Sabahdan Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minəcək.
Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir ki, nazirlik dərmanların vahid qiymətə satılması məsələsinə nəzarət edəcək.
Qeyd edək ki, Tarif Şuranın 30 iyul tarixli iclasında 25 təsiredici maddə üzrə 256 adda, avqustun 25-də keçirilmiş növbəti iclasında isə həmin tərkibdə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənib.
Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 15 sentyabr, 2015-ci il tarixindən qüvvəyə minəcək.
Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz.
Hazırkı qiymətləndirəyə əsasən, nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib. 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, ümumilikdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
Satılan dərmanları üzərində qiymətlər göstərilməlidir. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi dərman vasitələrinin üzərində qiymətin göstərilməsi üsulları təsdiq edib.
Bu üsullara əsasən, qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, seçimdən asılı olaraq, qiymətlər sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ya ştamp vasitəsilə vurmaqla göstərilməlidir.
Dərman vasitəsinin pərakəndə satış qiyməti onun üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi tərəfindən vurulmalıdır. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır.
Bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir.
“Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları” ilə İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Səhiyyə Nazirliyinin dərman vasitələri haqqında elektron məlumatlar bazasında (www.pharma.az), eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (www.consumer.gov.az) və Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) internet səhifələrində tanış olmaq olar.
Cia.az


