Mütəxəssislər maarifləndirmə tədbirlərini gücləndirməyi tövsiyə edir...
Dünyada koronavirusla mübarizədə ən böyük problemlərdən biri də insanların bir qisminin bu virusun varlığına inanmamasıdır. Təəssüflər olsun ki, bu qəbildən olan insanların sayı Azərbaycanda da çoxdur və pandemiyanın ölkəmizdə hazırda bu cür kritik vəziyyət almasında onların da rolu az deyil. Onların tibbi tələblərə əməl etməməsi, sosial məsafəni qorumaması, maskasız dolaşması yoluxma sayını daha da artırır. Müxtəlif ölkələrdə inanmayanlar və məsuliyyətini dərk etməyənlər fərqli şəkildə cəzalandırılır. Bəzi ölkələrdə cərimələr həddindən artıq yüksəkdir, Çin isə daha qəddar bir yol seçərək koronavirusa inanmayanları yoluxdurur, daha sonra onlar müalicə edilir. Azərbaycanda isə həkimlər daha çox maarifləndirmə yoluna üz tutmağı təklif edirlər. Lakin bəzən maarifləndirici bilgilər, çıxışlar da insanlar tərəfindən aqressiya və qıcıqla qarşılanır.
“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən baş infeksionist Cəlal İsayev bildirdi ki, həkimlərin işi daha çox məlumat vermək, cəmiyyəti bilgiləndirmək, baş verə biləcəkləri açıqlamaq və maarifləndirmə işləri aparmaqdır. C.İsayev hesab edir ki, əgər cərimələrin sərtləşdirilməsinə və ya bu məsələyə laqeyd yanaşanlara hansısa cəzalar verilməsinə ehtiyac olarsa, bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verməlidir.

Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla isə hesab edir ki, insanlarda inamı və karantin tələblərinə uyğun davranış qaydalarını təmin etmək üçün ən çox televiziyalar vasitəsilə iş aparılmalıdır, ölkə mediası, teleradio məkanı fövqəladə rejimdə işləməlidir: “Cəza tədbirlərindən daha çox maarifləndirməyə əhəmiyyət vermək lazımdır. Təəssüflər olsun ki, bizim insanlar sosial şəbəkələrdə də inamsızlıq yayırlar. Ancaq gündə 300-400 arası yoluxma böyük bir yoluxma potensialı deməkdir. Artıq rayon xəstəxanaları da bu işə cəlb olunur. Xəstələri yerləşdirməyə palata çatmır, bu rəqəm isə hər gün sürətlə artır. Ölüm halları da artmaqdadır. Nə baş verməlidir ki, insanlar başa düşsünlər vəziyyəti anlasınlar?”
Qeybullanın sözlərinə görə, qətiyyən qapalı məkanlara, ictimai nəqliyyata, metroya maskasız daxil olmaq olmaz: “BNA işçiləri küçədə maşınları çəkməkdənsə, ən azı bu pandemiya dövründə daha çox ictimai nəqliyyatda maska məsələsinə, sosial məsafənin qorunmasına diqqət etsinlər. Maskasız içəri girən şəxslərə pulsuz maska verilməlidir, giriş-çıxışda dezinfeksiyaedici məhlul qoyulmalıdır. İnsanlar bu karantin davranış qaydalarını qorusalar xeyli uğura nail ola bilərlər”.
Doktor hesab edir ki, belə davam etsə, biz çox dramatik bir situasiya ilə üz-üzə qalacağıq: “Təəssüf ki, artıq 7 həkim dünyasını dəyişib, onlar hamısı xəstələrdən yoluxublar. 700-ə yaxın tibb işçisi xəstədir. Ailəvi xəstələnənlər var, bunları da nəzərə almaq lazımdır. Bu xəstələrə kim baxacaq, bir azdan tibb işçiləri də çatışmayacaq. Xəstələr evlərdə yardımsız, müalicəsiz qalacaqlar. Biz heç zaman İtaliya səhiyyəsinə çata bilmərik, belə bir səhiyyəsi olan Avropa ölkəsi nə vəziyyətə düşdü, bunu hamımız gördük”.
Tanınmış həkim hesab edir ki, cərimə problemin həllinin başqa bir yoludur, ancaq təkcə cərimələrlə məsələ bitmir: “Ölkədə maska zavodu açıldı, maskalar pulsuz paylanmalıdır. Elə insan var ki, tapa bilmir, ya yadından çıxıb, onlara verilməlidir. Avtobus və metrolarda dezinfeksiyaedici məhlul yoxdur. Lazımi strukturlar tədbirləri yetərincə həyata keçirməlidir. Hər kəs öz məsuliyyətini dərk etməlidir”.


