Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un yoluxma riskini minimuma endirmək üçün stomatoloji prosedurlardan uzaq olmağı tövsiyə edib.
ÜST-ün Yoluxucu olmayan Xəstəliklər Departamentinin stomatoloqu Benua Varen koronavirusun stomatoloji prosedurlar səbəbindən bitmədiyini bildirib. O qeyd edib ki, bu səbəbdən də pandemiya dövründə zəruri olmayan diş müalicəsi gecikdirilməlidir. Eyni zamanda, zəruri olmayan stomatoloji prosedurlar - müayinə, diş təmizliyi, profilaktik və bəzi estetik prosedurlar təxirə salınmalıdır.
ÜST rəsmisinin bu tövsiyəsi insanlar arasında çaşqınlıq yaradıb. Dişimiz ağrıdığı zaman həkimə getməməliyikmi? Koronavirusa yoluxmamaq üçün stomatoloji prosedurlardan necə yararlanmalıyıq?
“Yeni Müsavat” bu və digər suallara cavab almaq üçün ölkəmizin bir neçə implantoloq və stomatoloqu ilə danışıb.
“Dişlərin təmizlənmə proseduru dayandırılmalıdır”

Tanınmış stomatoloq Rauf Məmmədov bizimlə söhbətdə bildirib ki, pasiyentdə COVID-19 yoxdursa, stomatoloqdan pasiyentə virus yoluxması riski yoxdur: “Bizim istifadə etdiyimiz bütün avadanlıqlar steril şəklindədir. Pasiyent koronavirusa yoluxmayıbsa, stomatoloqun da virusa yoluxma təhlükəsi yoxdur. Həkimlər də maskalardan, qoruyucu kaska və örtüklərən istifadə edir ki, yaxın təmas olmasın. Burda yoluxan həkim ola bilər, biz də risk qrupuna daxilik. Amma ümumiyyətlə yaxşı olardı ki, spreyli prosedurlar var, hansı ki, dişləri təmizləyirik, burda havaya yayılma olur. Bu proseduru dayandırmaq lazımdır, çünki pasiyentdə COVID-19 olarsa, yayılma ola bilər”.
“Təcili Stomatoloji Yardım yaradılmalıdır...”
R.Məmmədov stomatologiyanın fəailiyyətinin məhdudlaşdırmasını düzgün saymır: “Diş ağrıları çox kəskin ağrılardır, o zaman tibbin bütün sahələrini bağlamaq lazımdır. Təcili Tibbi Yardım olduğu kimi, Təcili Stomatoloji Yardım da yaradılmalıdır. ÜST-ün bu açıqlamasını bəyənmirəm, çünki həkimlər risk qrupuna aiddir, həkimləri qorumaq üçün addımlar atılmalıdır. Stomatoloqlara da Təcili Tibbi Yardımın geyimindən təşkil olunmalıdır ki, işlədiymiz zaman bu geyimlərdən istifadə edək”.

“İki aydır estetik prosedur həyata keçirmirik...”
Estetik əməliyyatlar üzrə mütəxəssis olan implantoloq Bəhruz İsmayilov isə bildirir ki, stomatologiyada problem olsaydı, ilk olaraq stomatoloqlar özləri virusa yoluxardı: “Onsuz da xəstəni qəbul etdiyimiz zaman qızdırması ölçülür, hər bir prosedurdan keçirilir. Həkim qrupu olaraq diş həkimləri deyil, ən çox reanimatoloqlar risk qrupuna aiddir, onlar sırf koronavirusla məşğul olan həkimlərdi. Virus stomatoloqlar arasında çox yayğın deyil. Təbii ki, biz də risk qrupuna aidik. Düşünürəm ki, bütün stamotoloqlar gözlükdən, digər qoruyucu vasitələrdən istifadə edirlər. Tez-tez otağı havalandırmaq lazımdır, bir neçə pasiyentdən sonra sterilizasiya edən lampalar vasitəsilə otağı dezifenkisiya etmək lazımdır”.
İmplantoloq əlavə edib ki, pandemiya zamanı estetik əməliyyatların həyata keçirilməsi vacib deyil: “Pandemiyanın alovlu vaxtında təbii ki, ara vermək lazım idi. Bir çox stomatoloq onsuz da işləmədi. Yalnız vacib işləri etdik, təxirəsalınmaz əməliyyatlar edildi. Pandemiyanın çox güclü vaxtlarında hardasa iki aya yaxın mən də işləmədim. Amma indi yavaş-yavaş yoluxma sayı azaldıqca biz də işimizə davam edə bilərik”.
“COVID-19 olmayanda da qaydalara əməl edirdik”
Tanınmış stomatoloq Azər Abdullayev də ÜST-ün açıqlaması ilə razılaşmayıb: “Ən təxirəsalınmaz iş stomatoloji işdir. Bizə hər dəqiqə diş ağrısından əziyyət çəkən yüzlərlə insan müraciət edir. Bu işi necə azaltmaq və ya təxirə salmaq olar. Sadəcə olaraq qaydalara doğru əməl etmək lazımdır. Əgər həkimin qəbuluna koronaviruslu pasiyent gələrsə, kliniki şəratidə qaydalara əməl olunmazsa, o yayıla bilər. Bizdə klinikaya daxil olarkən nəinki xəstələrin, bütün həkimlərin hərarəti yoxlanılır. Hər pasiyentdən sonra həm Iş kabinetimizdə baktereolji lampa yandırılır, həm də otaq təbii şəraitdə havalandırılır. Eyni zamanda harda ki, kontakt nöqtələri varsa, həmin hissə anti-septiklərlə dezinfeksiya edilir. Eləcə də, həkimlər qoruyucu üz örtüklərindən istifadə etməlidir. Qoruyucu eynəklərdən mütləq istfadə edilməlidir. Bütün bu qaydalara əməl edilməzsə, nəinki koronavirus, başqa viruslar da yayıla bilir. Biz COVID-19 olmayanda da bütün qaydalara əməl etdiyimizə görə işimizdə tam rahatıq”.


