banner
banner

Sosİal

Azərbaycanda hər ay mindən artıq ailə dağılır

Azərbaycanda hər ay mindən artıq ailə dağılır
2015-ci il aprel ayının 1-nə olan məlumata görə, müvafiq dövlət orqanı tərəfindən 17 min nikah və 3 min boşanma halı qeydə alınıb. Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 olub.
 
Son illərin statistikası:
2012-ci ildə ölkədə 79065 nikah qeydə alınıb. Bu il üçün olan boşanmaların sayı isə 11087 olub. 2013-cü ildə nikah və boşanmaların sayı bir qədər artaraq 86852 və 11730-ə çatıb. 2014-cü ildə Azərbaycanda 12100 nəfər boşanıb, 84 900 nəfər nikaha girib.  Ötən il əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9, boşanmaların sayı isə 1,3 olub.
 
Bəs boşanmaların sayının bu qədər artmasının səbəbləri nələrdir? 

Hüquqşünas Əkrəm Həsənli Bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, səbəblər baxımından bu hüquqi məsələ deyil: "Qanunvericiliyimiz liberaldır: kim istəyir boşanır. Əngəl yoxdur. Boşanmaların artması mənəvi dəyərlərin deqradasiyası ilə bağlıdır. Bunun qarşısını hüquqi yolla almaq çətindir. Əvvəllər telekanalların boynuna atmaq olurdu. İndi isə yox. İnternet də var axı. Mənəvi dəyərlər düzgün aşılanmalı, dini biliklər artırılmalıdır". 
 
Psixoloq Dəyanət Rzayev isə deyir ki, boşanmaların artmasını bir tərəfdən müsbət qiymətləndirmək olar. İş ondadır ki, əvvəllər insanlar bir birilərindən nifrət etsələr də, birlikdə yaşamağa davam edirdilər:  "Camaat, qohum nə deyər" düşüncəsi ilə bir yerdə yaşayırdılar. Azərbaycanda qeyri formal ailələr yoxdur, ya da çox azdır. Daha çox formal ailələr var. Oğlanlardan tez-tez soruşuram ki, necə oldu evləndin? Cavabında deyirlər ki, ailəmə dedim ki, məni evləndirin. Onlar da bir qız tapıb evləndirdilər. Ancaq sonra çox peşman olduğunu və boşandığını deyir. Bu kimi hallar ölkəmizdə həddindən artıq çoxdur. Bu gün mentalitetimizdə belə bir düşüncə var ki, əgər oğlan ailə həyatı qurmursa, onun cinsi orientasiyasında problem var. Eynisini qız üçün də deyirlər. Əgər evlənmirsə, demək nə isə başqa bir iş var burda. Təbii ki, bu məcburiyyətdən qurulan ailələr alınmır və sonra boşanırlar. Bilirsiniz, nəyə görə deyirəm ki, boşanmalar müsbətdir? Biri var, insanlar bir birilərini öldürələr. Bir də var, anlaşıb boşanalar. Mətbuatda tez-tez ər arvadı öldürdü başlığı altında yazıları görürük. Bunların yaşanmasından boşanmaların olması daha müsbət haldır ".
 
"Ən çox zərər görənlər daimi konfliktlər olan ailədə böyüyən uşaqlar olur"

D.Rzayevin sözlərinə görə, cəmiyyətdə kişilərdə psixopatlaşma gedir. Bir var ki, qadın məcbur döyülərək ailədə yaşasın, bir də var boşansın: "Bunlar hamısı mentalitetin göstəricisidir. Bir tərəfdən də günah valideynlərdədir. Bir də görürsən, oğlan bir qızı sevir. Ailəsi isə oğlunun həmin qızla ailə qurmasına imkan vermir. Deyirlər ki, bizim ailəmizə uyğun deyil. Gərək, sənin qayınatan imkanlı şəxs ola. Başqa bir səbəb isə yerli məsələsidir. Bəzi ailələr eyni şəhərdən, rayondan olmayan şəxslərlə övladlarına ailə qurmağa imkan vermirlər. Təbii ki, bütün bunlar boşanmalara aparıb çıxarır. Daimi konflikt olan ailələrdə böyüyən uşaqlar isə ən çox zərər görən şəxslər olurlar. Onlar gələcəkdə ailələrində gördüklərini tətbiq etməyə başlayırlar. Ata əgər ananı döyürsə, uşaq da gələcəkdə yoldaşını döyəcək. Uşaqlar eyni valideynlərinin həyatını yaşayırlar. Gələcəkdə isə formal nikahlar tamamilə olmayacaq. İnsanlar vətəndaş nikahlarına üstünlük verəcəklər. Çünki insanlar evlənməyi mənasız olaraq görəcəklər. Bəziləri isə ən cüzi səbəbdən dolayı boşanmağa üz tuturlar".
Psixoloqun fikrincə, ailələr problem yaşadıqları zaman ailə psixoterapevtinə müraciət etməlidirlər. Azərbaycanda isə bu sahədə professionalların sayı çox azdır: "Bu gün mətbuatda olan psixoloqların çoxu heç bu ixtisası bitirmiş insanlar deyil. Onlar insanlara absurd məlumatlar verirlər. Ailə institutları isə yox dərəcədədir. Ailə qurmadan öncə profilaktika tədbirləri görülmür. Evlənməmişdən öncə gənclərin müraciət edəcəyi hansı mütəxəssislər var? Kim onlara uyğun gəlib gəlmədiyini, ailə qurmaqlarının tövsiyə olunub olunmadığını deyə bilər? Avropanı başqa vaxtı qınayırıq. Orda insanlar bir müddət birlikdə yaşayırlar, sonra isə uyğun olub-olmadıqlarını anlayırlar. Bizdə isə mentalitet buna icazə vermir. Nişan əslində gənclərin bir-birini tanıması üçün onlara verilən müddətdir. Əgər alınmırsa, ayırırlar. Bizdə isə bunu artıq faciəyə çevirirlər. Niyə? Alınmadı, alınmadı. Niyə qınamalıyıq? Əyri oturub düz danışaq, dəyərlərimiz düzgün deyil. Biz özümüz məcbur edirik ki, bizə yalan danışsınlar, bizi aldatsınlar". 
 
"Bağlanan nikahların 10-11 faizi rəsmi qaydada pozulur"

Hüquqşünas Müzəffər Baxış azadlıqa.info-ya verdiyi açıqlamada ictimai münasibətlərin inkişaf etdiyini, ailə qurmağın adiləşdiyini deyib: "Əvvəllər Azərbaycanda ailə çox önəmli bir institut idi. Konstitusiyanın 17-ci maddəsinə görə ailə dövlətin xüsusi himayəsindədir və cəmiyyətin əsas özəyidir. Azərbaycan ailələri çox mükəmməl olublar. Amma ictimai münasibətlərin inkişafı ilə əlaqədar olaraq təsadüfi nikahların bağlanır. Azərbaycanda boşanmaların əsas səbəblərindən biri xəyanətdir. İnsanlar arasında xüsusi elektron əlaqələrin genişlənməsi elektron xidmətlərlə bağlı şübhələrin artmasına gətirib çıxarır. Əksər insanlar bunu qəbul etmirlər və belə halları aşkar edəndə hökmən boşanmaya gətirib çıxarır".
 
Ekspertin sözlərinə görə, digər bir səbəb kimi sosial problemlər özünü göstərir. Ailə başçısı təminatı lazımi qaydada həyata keçirmədikdə xanımlar dözümsüzlük göstərirlər. Kişi normal vəsait evə gətirməyəndə xanımlar asan yollar axtarırlar ki, daha təmtəraqlı həyat sürsünlər. Digər xırda səbəblər də var: "Bir səbəb kimi xasiyyətlərin uyğun gəlmədiyini göstərirlər. Ancaq bunlar bəhanələrdir. Digər bir səbəb sonsuzluqdur. Son zamanlar sonsuzluğun sayının artması və bunun aradan qaldırılmasının qeyri-mümkünlüyü ailənin dağılmasına səbəb olur. Buna görə də Azərbaycan cəmiyyətində bağlanan nikahların 10-11 faizi rəsmi qaydada pozulur. Yəqin ki, qeyri-rəsmi qaydada 20 faizə yaxın nikahlar pozulur".
 
"Bu təhlükəli hal davam edəcək..."

Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, o bu mövzu haqda uzun müddətdir xəbərdarlıq edir. Televiziyalarda, qəzetlərdə məsələnin aktuallığı haqqında danışılsa da, fikir verən yoxdur: "Bu təhlükəli hal davam edəcək. Boşanmaların statistik göstəricisi ili-ildən artacaq: gələn il daha çox olacaq. Təkcə boşanma məsələsi deyil. Ailə zəminində münaqişələr, cinayətlər də çoxalır. Azərbaycan ailəsi indi çox pis bir vəziyyətdədir. Tarixində olmadığı qədər gərgin bir vəziyyətdədir. Bunun da kökündə cəmiyyətimizdə get-gedə maddi dəyərlərin aktuallaşması dayanır. Maddi dəyərlər mənəvi dəyərləri sıxışdırır. O biri tərəfdən, bu fonda sosial şəbəkələrin fəaliyyəti də çox pis təsir göstərir. Eyni zamanda Qərb haqqında informasiyalarımızın düzgün olmamasıdır. Bizim camaatda Avropa barəsində təsəvvürlər aydın şəkildə deyil".
Ə.Qəşəmoğlunun sözlərinə görə, insanlarımız açıq-saçıqlığı, nə istəsələr etməyi müasirlik olaraq anlayır. Bunlar tamamilə səhvdir: "Baxmayaraq ki, üç ildir arxa-arxaya Ailə, Uşaq məsələləri üzrə Dövlət Komitəsinə təkliflər verirəm, onlar bunu qulaqardına vurur. Ciddi fəaliyət planı olmalıdır. Elmi şəkildə təsdiqlənmiş plandan söhbət gedir. Bu, Azərbaycan ailəsini xilas etməlidir. Ailə sadəcə gəlişi gözəl söz deyil. İstənilən - siyasi, sosial, psixoloji, fəlsəfi tərəfdən müzakirə olunsa, Azərbaycan ailəsində  yaxşı dəyərlər var idi. Təəssüf ki, biz bunun fərqində olmadıq. Get-gedə bu dəyərlər sıradan çıxmaqdadır. Bu isə ürəkağrıdıcı haldır".
 
Ekspert təkliflər irəli sürür

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, problemlə bağlı konkret və praktik addımlar hələ də  görünmür. Əslində nikaha daxil olanlarla müqayisədə  boşananların o qədər də böyük rəqəm olmadığını söyləyənlər var. Məsələyə bir aspektdən yanaşılarsa, təbii ki, problem həll olunmamış qalacaq. 3 aya 3 min boşanma  bu aya min boşanmadan xəbər verir. Əgər  aylıq dinamika belə davam edərsə, demək il ərzində 12 min boşanma gözlənilir. Bu SOS cağırışıdır. Əslində boşanmaların əksəriyyətinin kökündə  ailə quran şəxslərin ailəyə kifayət qədər ciddi yanaşmaması dayanır. Ənənəvi olaraq ailə quran şəxslər: sevgi (emosional) təsiri ilə, ailələrin məcburetməsi: məcburi nikah, məqsədli nikah; nəsilartırma məqsədi ilə; yaş ötməsi ilə bağlı təlaşla bağlı evlilik və s. misal gətirmək olar". 
 
M.Zeynalovanın fikrincə, əksər evliliklər ənənəvi olaraq  sadəcə "toy olsun evlənim", "hamı evlənir", tək qalmaq qorxusu və s digər psixoloji  davranışdam qaynaqlanaraq evlənənlərdir: "Ailənin daimi və sabit qalmasını planlaşdıraraq özünə ömür-gün yoldaşı seçənlərin sayı faiz hesabı azdır. Ailələrdə bir-birinə inamsızlıq, etimadsızlıq, birinin digərinə qarşı hörmət hissinin nümayişi və s.  kifayət qədər hökm sürür. Təbii ki, müdaxilələr və ağsaqqallar institutunun yox olması bu boşanmaların sayını artırır. İctimai qınağın əks təbiliğə cevrilməsi də bu səpgidəndir. Nə etməli?  Bunun sadə bir yolu var.  Nikaha daxil olan şəxslər üçün düşünmə dövrünün artırılması, VAAQ şöbələrində ərizə verən şəxslərlə mütəxəssislərin görüşlərinin təşkili - psixoloq, hüquqşünas, tibb personlaının bu prosesə qoşulması nikahların  sabitliyi üçün münbit şərait yarada bilər.  Nəhayət TV- lərdə  müasir və milli  ailə modelinin təbliği, müsbət nümunələrin əhaliyə çatdırılması günün vacib tələbidir".
"Lakin unutmamalıyıq ki, qeyri rəsmi nikah kimi bir problemimiz də mövcuddur. Hesab edirəm ki, yeni ailə modelinin bir sıra məqamları var ki, alimlər bu modelin milli mənəvi dəyərlərimizə söykənən modelini hazırlamalı və onun həyata keçirilməsi üçün  sosial işçilər, pxioloqlar və s. bu işə cəlb etməlidirilər" - deyə M.Zeynalova bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.