Azərbaycanda 14 yaşlı qızı zorla ərə verməyə çalışıblar. Lakin rəsmi qurumların tez bir zamanda hərəkətə keçməsi nəticəsində məsələnin qarşısı alınıb.
Musavat.com bildirir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb. Qurum sədri sosial şəbəkədə qeyd edib ki, ötən gün rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılacağı haqda məlumat əldə edib:
"Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə məlumat verilib, ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib".
Qeyd edək ki, son illərdə yetkinlik yaşa çatmayan qızların ərə verilməsi haqda xəbərlərə tez-tez rast gəlirik. Bəziləri taleyinə boyun əyir, bəziləri müəyyən müddətdən sonra ər evini tərk edir, bəziləri isə intihara əl atır. Xatırladaq ki, ötən il Zaqatalada 17 yaşlı Gülər İsmayılova bu cür hadisənin qurbanı olmuşdu. Gülər təhsilini davam etmək istəsə də ailəsi onu özündən 15 yaş böyük oğlana ərə getməyə məcbur etmişdi. Nəticədə yeniyetmə qız yaşadıqları evin həyətində özünü asmışdı.
Dünya təcrübəsində, xüsusən də Avropa və Amerika ölkələrində övladını təhsildən ayıraraq, onu zorla evləndirməyə çalışan valideynləri valideynlik hüququndan məhrum edir, övladını əlindən alırlar. Və yaxud bununla bağlı ciddi cərimələr tətbiq edilir.
Bəs Azərbaycanda övladını zorla evləndirməyə çalışan valideynlər barəsində hər hansı cəza tətbiqi varmı?

Məsələ ilə bağlı hüquqşünas Fərhad Mehdiyev Musavat.com-a danışıb: “Azərbaycanda bu məsələ ilə bağlı təklif irəli sürülüb, lakin hələlik heç nə yoxdur. Yəni, uşağı zorla evləndirmək cinayət məsuliyyəti yaratmır, eləcə də inzibati məsuliyyət də yoxdur. Sadəcə, uşaqla evlənən şəxslə bağlı cinayət işi başladıla bilər. Məsələn, qızın 14, oğlanın 17 yaşı varsa, oğlan məsuliyyətə cəlb olunacaq. Yox əgər, oğlan da yetkinlik yaşa çatmayıbsa, məsuliyyətdən kənarda qalır.
Əgər valideyn övladını zorla evləndirməyə çalışırsa, bu o deməkdir ki, ona psixi zorakılıq tətbiq edir, hətta döyməsə belə.
Lakin qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 158. 2-ci maddəsinə görə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə, 300 manatdan 500 manata qədər cərimə oluna bilər.
Avropada, Amerikada bu cür hal baş verdikdə uşağı valideynin əlindən alırlar. Yəni, valideyn yetkinlik yaşa çatmayan övladını evləndirməyə məcbur etdikdə övladından məhrum olur”.


