Ekspert: “Maskadan istifadə etməməklə yanaşı, insanlar hələ də küçələrdə tüpürə-tüpürə gəzirlər”
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Biz bu materialı hazırlayan zaman dünyada 6 milyon 285 min 553 nəfər koronavirusa yoluxub, 374 min 314 nəfər isə bu virusdan dünyasını dəyişib. Koronavirus pandemiyası ilə mübarizədə ABŞ kimi supergüc ölkə belə bacara bilmədi. Bu gün dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb (1 milyon 837 min 170 nəfər).
Mayın 31-də Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalmış, 63 nəfər vəfat etmiş, 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 test aparılıb.
Durumu dəyərləndirən ekspertlər bildirirlər ki, Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Qeyd edilir ki, məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.
Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdi.

Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Pozitiv nəticəni niyə qoruyub saxlaya bilmədik?
Tibb sahəsi üzrə çalışanlar bildirirlər ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.
“Yeni Müsavat”a açıqlama verən tibb sahəsi üzrə elm adamları bildirirlər ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir.
Eyni zamanda sosioloqlar da hesab edirlər ki, indiki dövrdə cəmiyyət olaraq yeni yanaşma və davranış sərgiləməliyik.

Əhməd Qəşəmoğlu
Bu barədə “Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, əhali küçədə özünü arzuolunmayan şəkildə aparır: “Şəhərin mərkəzində gəzən zaman diqqət edirəm ki, ətrafda məndən başqa maska taxan yoxdur. Bundan əlavə, insanlar ora-bura tüpürə-tüpürə gəzirlər. Baxırsan ki, adamlar sanki bilərəkdən möhkəm asqırır, öskürür, ağzını da tutmur. Belə adamlarla küçələr doludur. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Biz karantin qaydalarını gözləmədiyimiz üçün günü-gündən yoluxma artır. Mağazalara daxil olanda görürük ki, orada da heç bir nəzarət mövcud deyil. Biz görürük ki, maarifləndirmə işləri aparılsa da, insanlar buna məhəl qoymurlar. Ona görə də düşünürəm ki, inzibati qaydaların tətbiqi, polisin məsələyə nəzarəti gücləndirməsi lazımlı haldır. İnsanlar dəstə ilə gəzirlər. Artıq ”evdə qal" yox, “ehtiyatlı ol” prinsipinə riayət edilməlidir. İnsanlar küçədə bir-birilərilə qucalaşır, əl görüşürlər. Belə olmaz".
Ekspertlər bildirirlər ki, pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur.
Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.
Onu da bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində bildirilib ki, qaydalara əməl olunmadığı təqdirdə sanitar-epidemioloji vəziyyət kəskinləşəcək.


