Azərbaycan su ehtiyatları baxımından dünyanın ən kasıb ölkələri sırasındadır: ölkənin suya olan tələbatının70 faizi xaricdən təmin olunur. Yəni daxili su ehtiyatları tələbatın cəmi 30 faizini qarşılamaq gücündədir. Bu isə ölkədə sudan son dərəcə səmərəli və qənaətli, eyni zamanda ədalətli istifadəni tələb edir.
Uzun illər su təchizatı sahəsində hökm sürən vəziyyət bu zərurətə əməl olunmadığını göstərir: qənaətcil suvarma texnologiyalarından istifadəyə keçid çox ləngdir, rayonlarda su bölgüsündə böyük ədalətsizliklərə yol verilir, israfçılıq baş alıb gedir. Su təsərrüfatındakı bu vəziyyət qlobal iqlim dəyişikliklərinin kəskin təsirinə məruz qalan Azərbaycanda son illərdə müşahidə olunan quraqlıq nəticəsində ciddi problem kimi qabardı. Ötən il Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə verilən məlumatlardan aydın oldu ki, 2020-ci ilə qədər ölkənin su balansı tərtib olunmayıb, itkilər 50 faizdən yuxarıdır. Həmin müşavirədə Prezident su təsərrüfatında ciddi uçot-nəzarət sisteminin qurulmasına dair göstəriş verdi. Bir qədər sonra Prezidentin fərmanı ilə “Elektron su təsərrüfatı” informasiya sistemi yaradıldı. Ölkəyə daxil olan, çıxan və istehlak edilən su həcmlərinə dair məlumatlar bu sistemdə toplanır. Eyni zamanda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Bundan əlavə, baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Su komissiyası da formalaşdırılıb.
Lakin hələ ki atılan addımlar sudan qənaətli istifadəyə, xüsusilə suvarma suyunun ədalətli bölüşdürülməsini təmin etməyə gətirib çıxarmayıb. Xüsusilə su mənbələri az olan regionlarda suyun qeyri-bərabər bölüşdürülməsi kəskin problem olataq qalır. Məlumdur ki, rayon icra hakimiyyətlərinin başçıları, digər icra strukturlarının rəhbərləri böyük torpaq sahələrinə sahib olurlar. Bir çox hallarda məhdud su ehtiyatlarının mühüm hissəsi onların sahələrinin suvarılmasına yönəldilir ki, bu da əhali arasında böyük narazılığa səbəb olur. Bu barədə 2021-ci ilin aprel ayında Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri təyin olunan Zaur Mikayılovu qəbul edərkən Prezident də bu problemdən bəhs edib: “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik - suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.
Qeyd edək ki, yayın əvvəlində - iyun ayında Meliorasiya və Su Təsərrüfatı ASC-dən açıqlanan məlumatda cari ildə ölkənin su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 170 milyon kubmetr artıq su yığıldığı bildirilmişdi. Hesab edilirdi ki, bu həcm builki suvarmanı normal həyata keçirməyə imkan verəcək.
ASC-nin sədr müavini Rafiq Aslanov bəyan etmişdi ki, ötən il Kür çayı boyunca Neftçala ərazisində dənizin suyu Kür çayına diffuziya edirdi: “Kür çayından suyu az buraxırdıq, çünki suya qənaət edirdik. Ötən illə müqayisədə artıq su yığılması hesabına hazırda diffuziya əlaməti müşahidə edilmir. İnanıram ki, bu ilin sonuna qədər anbarlarda yığılan artıq suyun hesabına Neftçala rayonunda diffuziya baş verməyəcək”.
Sədr müavini xatırladıb ki, ötən il Şirvan kanalında göldə suyun az olması ilə bağlı çətinlik yaşanırdı: “Şirvan kanalı 11 rayonu əhatə edir. Bu il artıq yığılmış suyun hesabına bu cür çətinliklər yaşanmır. Ötən ilə nisbətən xeyli su yığıldığı üçün bu ərazilərdə suvarılmada problemlər gözlənilmir. İnanıram ki, ilin sonuna qədər də suvarılmada hər hansı ciddi çətinliklər olmayacaq”.
Bu il təqribən 1 milyon 400 min hektar sahədə əkin sahələrinin suvarılması nəzərdə tutulurdu.
ASC rəsmisi ölkə üzrə su itkisinin 30-32 faiz hesablandığını, lakin dəqiqləşmə aparılarsa, bunun daha yüksək olduğunun aydınlaşacağını. R.Aslanovun sözlərinə görə, ildə ASC-nin xətti ilə təqribən 10 milyard kubmetr su götürülür, 7 milyard kubmetr sudan səmərəli istifadə edilir, təqribən 3 milyard kubmetri isə itkilərə gedir.
Arxada qalan iyul ayı Azərbaycanda yağıntıların az düşməsi ilə yadda qaldı. Bir neçə həftə davam edən quraqlıq su ehtiyatlarının azalmasına, su probleminin kəskinləşməsinə səbəb oldu. Son günlər isə ölkədə yağıntılı hava şəraiti müşahidə edilir. Hazırda ölkədə suvarma sahəsində vəziyyət necədir? Mövcud ehtiyatlar suvarmanı normal həyata keçirməyə imkan verirmi?
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirovun “Yeni Müsavat”a verdiyi məlumata görə, Azərbaycanda su ehtiyatlarının az olması ilə yanaşı, onun qeyri-bərabər paylanması da ciddi problemlərdən biridir: “Belə paylanma bütün ərazilərin təminatını həyata keçirmək üçün əlavə xərclərin çəkilməsini şərtləndirir. Bu il Azərbaycanda 1 milyon 454 min hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Bundan 553 min 616 ha sahə taxıldır. Bu sahələr 2 dəfədən çox suvarma suyu ilə təmin olunub, yüksək məhsuldarlıq əldə edilib. Hazırda strateji bitki olan pambıq və digər bitki əkinlərinin suvarılması davam etdirilir. Ölkə üzrə 17 rayonda 100 min hektardan çox ərazidə pambıq əkilib. Bu sahələrin birinci vegetasiya suyu vurulub, ikinci və üçüncü suvarma davam edir”.
ASC nümayəndəsi bildirir ki, bu il su anbarlarına daha çox su yığılıb: “Məsələn, Mingəçevir su anbarına bu ilin indiki anına ötən ilkindən 912 milyon kubmetr artıq su toplanıb. Lakin quraqlıq Taxtakörpü, Şəmkirçay, Araz və bəzi digər su anbarlarında müəyyən problemlərə gətirib çıxarıb. Məsələn, bu il Araz su anbarına keçən ilin indiki dövründəkindən 77 milyon kubmetr az su toplaya bilmişik."
F.Nəsirov yerlərdə suyun ədalətli bölüşdürülməməsi məsələsinə münasibət bildirərək bu problemi aradan qaldırmaq üçün bir neçə qurumun birgə fəaliyyət göstərdiyini deyir: “Yerli Sudan İstifadə edənlər assosiasiyaları, Kənd Təsərrüfatı Nazirliyi və biz əkin sahələrinin suvarılması növbəsini - suvarma qrafikini tərtib etmişik. Bu qrafik Kənd Təsərrüfatı Nazirliyinin İnternet resursunda yerləşdirilib, bütün suvarma prosesi onun əsasında həyata keçirilir”.
Milli Məclisin üzvü Razi Nurullayev qeyd edir ki, su çatışmazlığı qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq bütün dünyada ciddi problemə çevrilməkdədir: “Mən əvvəllər də qeyd etmişəm, bu proses dünyada su müharibələrinin meydana çıxmasına səbəb olacaq qədər ciddidir. Azərbaycanda suvarma suyunun çatışmazlığı quraqlıq nəticəsində daha da kəskinləşib. Yerlərdən bununla bağlı mənə müraciətlər hədsiz çoxdur. Buna görə də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovla görüşmüşəm, problemləri ətraflı müzakirə etmişik. Ümid edirəm ki, Zaur müəllim bu sahədə olan neqativləri, problemləri aradan qaldıracaq. Mən onda bu cəsarəti və inamı gördüm”.
Deputat hesab edir ki, mövcud problemləri aradan qaldırmaq üçün ilk növbədə suvarma və irriqasiya layihələrinə ayrılan dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək lazımdır: “İndiyədək həyata keçirilən layihələrdə şişirtmələr, mənimsəmələr çox olub. Bundan sonra belə hallara yol verilməməlidir. İş daha peşəkar şirkətlərə, mütəxəssislərə həvalə olunmalıdır. Su kanallarının torpaq məcradan betona keçirilməsi, yeni nasos stansiyalarının qurulması çox vacib şərtdir. İkinci bir məsələ fermerlər, təsərrüfatlar üçün ədalətli növbəliliyin təmin edilməsidir. Üçüncü mühüm məsələ rayonların suvarma imkanlarına görə ixtisaslaşmasıdır - ay başına dönüm, Yevlaxda, Ağdaşda düyü əkməyə nə ehtiyac var? Bu düyü suyun içində qalmalıdır uzun müddət, belə bol su Azərbaycanın harasında var? Bəyəm biz düyünü xaricdən ala bilmərik? Bununla bağlı cənab Prezidentə yanlış məruzə edilib ki, Azərbaycanda düyü istehsalını inkişaf etdirmək olar. Halbuki bizim iqlim şəraitimiz ona imkan vermir. Yaxud indi durub banan plantasiyaları salırlar. Ay qardaş, bananın əvəzinə iqlimimizə uyğun başqa bitki yetişdirin də... Hesab edirəm ki, Azərbaycanda suyu az tələb edən bitkiçilik əsas prioritet elan edilməlidir. Hökumət bununla bağlı müzakirələr apararaq, rayonların su ehtiyatları, suvarma imkanları nəzərə alınaraq bitkilər əkilməlidir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Faiq Mütəllimovun “Yeni Müsavat”a verdiyi məlumata görə, Azərbaycanın illik su təsərrüfatı balansına əsasən 2020-ci ildə ölkənin su ehtiyatları 33.8 milyard m3 təşkil edib ki, bunlardan 25.2 milyard m3-i yerüstü, 8.6 milyard m3-i isə yeraltı su ehtiyatlarıdır: “Yerüstü sulara həm su anbarlarında toplanan, həm də çaylar vasitəsilə formalaşan bərpa olunan su ehtiyatları aiddir. 2020-ci ildə ölkənin su ehtiyatları 2019-cu illə müqayisədə 8 faiz az olub, 2021-ci ildə 2020-ci illə müqayisədə 7.6 faiz artması gözlənilir. Bu da ötən illə müqayisədə cari ilin əvvəlində su anbarlarında qalıq suyun çox olması və işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarına nəzarətin qaytarılması ilə əlaqədardır”.
ETSN rəsmisi qeyd edir ki, Kür və Samur çaylarında sululuq ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən çox olsa da, Araz və Qanıx çaylarında bu rəqəm aşağı olub: “Ümumilikdə ölkənin transsərhəd çaylarında sululuq çoxillik norma ilə müqayisədə aşağıdır. Eyni zamanda dağ çaylarında sululuq ötən illə və çoxillik norma ilə müqayisədə aşağı olub”.
Hazırda ölkənin əsas su anbarlarında 12 milyard m3-ə yaxın su ehtiyatı toplanıb ki, bu da 2020-ci illə müqayisədə 1 milyard m3 daha çox su deməkdir.


