Yay aylarında arı sancmalarının sayı artır. Arı sancması bəzi insanlarda bir neçə saat davam edən ağrıdan sonra keçib getsə də, allergiyası olan insanlarda ciddi reaksiya verə bilir. Bəzən isə insanların ölümünə səbəb olur. Bir neçə gün öncə də Göygöl rayonunda bədbəxt hadisə baş verib. Belə ki, rayonun Üçtəpə kənd sakini, 32 yaşlı Aqil İsmayılov arı sanmasından dünyasını dəyişib.
Bəs hansı hallarda arı sancması zamanı ölüm halları yaşanır? Pandemiya dövründə təbii üsullarla müalicələrə üz tutanların sayı artdımı?
Musavat.com mövzu ilə bağlı həkim Seyfəddin Əsədin fikirlərini öyrənib.
O bildirib ki, əsasən, allergiyası olan insanlar arı sancmasından ölə bilər:

Seyfəddin Əsəd
“Hər şey insan orqanizmindən asılıdır. Hansı arının vurmağının fərqi yoxdur. Əsasən, allergiyası olan insanların orqanizmi arı sancmasına qarşı həssas reaksiya göstərir. Hər bir arının sancmasından insan ölə bilər. Ona görə insanlar çalışdıqları qədər arılardan uzaq durmalıdırlar. Bilirsiniz ki, arılarla müalicələr də aparılır. Müalicədən öncə pasient yoxlamadan keçməlidir. Onların allergiyası olub-olmaması, arı zəhərinə qarşı həssaslığı öyrənilməlidir. Yoxsa çox ağır nəticələr ortaya çıxa bilər”.
Həkim bildirib ki, koronavirus pandemiyası dövründə insanlar təbii üsullarla müalicəyə daha çox müraciət edib:
“İnsanlar pandemiya dövründə bizə daha çox müraciət etdilər. Onlar immunitetini qaldırmaq üçün yollar axtarırdılar. Çünki hər kəs xəstəliyi fərqli keçirir. Kimisi simptomları hiss etməsə də, kimisi ən ağır şəkildə koronavirusla mübarizə aparır. Arı zəhəri, arı məhsulları, arı südü, arı sancması immuniteti qaldırır.
Araşdırmalar da göstərdi ki, koronavirus ölümlərinə səbəb qanın qatılaşması nəticəsində yaranan trompdur. Ağciyərdə yaranan kristal buz nəticəsində pnevmaniya yaranır, o zaman qan qapqara olur, qatılaşır, tromplar əmələ gəlir. Arı zəhəri və zəli qanı duruldur, trompun əmələ gəlməsinin qarşısını alır”.
S. Əsəd 2+ qan qrupuna sahib insanların daha tez koronavirusa yoluxduğu və onlar arasında ölüm hallarının çox olduğu barədə sosial şəbəkədə yayılan məlumatlara da aydınlıq gətirib:
“Bu, yanlış informasiyadır. Koronavirusa yoluxmanın qan qrupu ilə əlaqəsi yoxdur. Hər kəs yoluxa bilər. Bayaq da qeyd etdiyim kimi, infeksiyanı yüngül və ağır keçirmək insanların orqanizmindən asılıdır. Kimin immuniteti güclüdürsə, onlar xəstəliyi rahat keçirir”.


