Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə geniş müsahibə verib. Dövlət başçısı jurnalistin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bəzi ekspertlərin “2+2" formulunu təklif etdiklərini və bunun rəsmi Bakı üçün nə dərəcədə məqbul olması barədə sualına öncə sualla cavab verib: ”İki tərəf Ermənistan və Azərbaycandır. Bəs o biri iki tərəf kimlərdir?"
“İnterfaks” müxbiri Türkiyə və Rusiyanın adını çəkib. İ.Əliyev bunun onlar üçün məqbul olduğunu deyir: “Rusiya və Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Hələ bu münaqişə kəskinləşənə qədər hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - tək bizdən ötrü deyil, regiondan ötrü-əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, o, bu formulu az qala 15 ildir ki, təklif edir: “Rusiya və Türkiyə bölgənin iki əsas dövlətidir. Rusiya Ermənistanla strateji müttəfiqdir, Azərbaycanla isə tərəfdaşlıq münasibətləri var. Türkiyə ölkəmizlə strateji müttəfiqdir, Ermənistanla sərhədi var. Bu baxımdan hər iki ölkənin əsas vasitəçi olması münaqişənin həllində faydalı olardı. Amma bu o demək deyil ki, tamamilə Minsk Qrupundan imtina edək. Məsələn, Suriya prosesində Cenevrə prosesi var. Bir də Astana prosesi var. Burada da ola bilər ki, Minsk Qrupundan imtina etmədən bu formul işlək mexanizmə çevrilsin. Doğrudur, Minsk Qrupunun fəaliyyətindən ciddi şəkildə narazıyıq. ”2+2" formulunu bir neçə dəfə Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təklif edib. Prinsipcə, Putin bunun əleyhinə çıxmayıb. Kreml sahibinə bu haqda sual veriləndə deyib ki, Minsk Qrupunun formatı dəyişdirilə bilər. Bu mümkün variantlardan biridir. Həm də münaqişənin həlli üçün çox vacibdir. Düzdür, ermənilər bunu istəmirlər. Amma bu onların istəyib-istəməməsindən asılı deyil. Rusiya Ermənistana təsir etsə, bu məsələ həll oluna bilər. Yetər ki, Kremlin bu istiqamətdə istəyi olsun. Artıq Türkiyə proseslərdən kənar qala bilməz. Qardaş ölkə artıq Cənubi Qafqazda var. Bunu şimal qonşumuz da yaxşı anlayır. Ermənistan bunu qəbul etməsə belə, Rusiya anlayır ki, Türkiyəsiz keçinmək olmayacaq. Qardaş ölkə bölgədə var, Azərbaycanın strateji müttəfiqidir. Rəsmi Ankaranın bölgədəki rolu mütləq nəzərə alınmalıdır. Rusiya Türkiyənin maraqlarını Suriya və Liviyada nəzərə almaq məcburiyyətində qalıb, onunla bu mövzularda danışıqlar aparıb. Eləcə də düşünürəm ki, yaxın gələcəkdə Dağlıq Qarabağ istiqamətində də Rusiya Türkiyə ilə məhz dialoq çərçivəsində hərəkət edəcək".

Elxan Şahinoğlu: “Rusiya bunu qəbul etmək məcburiyyətində qalacaq”
Politoloq hazırda cərəyan edən proseslərin “2+2" formulunu gerçəkləşdirməyə doğru getdiyini də düşünür: ”Son bir aydakı müharibə həm də onu göstərir ki, Türkiyənin rolunu nəzərə almaq lazımdır. Rəsmi Ankaranın Azərbaycana mənəvi, siyasi, diplomatik dəstəyi davam edir. Türkiyə Azərbaycan qədər Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsini istəyir. Qardaş ölkənin roluna işarət edən digər məqam da var. Müharibə getdiyi dövrdə Rusiya prezidenti, xarici işlər və müdafiə nazirləri bir neçə dəfə türkiyəli həmkarları ilə danışıblar. Əslində bu, qeyri-rəsmi olaraq Rusiya tərəfindən Türkiyənin bölgədə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan rolunu qəbul etməsi ilə bağlıdır. Yoxsa niyə telefonla danışsınlar ki? Düzdür, əvvəllər şimal qonşumuz qardaş dövlətin Cənubi Qafqazda rolunun artmasını qəbul etmək istəmirdi. Amma indi özləri əgər türkiyəli rəsmilərlə telefonla bir neçə dəfə təmas qurub danışıqlar aparıblarsa, demək, qeyri-rəsmi şəkildə Türkiyənin rolunu qəbul edirlər ki, Ankara bölgədə var. Düşünürəm ki, bir müddət sonra Rusiya “2+2" formulunu qəbul etmək məcburiyyətində qalacaq”.

Sərdar Cəlaloğlu: “Əgər bu formul həyata keçməyəcəksə...”
ADP sədri Sərdar Cəlaloğlu hazırda əsas hədəfin Rusiya və Türkiyə olduğunu söylədi: “Əvvəla, onu deyim ki, Ermənistanın indiki rəhbərliyinin son zamanlar atdığı addımlar açıq şəkildə göstərir ki, məqsəd heç də Qarabağ uğrunda mübarizə, orada yaşayan ermənilərin taleyi məsələsi deyil. Söhbət Rusiya ilə Türkiyəni toqquşdurmaq, iki dövlət arasındakı əlaqələri pozmaq, hər ikisini zəiflətmək və imperialist güclərin burada daha asan şəkildə öz siyasətlərini həyata keçirməsinə şərait yaratmaqdır. Təsadüfi deyil ki, Paşinyan dedi ki, Qarabağ məsələsində ruslar bizə kömək etsin, rusun öz ərazisində separatçı hərəkat yaradacağıq və Krasnodar ermənilərinin muxtariyyəti uğrunda mübarizə aparacağıq. Görünən budur ki, burada əsas hədəf Rusiya və Türkiyədir, nəinki Azərbaycan. Bütün oyunlar iki ölkəni toqquşdurmaq məqsədi daşıyırsa, təbii ki, bu problemin yeganə həlli Türkiyə və Rusiyanın iki dost tərəf kimi problemi ədalətli həll etməsi ola bilər. Bu bizim üçün də məqbuldur, Türkiyə, Rusiya və Ermənistan üçün də. Rəcəb Tayyib Ərdoğan da son olaraq dedi ki, bu barədə Putinlə danışıb. Təklif edib ki, sən Ermənistanla, mən də Azərbaycanla danışım, bu problemi yoluna qoyaq. Açığı deyim ki, bizdən çox uzaqlarda olan Amerika və Fransanın bu bölgədəki hər hansı hadisələrə ciddi təsir etmək imkanı yoxdur. Bu bölgədə ən böyük güclər Rusiya və Türkiyədir. Hər iki dövlət bu bölgədə maraqlıdır. Buna görə də ən düzgün, obyektiv mövqe Türkiyə və Rusiya tərəfindən münaqişənin həll olunmasıdır. ”2+2" formulu həyata keçməyəcəksə, münaqişə ədalətli şəkildə həll olunmayacaq. Burada başqa alternativ yoxdur. Çünki iki ölkə kənarda qalsa, problemin həll olunması perspektivinə ümid az olar".


