banner
banner

Sosİal

Xəzər insanları niyə udur...

Xəzər insanları niyə udur...
Çimərliklərdə boğulma halları son günlər daha da artıb. Demək olar ki, hər gün bir neçə nəfərin çimərlikdə boğulması haqda xəbərlər eşidirik. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 4-5 avqust tarixlərində dənizdə çimərkən düz 7 nəfər batıb - son 24 saat ərzində 7 nəfər həyatı ilə vidalaşıb, daha 4 nəfəri isə FHN-in xilasediciləri ölümün çəngəsindən qurtara biliblər.
Həmin dəhşətli statistikanı da təqdim edirik: Bakının Xəzər rayonu - 1 nəfər (cəsədi hələ tapılmayıb). Bakının Xəzər rayonu - 1 nəfər. 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızı. Leyla Xəzər rayonunda dənizdə, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 kilometr aralıda, nəzarətsiz ərazidə çimərkən batıb. Onun cəsədi tapılaraq, ailəsinə təhvil verilib.    Bakının Qaradağ rayonu - 1 nəfər. 1997-ci il təvəllüdlü Akın Ərbin. Qaradağ rayonunda nəzarətsiz ərazidə çimən Ərbinin cəsədi də tapılaraq, yaxınlarına təhvil verilib.   Bakı, Nardaran qəsəbəsi - 1 nəfər. Batan şəxsin axtarışları davam edir.    Bakı, Sabunçu rayonu - 1 nəfər. 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlu ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda, nəzarətsiz yerdə suda batıb. Onun cəsədi tapılaraq, yaxınlarına təhvil verilib.   Sumqayıt şəhəri - 2 nəfər. 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlu və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlu. Xalaoğlu olan bu iki gənc ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar. Onların cəsədləri tapılaraq, yaxınlarına təhvil verilib.
 
Maraqlıdır, Xəzər dənizi niyə insanları udur? Bu qədər boğulma hallarının olmasına səbəb nədir? İnsanların laqeydliyi, yoxsa dənizdə nələrsə baş verir?
 
Bütün yayı dənizdə dincələn və üzməyi çox sevən qəzetimizin əməkdaşı Elşən Məmmədəliyev bunun səbəbini dəyişkən havada insanların suya girməsi ilə əlaqələndirdi: “Bəzən gah şimal, gah cənub, gah da şimal-qərb küləyi olur. Hava dəyişkəndir, bu cür hava da suda axın əmələ gətirir. Axınlar üzə bilməyən və təcrübəsiz insanlar üçün təhlükəlidir. Hava şəraiti 2-3 gün bu cür davam edəcək. Yaxşı olar ki, dənizə gedən adamlar əvvəlcədən hava ilə bağlı xəbərləri diqqətlə izləsinlər ki, gün ərzində hava neçə dəfə dəyişiləcək. Havanın dəyişkən olması o deməkdir ki, dənizdə təhlükəli vəziyyət var. Dəyişkən havada da suya yalnız qurşağa qədər girmək olar. Bir az çəkisi az olan adamları bu axın daha tez aparır. Cənub küləyində əsasən külək sahildən dənizə əsir. Şimal küləyində isə dənizdən sahilə əsir. Amma hərdən olur ki, qarışıq olur. Yəni şimal-qərb küləyi olur. Bu zaman da suyun alt qatında axın olur. Su əks tərəfə axır və sanki adamın ayağının altından çəkir. Sanki suyun üzü əks tərəfə gəlir, altı isə dənizə tərəf gedir. Qarışıq axınlar əmələ gəlir. Ona görə də bu havada dənizdə üzən təcrübəsiz adamların batması an məsələsidir. Əgər kənarda xilasedici, üzməyi bacaran adam olmasa həmin adamların boğulması adi haldır. Batan adam çabalayıb qışqırır, bu zaman istər-istəməz su boğazına dolur. O adamı dartıb sahilə çıxarandan sonra da ona ilkin tibbi yardım göstərilməsi məsələsini çox adam bilmir. Sahildə olan 100 nəfərdən bəlkə 1-2 nəfər ilkin tibbi yardımı bilər. Bununla bağlı əhali arasında heç bir maarifləndirmə işi aparılmır. Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və yaxud da digər müvafiq qurumların   hansısa televiziya kanallarında və ya qəzetlərdə maarifləndirici reklamları olmalıdır ki, suda boğulan şəxslərə ilkin tibbi yardım necə göstərilsin”.
 
E.Məmmədəliyev batma hallarının artmasının digər bir səbəbini də sahil ərazilərinin zəbt edilməsində və suyun içinə qədər hasarların çəkilməsində gördüyünü dedi: “Boğulma hallarının digər bir səbəbi də sıxlıqla bağlıdır . Dəniz sahillərinin zəbt olunması hasarların dənizin içinə qədər getməsi dəniz sahilindəki suyun axınlarının qarşısını alır. Birdən-birə böyük bir ərazidə olmalı axın suyun içinə qədər hasarlanmış ərazilərin olması səbəbindən hansısa konkret bir yerdə daha yüksək sürətlə dövr etməyə başlayır. Bu da boğulmalara səbəb olur. Əvvəllər bu qədər adam batmırdı”.
 
Maraqlıdır, batan adama ilkin tibbi yardım necə göstərilməlidir?
 
Dəniz suyunda həll olunmuş maddələrin konsentrasiyası qana nisbətən çox olduğuna görə dəniz suyu ağ ciyərlərə daxil olan zaman qanın maye hissəsi zülallarla birgə qan damarlarından alveollara daxil olur. Bu, qanın qatılaşmasına, onun tərkibindəki kalium, natrium, kalsium, maqnezium və xlor ionlarının konsentrasiyasının artmasına gətirib çıxarır. Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.
 
Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünü yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır. İlk olaraq boğulan şəxsin nəfəs yollarından suyu xaric  etmək lazımdır. Boğulan şəxsi şaquli istiqamətdə başı aşağı tutmaq və boğazına, qarnına dolan suyu boşaltmaq lazımdır. Bu zaman onun kürəyinə yüngülcə vurmaq, döş qəfəsini öndən və arxadan sıxmaq lazımdır ki, ağ ciyərlərdən su daha tez xaric olsun. Əgər xəstə hələ də özünə gəlməyibsə, bu zaman ürək masajı və paralel olaraq, süni tənəffüs verilməlidir. Əgər zərərçəkən huşunu itirməyibsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra  onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.