Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bu il, yanvarın 25-də “Bumerang Media” adlı “Youtube” kanalında barəsində səslənən ittihamları yalan adlandırıb.
Daşkəsən Rayon İcra Hakimiyyətindən Musavat.com-a göndərilən təkzib mətnində aşağıdakılar qeyd edilib:
“Gəncə şəhər Yeni Gəncə qəsəbəsi bina 56, mənzil 15-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Abdıyev Müzadil Qabil oğlunun “YouTube”dakı “Bumerang Media” internet kanalında 25.01.2021-ci tarixində yanımlanmış “Əhəd Abıyev mənə qənim kəsilib” başlıqlı videosüjet həqiqəti əks etdirmir. Bununla bağlı bildiririk ki, Müzadil Abdıyevin icarəsinə Daşkəsən rayon Zəylik bələdiyyəsinin 15 may 2003-cü il tarixli 05 nömrəli qərarı və 16 may 2003-cü il tarixli 12 nömrəli icarə müqaviləsi ilə 15 il müddətinə müvəqqəti istifadə etməsi üçün 55 hektar torpaq sahəsi ayrılıb. 16 may 2018-ci il tarixdə həmin icarə müqaviləsinin müddəti bitib və Zəylik bələdiyyəsi tərəfindən icarə müqaviləsinə qanunamüvafiq qaydada xitam verilib. Qeyd edirik ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil.
Torpaq sahəsinin yenidən icarəyə götürməsi ilə bağlı Müzadil Abdıyevə mövcud torpaq qanunvericiliyinin tələbləri izah edilərək bildirilib ki, o, aidiyyəti üzrə Daşkəsən rayon Zəylik bələdiyyəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir”.
Təkzib mətnində bildirilir ki, Müzadil Abdıyev torpaq icarəsi ilə bağlı artıq Zəylik bələdiyyəsinə müraciət edib:
“Həmin torpaq sahəsinin ona yenidən icarəyə verilməsi məqsədilə lazımi sənədlər Zəylik bələdiyyəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunub. Hazırda Əmlak Məsələləri Dövlət Xidmətində həmin torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı sənədləşmə işlərinə baxılır. Müvafiq işlər başa çatdıqdan sonra vətəndaş torpaq sahəsini hərrac yolu ilə icarəyə götürə bilər.
Buna baxmayaraq məlum olur ki, Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayan, özünü fermer kimi göstərən bu şəxsin müraciəti, əslində, şəxsi təsərrüfatı ilə bağlı deyil. Onun müraciəti Daşkəsən rayonunda aparılan abadlıq, tikinti-quruculuq işləri adı altında rayonda qarşıdurma yaradıb sabitliyi pozmağa çalışmaq istəyən bəzi imkanlı və cinayətkar ünsürlərin marağına xidmət göstərir. Birmənalı olaraq bildiririk ki, Muzadil Abdıyevin qərəzli, həqiqətə uyğun olmayan müraciəti bəzi maraqlı şəxslər tərəfindən sifarişlə təşkil olunub.
Belə ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması ilə bağlı Müzadil Abdıyevin dediklərinə aydınlıq gətirərək bildiririk ki, bu yolun tikintisi ilə bağlı maliyyə vəsaiti Daşkəsən Rayon İcra Hakimiyyətinə yox, bilavasitə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Həmin yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ilin may-noyabr aylarında inşa olunaraq istismara təhvil verilib. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun inşası ilə bağlı maliyyə vəsaitinin Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bir heç əlaqəsi yoxdur”.
Mətnin davamında aşağıdakılara da aydınlıq gətirilir:
“Müzadil Abdıyevin Daşkəsən şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitin Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən mənimsənilməsi haqqında dedikləri ilə bağlı bildiririk ki, həmin layihə “Azərsu” ASC-nin sifarişi ilə podratçı təşkilat “Çakır Yapı və Kamer” İnşaat Birgə Müəssisəsi tərəfindən icra olunub. Su-kanalizasiya layihəsinin tikintisi üçün nəzərdə tutulan maliyyə vəsaiti Daşkəsən Rayon İcra Hakimiyyətinə verilməyib və bu ayrılan vəsaitin də icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.
Müzadil Abdıyevin guya Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən döyülməsi ilə bağlı dedikləri də yalan və böhtandır. Onun hər hansı təzyiqlərə məruz qalması və ya təhqir edilməsi barədə iddiaları tamamilə özünün uydurmasıdır.
Aydın məsələdir ki, “Youtube”dakı “Bumerang Media” internet kanalında 25.01.2021-ci tarixdə yayınlanan videosüjet Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzuna xələl gətirmək üçün müəyyən şəxslərin təşkilatçılığı ilə hazırlanmış böhtan xarakterli, əsassız müraciətdir. Yoxlandıqda Muzadil Abdıyevin dediklərinin heç biri öz təsdiqini tapmayacaq. Bu məsələnin araşdırılıb hüquqi qiymət verilməsi üçün tərəfimizdən aidiyyəti üzrə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcək.


