);yaşadığınız binaya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar verin; zədələnmiş binada qaz sızması ola bildiyindən açıq alışdırıcıdan (kibrit, alışqan) istifadə etməyin.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, zəlzələ sizi gecə vaxtı haqlayıbsa, kibrit və ya alışqandan deyil, fənərdən istifadə edin; qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürərək binanı tərk edin; kiçik yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın; yanğını müstəqil söndürmək mümkün deyilsə, uşaq, yaralı və əlillərə kömək etməklə təhlükəsiz bir yerə çıxın; zəlzələ barədə ən son məlumatları izləyib göstərişlərə əməl edin;
Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa: təşvişə düşməyin, ehtiyac varsa, özünüzə ilkin yardım göstərməyə çalışın;
- əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az qüvvə tələb edən üsulu seçin;
- qüvvə və bacarığınıza tam əmin deyilsinizsə, xilasediciləri gözləyin;
- maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər “sükut anı” elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəcləyərək və ya mobil telefonla yerinizi bildirməyə çalışın.


