Martın 8-də Bakının Fəvvarələr meydanında yürüş edən qadınların qaldırdıqları plakatlar, transparatlarda yazılan şüarlar, onların davranışları ictimai qınağa səbəb olub.
Xüsusən gənc qızların “Məmələrə azadlıq”, “Vagina mənimdir, kimə istəsəm verərəm” yazılmış plakatları rüsvayçılıq kimi qiymətləndirilib.
Əksər tənqidçilər bu şüarların və ümumən aksiyanın feminizm hərəkatı, qadınların hüquqları uğrunda mübarizəsi ilə əlaqəsi olmadığını bildiriblər.
Feminizm qadınların ilk növbədə iqtisadi azadlığı ilə bağlı mübarizədir və hər bir qadın işləməli, kişidən asılı olmamalı, öz haqlarını müdafiə etməlidir.
Amma 8 mart aksiyasında seksist şüarlar yazılmış plakatlar daha çox diqqəti cəlb edirdi ki, bunun da feminizmlə bağlılığı yoxdur.
Eyni zamanda mühafizəkar zümrə, dindar və millətçi siyasətçilər qızların 8 mart aksiyasını pisləyiblər, onların hərəkətlərini “topa tutub”lar.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, bir millətin mədəniyyəti onun qadına olan münasibətilə ölçülür:

Tənzilə Rüstəmxanlı: “Bir sürü hər şeyini itirmiş, ana tərbiyəsi görməyən dəyərsizlər...”
“Azərbaycan Türk Qadınlar Birliyini də bu amacla qurmuşdum. Millətimin ən qiymətli dəyərlərindən olan qadınımızın haqlarını qorumaq üçün.
Qadınımızla hər zaman qürür duymuşam, tarixdəki türk qadını obrazı mənim onur mənbəyim olub. Biz qadınımıza, sadəcə, ailənin qurucusu və qoruyucusu kimi baxmırıq.
Qadın bizim törəmizdə cənnət ayaqları altında olan ana, uğrunda can verdiyimiz vətən, ona görə dünyanı qarşımıza aldığımız yardır.
İndi peyda olmuş, bir sürü hər şeyini itirmiş, ana tərbiyəsi görməyən dəyərsizlər mənim millətimin qadını ola bilməz. Qadına hər cür şiddətin əleyhinəyəm, haqqı pozulanları da həmişə müdafiə etmişəm və edəcəm də.
Ancaq “Qadına azadlıq” deyərək küçələrə tökülən bəzilərinin özlərinin Azərbaycan qadını adına ləkə olduqları düşüncəsindəyəm".
T.Rüstəmxanlının sözlərinə görə, onların dərdi qadın haqları da deyil: “Ancaq inanın ki, bu oyunlarla maneəsiz getmək istədiyiniz ölkələrdə belə bu cür əxlaqsızlıqlara yer yoxdur. Təəssüf ki, ailələrinizin adını rüsvay etdiniz. Millətimiz üçün heç bir şey ifadə etməsəniz də...”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn facebookda yazıb ki, aksiyanın qadınlıqla əlaqəsi yox idi: “Ölkədə qadınla bağlı problemlər, qadına şiddət problemi heç yoxdur demirəm.
Ancaq Fəvvarələr meydanındakı “Şiddətə yox” aksiyasının qadın azadlığına, ümumiyyətlə, azadlığa, ən pisi qadınlığa aidiyyəti yox idi".

AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, 8 mart günü nə istədiyini, nə tələb etdiyini bilməyən, tərbiyələri, səviyyələri, əxlaqları açdıqları şüarlardan bəlli olan bir qrup başıpozuq guya şəhərdə aksiya etdi:
“Belə fəaliyyət və tələblər bizim xalqa və onun yaşam fəlsəfəsinə ziddir. Belə əməlləri heç bir azadlıq uğrunda mübarizə adı altında pərdələmək olmaz.
Biz bu deyilik və bu olan deyililk. Biz kökümüzə, dəyərlərimizə, əxlaqımıza və bütün milli-dini dəyərlərimizə sayğılı, sadiq millətik. Bunu bəyənməyənlərin yolu açıqdır. Hara istəsələr çıxıb gedə bilərlər. Ya sev, ya tərk et!"
Hacı İlqar İbrahimoğlu: “Əslində Bakıda koronavirusdan dəhşətli bəla baş verib ...”

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu 8 mart aksiyası ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir: “Əslində keçən gündə Bakımızda bir bəla baş verib. İctimai bir bəla. Bütün koronaviruslardan dəhşətli olan bəla...
Biriləri əllərində tərbiyəsiz şüarlar tutmuşdular. Ali amallar kölgəsində, əslində mənəviyyata və əxlaqa zidd mövqe sərgiləyiblər.
Əcəba, anlayışların zorla əvəzlənməsinin, dəyərlərin erroziyasının bu cür bayağı təzahürlərimidir azadlıq?!
Bəşəriyyət min illər ərzində azadlıq uğrunda, ləyaqət uğrunda ən layiqli oğul və qızlarını qurban verib. Amma həqiqi azadlıq uğrunda!"
İ.İbrahimoğlu qeyd edib ki, aksiyada səslənən o rəzil şüarlar - nə azadlıqla, nə də ləyaqətlə bir araya sığır: “Məhz belə şüarlar - ilk növbədə qadın azadlığına, hürriyyətə və qadın ləyaqətinə ziddir. Ümumiyyətlə, insan ləyaqəti vahiddir. Bu cür təzahürlər ümumilikdə insan ləyaqətinə ziddir.
Baş vermiş rəzalət əxlaqi-mənəvi dəyərləri tapdalamaqla yanaşı, ümumilikdə ictimai əxlaqla ziddiyyət təşkil edir.
Əksər hallarda bu tip ictimai əxlaqa zidd şüarları səsləndirənlərin çoxu, epataj və provokasiya yolu ilə həqiqi problemlərə diqqət çəkmək niyyəti ilə aldanaraq, özləri də bilmədən oturduqları budağı mişarlayır, cəmiyyətin təməl matrisasını və varolma kodunu zədələyirlər.
Təəssüf ki, konservatizm və arxailikdə suçlanmaq qorxusu, “qadın azadlığına” qarşı çıxmaqda ittiham olunmaq xofu çoxları üçün daxili senzura rolunu oynayır.
Amma məhz prinsipial ictimai qınaq bu cür ictimai aşınmalardan qoruya bilər. Cəmiyyətimizin hər bir sağlam üzvü, bu tip “Overton pəncərəsi” rolunu oynaya biləcək olaya birmənalı və aydın mənfi münasibətini ortaya qoymalıdır. Günümüzün bu kimi fitnə və fəsadlarından Uca Rəbbimizə sığınıram.
Uca Allah Vətənimizi bu kimi eybəcərliklərdən və rəzilətlərdən qorusun, toplumun hər bir üzvünə, o cümlədən, aldanaraq bu növ psixoloji deformasiyalara qol qoyan balalara da bəsirət və hidayət nəsib etsin".


