Kamandar Nəsibov: «Birinci dəfədir mən görürəm ki, kredit alanların hamısına dələduz desinlər»
Bu il mayın 12-də həbs edilən Nizami Piriyev və mayın 15-dən həbsdə olan Adil Hüseynovun vəkili Kamandar Nəsibov "Amerikanın Səsi"nə müsahibəsində hər iki şəxsin ittihamları qəbul etmədiyini bildirib. Nizami Piriyev və Adil Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. N.Piriyev "PNN Group" şirkətinin təsisçilərindəndir. "PNN Group" şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo" şirkətindədir. "PNN Group" "De Beers" və "Hamleys" brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda "KFC" restoranlar şəbəkəsinin də qurucularındandır. "PNN Group"un digər sahibi onun oğlu Nəsib Piriyevdir. Adil Hüseynov isə Azərbaycan Beynəlxalq Bankının Dubaydakı nümayəndəsi olub.
- Nizami Piriyevlə, Adil Hüseynovun vəziyyəti necədir? Onlara hansı maddələrlə cinayət işi qaldırıblar?
- Maddələr hamıda eynidir, - 178.3.2-dir (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə).
- Nizami Piriyevin oğlu barədə axtarış elan ediblər?
- Yox, elə bir axtarış olduğunu eşitməmişəm.
- Ümumilikdə neçə nəfər həbs edilib?
- Nə bilim, bəlkə bir 20-30 nəfər, dəqiq deyə bilmərəm.
- Bunlara qarşı işgəncə ilə bağlı deyilənlər təsdiq olunmadı?
- Onu nə deyə bilərəm hə, nə deyə bilərəm yox. Bu gün mən onunla görüşdüm (Nizami Piriyevi nəzərdə tutur-red) dedi ki, heç nə yoxdur.
- Özü dedi?
- Bəli, bəli, yanımda idi. Dedi ki, hər şey normaldır, araşdırırlar, yəni ki, bu yaxın günlərdə bir nəticə çıxacaq. Məsələni həll edəcəm.
- Piriyev ittihamı qəbul edir?
- Yox, qəbul etmir. Çünki bu yeməyib, mənimsəməyib.
- Öhdəliklərini yerinə yetirib?
- Öhdəlikləri hələ gedirdi. Vaxtları da var idi. Onlar mülki münasibətdir. Söhbət ondan gedir ki, birinci dəfədir mən görürəm ki, kredit alanların hamısına desinlər ki, dələduzdur. Bu düzgün deyil. Çünki mülki münasibətdir, müqavilə ilə bağlı adi məsələni götürün, adam gedir ev almaq üçün kredit götürür, sabah problem olanda, ödəmə məsələsində bir az gecikəndə cərimə olur, cərimə məsələsi həll olunmayanda mülki qaydada irad göndərirlər. Ondan sonra da verirlər məhkəməyə, girov məsələsi var, girova yönəldirlər. Qiymətləndirirlər, hərraca çıxarırlar, ya da bu məsələlər özlərinə təslim olunur. Bu sırf mülki münasibətdir.
- İndi hansı hərəkət edəcəksiniz? Məhkəməyə müraciət edəcəksiniz?
- Hələ ittihamdan başqa konkret addım atılmayıb ki, bir hərəkət də oluna. Söhbət ondan gedir ki, Muxtar müəllim də (Nizami Piriyevin digər vəkili) yazıb, Piriyevin hərəkətlərində cinayət əməli yoxdur. Bu adam heç kimin etibarından sui-istifadə etməyib. Bu məsələ ilə bağlı kiminsə etibarından sui-istifadə etməyib, mənimsəmə yoxdur.
- Adil Hüseynov da belədir?
- Əlbəttə, Adil Hüseynovun orada nəzarət etdiyi, belə deyək, şifahi qaydada ona deyirdilər ki, orada Beynəlxalq Bankın nümayəndəsi idi, Dubayda. Konkret olaraq orada tikintilər getdiyi üçün ona Beynəlxalq Bankın rəhbəri tərəfindən tapşırılmışdı ki, həmin tikinti ilə bağlı köçürülən məbləğlərin təyinatı üzrə nəzarət etsin. Sadəcə nəzarət etmək, çünki bu əlində saxlamayıb, gözü ilə görməyib.
Kağıza baxırdı ki, hara gedir, hara köçürülür.
- Tikintini kim aparırmış?
- Tikintini orada icraçılar, cürbəcür təşkilatlar var idi. Orada olan işlərdir. Adil Hüseynovla bağlı əlavə bir məsələni də deyim. Söhbət ondan gedir ki, həmin iki zavoddan biri, - tekstil zavodu artıq üç ilə yaxındır fəaliyyət göstərir. Həmin zavodun açılışında Beynəlxalq Bankın rəhbəri, Dubay şeyxi, kral (Birləşmiş Ərəb Əmirliklərinin kralı-red), kralın ailəsi, Azərbaycanın vergi nümayəndələri iştirak edib. Hazırda saytına baxsanız, görərsiniz ki, müasir avadanlıqlarla təchiz olunmuş müasir fabrikdir. Eyni şəkildə metalqayırma zavodu da var idi. Orada armatur, digər dəmir məmulatları buraxacaqdılar. Bu tam hazır vəziyyətdə olan kimi üç ay bundan öncə dayandırdılar. Yüzdən çox işçini Beynəlxalq Bankın göstərişi ilə işdən azad etdilər. Hazırda 10-15 nəfər texniki işçilər qalıb, onların da bu ay maaşları ödənilməyib. Zavodun kommunal xərcləri ödənilməyib, ötən ayın borcları qalıb. Bir ay da belə getsə, zavod lap pis vəziyyətə düşəcək. Ötən il üçün zavodun 150 milyon qiyməti var idisə, bir ay keçsə heç onu yarı qiymətinə almayacaqlar.
- Zavodlar Beynəlxalq Bankın mülkiyyəti idi?
- Beynəlxalq Bankın buraxdığı vəsait hesabına tikilirdi. İndi kimindir? Orada bəzi-bəzi şirkətlər var, onların xarici təsisçiləri də, yerli təsisçiləri də var. Onu Beynəlxalq Bankın rəhbəri daha yaxşı bilər.
- Cahangir Hacıyev istintaqa dəvət edilib?
- Bilmirəm.
- Üzləşmə olmayıb?
- Yox. Üzləşmə-zad olmayıb. Bizimlə bağlı heç bir hərəkət olmayıb. Ona görə də bilmirəm. Dəvət olunub-olunmayıb, cəlb olunub-olunmayıb, deyə bilmərəm.
- Siz Piriyevin bədənində işgəncə izləri müşahidə etmədiniz?
- Mən onun bədəninə baxmamışam. Özündən soruşdum, dedim hər şey normaldır? Dedi bəli. Amma, nə olub, nə olmayıb onu deyə bilmərəm.
Cia.az