Polisdən uzaqlaşan vətəndaşlar maskanı öncə çənələrinə, sonra da ciblərinə salırlar...
Mayın 18-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə aradan qaldırılıb.
Həmin tarixdən etibarən Bakı bulvarındakı dəmir maneələr götürülüb və insanlar sərbəst şəkildə bulvar ərazisinə girib gəzə bilərlər. Lakin bir şərtlə ki, karantin qaydalarına əməl etsinlər.
Azərbaycanda son zamanlar COVİD-19-a gündəlik yoluxma sayı kəskin şəkildə artıb. Ekspertlər və müvafiq dövlət qurumlarının təmsilçiləri hesab edirlər ki, artıma səbəb insanların karantin qaydalarına əməl etməyib, sosial məsafə saxlamamalarıdır.
“Yeni Müsavat”ın əməkdaşı olaraq bulvar ərazisindəki mövcud vəziyyətlə tanış olduq.
Müşahidə etdik ki, bulvarda da digər ərazilərdə olduğu kimi maska taxan yoxdur.

Yalnız bir neçə nəfərin çənəsində maska gördük.
Bulvarda sanki koronavirusdan əvvəlki zamandır. Lakin təbii ki, bəzi çatışmayan məqamlar var.
Belə ki, bulvarda kafelərin fəaliyyəti bərpa edilsə də, uşaqlar üçün əyləncə yerləri, attraksionlar, karusellər işləmir. Eyni zamanda gəmi ilə səyahətə də icazə verilmir.

Kafelərdə əvvəlki kimi müştəri olmasa da, sahibkarlar bildirdilər ki, günbəgün müştəri sayında artım olur. Qiymətlərə gəlincə, hər hansı bir endirim yoxdur. Kafe işlədənlər bildirdilər ki, hələ uzun müddət dayanmadan işləməlidirlər ki, karantin günlərində itirdiklərini çıxarsınlar...

Bulvar açılan ilk günlərdə skamyaların üzərində sosial məsafənin saxlanmalı olduğunu göstərən xüsusi işarələr vurulmuşdu.
Lakin hazırda çox az skamyada bu cür işarə görmək olar.

İnsanlar skamyada bir-birilərinə yaxın məsafədə otururlar. Ümumiyyətlə, ərazidə koronavirusu xatırladan, tövsiyə xarakterli nişanlar, lövhələr yox səviyyəsindədir. Bulvara keçidlərdə polis əməkdaşları dayanıb, insanlara maska taxmalı olduqlarını bildirirlər. Onlardan uzaqlaşdıqca isə insanlar getdikcə maskanı öncə çənələrinə, sonra isə ciblərinə salırlar.
Maska taxanlar isə əsasən yaşlı nəslin nümayəndələridir.

Bir daha xatırladaq ki, mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.










