Bakının ictimai nəqliyyatındakı əsl vəziyyəti bir avtobus sürücüsü ifşa etdi.
Onun dedikləri sərnişin daşınmasındakı acınacaqlı durumu tam çılpaqlığı ilə göstərdi.
Qaraçuxur qəsəbəsindən Bakı kəndlərinə sərnişin daşıyan 208 saylı avtobusun sürücüsü ilə söhbətim təsadüfən alındı. Bakıxanov qəsəbəsinin mərkəzində, “Razin stansiyası” kimi tanınan ərazidə 208 saylı marşrutun sürücüsü avtobusu saxladı. Bakıxanov parkının yaxınlığında dayanmış maşından bir kişi düşərək avtobusa yaxınlaşdı. Sürücü isə xeyli pul sayıb həmin şəxsə verdi və yoluna davam etdi.
Onun kişiyə verdiyi pulun gündəlik plan olduğunu təxmin etmişdim. Özümü saxlaya bilməyib “neçə verdin ona?” soruşdum. Sanki sürücü elə bu sualı gözləyirmiş:
“Qardaş, dərdimi təzələmə. 141 manat plan verdim. 45 manat yanacaq, xırda-xuruş xərcləri də saysaq, 200 manat çıxır. Səhərdən eşşək kimi işləyirəm, özümə cəmi 14 manat qaldı. İki reysim qalıb, Allah kərimdir, nə toplasam, qənimətdir”.
Dərdini danışıb dayanan kimi “bəs planı niyə küçənin ortasında verirsən, qarajınız yoxdur?” sualıma cavabı isə bütün paytaxt avtobuslarının idarə edilməsindəki biabırçılığı üzə çıxardı:
“Qarajımız var, əvvəllər planı aparıb qarajda verirdik. Amma maraqlı hadisələr baş verirdi. Sürücülərin çoxunun nə sürücülük vəsiqəsi var, nə sənəd. Gün ərzində işləyirdilər, plan vaxtına az qalmış avtobusu atıb, qazandıqlarını da götürüb qaçırdılar. Ondan sonra marşrut rəhbəri planı küçədə yığır. Günortaya kimi 45-50 manatı alır, axşam da yerdə qalanını”.
Sadə bir sürücünün dərdini qısaca nağıl etməsi əslində avtobuslarda vəziyyətin necə acınacaqlı olduğunu göstərdi. Sürücünün dediklərindən görünür ki, sərnişin avtobuslarının əksəriyyətində vəziyyət nəzarətdə deyil, məqsəd pul yığmaqdır.
Sərnişindaşımadakı belə vəziyyətin qarşısını almaq üçün, fikrimcə, bu sahə sahibkarlardan alınıb dövlət nəzarətinə keçməlidir. Ekspert daha kəskin mövqe ortaya qoydu və ictimai nəqliyyatdakı sahibkarlığı "böyük gəlirlər götürmək üçün dişlərini qıcamış kütlə" adlandırdı.
Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov Milli.Az-a açıqlamasında bildirdi ki, bu vaxta kimi, elə indi də avtobuslar dövlətin nəzarətində, Nəqliyyat Nazirliyinin tabeliyindədir. Ekspertin sözlərinə görə, ictimai nəqliyyat sahəsində sahibkarlıq inkişaf edə bilmədi. Bu sahənin təməli əvvəldən düzgün qoyulmadı. Strateji sahənin təcrübəsi olmayan sahibkarlığa həvalə edilməsi isə düzgün deyildi. Sahibkarlaq sadəcə təcrübə toplamaq kimi işə başlamalı idi.
M.Rüstəmovun fikrincə, əvvəldən bu işdə böyük gəlirlər götürmək üçün sahibkarlıq adı ilə dişlərini qıcamış kütlə yaranmışdı:
“Lakin böyük gəlirlər mümkün olmadı, ona görə də çıxış yolu qaldı əhalini soymaq, cibinə girmək. Dövlətin bir nömrəli vəzifəsidir ki, əhalinin rahatlığının qeydinə qala, bu sahəni tənzimləyə. Bunu isə bizim sahibkarlıq yerinə yetirə bilməz. Çünki təcrübəsi yoxdur. Formalaşmağa isə imkan verilmir, çünki monopoliyadadır. Bu sahədə nə normal sahibkarlıq var, nə də dövlət nəzarəti, sadəcə bəzi qüvvələr bundan öz xeyirlərinə istifadə edirlər. Əhalini fikirləşən yoxdur. Müəyyən qurumlar bu sahibkarı sıxır, sahibkar - sürücünü, sürücü də sərnişini sıxır”.
Birlik sədri təklif edir ki, ictimai nəqliyyatı bataqlıqdan çıxarmaq üçün dövlət şəffaflığı ortaya qoymaq naminə işlər görməli, təhlükəsizlik və hərəkətin qeydinə qalmalıdır:
“Qanun işlək vəziyyətə salınmalıdır. Hesabat verilmir, verilirsə də, quru kağız üzərindədir. İntellektual nəqliyyat sisteminin töhfələr verəcəyindən vaxtilə ağızdolusu danışırdıq. 100 milyon pul xərcləndi, hanı bəs o töhfə? Televizorda filan küçələrdə sıxlığı göstərir, bunu "Təhlükəsiz Şəhər" də göstərirdi. İntellektual nəqliyyat sistemi ona görə alınmadı ki, bunun üçün normal vəziyyət yaranmamışdı. Birinci, yollar təmir olunmalı və nəqliyyatın tam ixtiyarına verilməli idi. Bu gün yol qazılıbsa, yollar təmirdədirsə və tikinti gedirsə, intellektual sistemin rolu olmaz”.
Məqsədimiz vətəndaşın pulunun vətənə daş olanların ciblərinə yox, büdcəyə getməsinə nail olmaqdır. Bundan başqa, Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılmalı, bu quruma sahibkarların tamahkar "fəaliyyət" müdaxilələrinə son qoyulmalıdr. //Milli.Az


