banner
banner

Gündəm

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

Cia.az-in məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.

Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.

Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq "yaşıl enerji"yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.

Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və "yaşıl enerji" imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır.

Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.