Onunla danışmaq təxmin edildiyindən də çətin oldu. Bir Allah, bir şahidlər bilir, müsahibə üçün razılıqlar neçə dəfə verildi, tərəddüdlər, uzun-uzadı telefon danışıqları... Hətta bir dəfə görüşdük, 4-5 saatlıq görüşün sonunda müsahibə də alındı, amma sonra ondan da vaz keçildi. O hekayəni isə xatırlamaq belə istəmirəm.
Keçmiş millət vəkili, 1 il 3 aylıq məhbusluq dönəmindən sonra 2014-cü ilin 5 mayında azadlığa çıxan Gülər Əhmədova o vaxtdan bəri mətbuatda epizodik olaraq görünüb. Bir-iki suala cavab verib, siyasətdən, ictimai həyatdan uzaqlaşdığını deməklə kifayətlənib sadəcə. Amma bu sətirlərin müəllifinə elə məhkəmə zalında dediyi “mən çıxacam və biz oturub qız-qıza danışacağıq” anonsu aktuallığını hər zaman qoruyurdu.
Müsahibənin əvvəlindən şərtini qoydu: nə məlum videodan, nə Elşad Abdullayevdən, nə siyasətdən, nə də Sevinc Babayevadan danışacam.... Söz sözü gətirib, mövzu sadaladıqlarımıza gəlincə isə, “onda danışmıram” deyib, ayağa durdu. Və biz də eks - deputatın, siyasət adamının son bir neçə ildə hamımızın gözü qarşısında yaşadıqlarını detallara varmadan onun dilindən anlatmağa çalışdıq.
- Gülər Əhmədovanın məhkəmə günlərini görənlər xatırlayır. Geyim-gecimi, səliqəsi, ətri, çıxışlarındakı isterikasızlığı... Bugünlərdə Leyla Yunusun məhkəmə fotoları yayılanda sarsıldım mən. Onun necə dəyişdiyini, türmənin o şarmlı xanımı necə yaşlı bir qadına dönüşdürdüyünü gördüm. Dərhal ağlıma sizlə bağlı mənzərə gəldi. Türmədə belə baxımlı olmaq, o duruşu saxlamaq... Nə idi bunun arxasındakı səbəb?
|
“Sağ olsunlar, mənə təpik vurdular...”
|
- Birincisi, mən belə demək mümkünsə, nənə uşağıyam. Mənə nənəm baxıb. Allah ölənlərinizə rəhmət eləsin, mənim nənəm də, babam da repressiya qurbanları olub. Əslində qurban da olmayıblar, mən qurban sözünü xoşlamıram. Repressiya olunmuş adamlar idilər. Yəni yalançı bəylər yox, əsl bəylərdən olublar. Nənəmgil ağır ocaq, babamgil də bəy olublar. Kitablı-dəftərli. Mən nənəmi ən kasıb vaxtlarında görmüşəm. O səliqə-sahmanı ondan götürmüşəm. Doğrudur, mənim nənəm başıbağlı idi, uzun paltar geyinirdi, kəlağayılı idi. Amma onun ev paltarı, ev ayaqqabısı ayrı idi, çöl paltarı, çöl ayaqqabısı tamam ayrı idi. Toya-yasa gedəsi paltarları ayrı, dükana geyinəcəkləri tamam ayrı idi. Bu adamda hər şey düppədüz idi. Duran kimi dəstəmazını alar, saçını darayar, dişini yuyardı. Bizə də elə başa salırdı. Bacım da o cürdür. Biz elə hesab edirik və bizim beynimizə elə yeridiblər ki, bilsən, 1 saatdan sonra öləcəksən, ya 1 saat sonra səni asmağa aparacaqlar, yenə özünü xanım kimi apar, xanımlığını əlindən vermə. Nənəm deyirdi ki, adamın hər şeyini əlindən almaq olar, pulunu da, vəzifəsini də - gerçəkdən də əlindən hər şeyini almışdılar. Həmişə sözü bu olurdu ki, əlindən hər şeyini alsalar da, xanımlığını itirmə.
- Siz də nənənizin taleyini yaşadız, deyəsən... Əlinizdən hər şeyinizi aldılar və...
- İndi mən özümə qiymət vermək istəmirəm. Buna kənardan baxanlar qiymət verməlidilər. Mən hesab edirəm ki, heç nəyimi almayıblar. Bu, nənəmdən keçən tərbiyədir. Bacımı da məhkəməyə gedib gələndə gördünüz. Nə qədər problemli, dərdli olsaq da, səliqə-sahmanımız yerində olmalıdır. Bu, ailədən gələn bir şeydir. Bir də gözəl bir sözü var idi ki, “evini təmiz saxla, qəfil qonağın gələr, özünü təmiz saxla, qəfil ölümün gələr”. Bəzən beş addım aralıda yerləşən dükana, qonşuya gedəndə tər-təmiz geyinir və biz buna təəccüblənəndə deyirdi ki, “qadoyu alım, sən hardan bilirsən, Əzrayıl məni harda gözləyir? Adamam da, getdiyim yerdə birdən ölüm məni yaxaladı. Deməzlər ki, bunun arvadlığına, geyiminə, ayaqqabısına bax?”
- Geyimdən söz düşmüşkən, siz də məhkəmələrə başıbağlı, uzun paltarda gəlirdiz. Bu mənzərəni görənlərin çoxu dedi, Gülər Əhmədova başını bağladı, özünü Benazir Bhuttoya oxşadır və sair...
- Yox, hicaba-filana keçməmişəm. Bir cümlə ilə deyəcəm. Kim necə istəyirsə, elə də başa düşsün. Hər yerin öz səliqə-sahmanı olmalıdır. Təsəvvür edin, məhbussan, məhkəməyə gətirilirsən və orda maşına minib düşürsən. Orda konvoy da var, başqa adamlar da var, yad kişilər var. Bir az qısa paltar geyinsən, maşına minib-düşəndə özünə narahat olar və sair. Kimsə nəsə deyər və sair. Axı buna nə ehtiyac var? Hazır uzun paltar geyinirsən, gedib-gəlirsən də. Özün də rahat ol da.
|
“Məhkəmədə uzun geyinib, başımı bağlamağımın tək səbəbi....”
|
- Hər halda, heç kim məhbus da olsa, Gülər Əhmədovaya geyiminə görə nəsə söz deməyə, narahatlıq yaratmağa risk eləməz axı...
- Sevinc xanım, risk nədir axı? Göz baxır. Sən kiməsə deyə bilərsən ki, mənə baxma? Yox. Özünü müdafiə etmək üçün başqa yol qalmır axı.
- Hətta mən eşitmişdim ki, siz türməyə girib-çıxanda bütün koridoru boşaldırlar. Sizə baxmaq, canlı-canlı sizi görmək istəyənlər çox imiş nəyə görəsə. Məhbus qadınların özəl diqqətinin səbəbi nə idi? Təsəlli?
- (Gülür) Hə, çox adam özünə təsəlli tapırdı. Mən ora gələndən sonra xanımlar demişdilər ki, daha burda yatmağa nə var ki? Deputatı da tutublar.
- Amma ailə üzvlərinizi siz nəzarətdə saxlayırdız. Məhkəmədəki müşahidələrimə görə, hətta emosional, əsəbi yaxınlarınıza belə siz təlimatlar verirdiz. Bəlkə də əksinə olmalıydı...
- Hamını başa düşmək lazımdır. Birinin bacısı tutulub, o birinin anası, bir başqasının həyat yoldaşı... O insanlar necə olmalıdılar? İkincisinə qalanda, mən həmişə ailədə bu yükü çəkmişəm, hər zaman sülh tərəfdarı olmuşam. Adam əsəbi ola bilər. Hamının əsəbi var. Amma ümumiyyətlə, hesab edirəm ki, hər şeyi yoluna qoymağa çalışmaq lazımdır. Mən türmədə bir söz dedim ki, ancaq qəbirdən çıxmaq mümkün deyil. İnşallah, qismət olacaq, burdan da çıxacağıq. Yəni bu, əlahəzrət həyatdır. Mən həmişə ailə üzvlərimə deyirdim ki, kimsiz, özünüzü nə sayırsız? Peyğəmbərdən artıq adamlarsız? Peyğəmbərin, onun balalarının başına nələr gəlib? Ondan artıq deyilsən ki? Bir imtahandır, sınaqdır, üzüağ çıxmaq lazımdır. İsterika, hay-küy olmaz. Bunlar bizə yaraşmaz. Həyatda hər şey ola bilər.
- Amma siz də tez-tez məhkəmədə ürəyinizə görə sıxıntılı duruma düşürdüz. Dəfələrlə məhkəmə prosesi təxirə salınıb bu problemə görə...
|
“Özümü müdafiə üçün başqa yol qalmadı”
|
- Bir şeyin ki, adı ürəkdir, ona necə söz başa salasan? Üstdəkiləri idarə etmək olur, amma daxildəkiləri yox. Baxma, yaş var, yorğunluq var, çətin, ağır işimiz olub, gərgin iş rejimində işləmişəm.
- Ürək ağrısını bu hadisələrdən sonra tapdız, yoxsa əvvəldən də vardı?
- Yox, əvvəldən heç nəyim yox idi. Bu hadisələrdən sonra oldu. Onsuz da insan nədənsə ölməlidir.
- Amma yadımdadır, sizin məhkəmə proseslərində ürəyinizdə problem olduğunu deməyinizə, prosesin təxirə salınmasına müxtəlif münasibətlər də vardı. Məsələn, deyirdilər ki, “yuxarı”dan gözlənilən qərar gəlmədiyi üçün Gülər Əhmədova prosesi uzatmaq məqsədilə belə bir üsula baş vurdu...
- İnsanlar bir-birinə qarşı çox qəddarlaşıb. Baxın son zamanlar cəmiyyətdə baş alıb gedən bu intihar hallarına. Bunlar nədən irəli gəlir, bilirsiniz? Həmin adamların yaxın ətrafı onlara qarşı sevgisini azaldıb. Sevgisizlik mühiti var. Dostlar, ailədə, bacı-qardaş arasında sevgisizlik mühiti var. İndi bacı-qardaş bir-birini aylarla görmür, toydan-toya, yasdan-yasa görürlər bir-birini. Birinin uşağı xəstələnir, qohumlarından, dostlarından, iş yoldaşlarından maddi-mənəvi dəstək görmür. Məcbur çıxıb sosial şəbəkədə elan verir. Halbuki axtarsan, onun da böyük tayfası var. İnsanlar özünü heç vaxt fövqəladə, əlahiddə görməsinlər. Yanlarında olan, başına fəlakət gələn insanlara qəddarlıq eləməsinlər. Kimsə yıxılıbsa, gəlib ona təpik vurmaq kişilik, mərdlik deyil. Kişilik odur ki, yıxılan adama kömək eləyəsən.
- Sizə təpik vuranlar çox oldu... Kənardan belə göründü, hər halda. Siz bunu müşahidə etdiz?
- Sağ olsunlar, oldu. Mən bunu gördüm və unutdum. Çünki ümumiyyətlə hesab edirəm ki, elə şeyləri içəridə saxlamaq adamı qocaldır və xəstələndirir. Mən 10 yaşında bir oğlanın anasıyam. Yaşamaq, oğlumu böyütmək istəyirəm. Onları içimdə saxlasam, çox tez xəstəlik taparam. Mən o adamların hamısını bağışlamışam. Heç birinə də içimdə pis hissim yoxdur. Onu bilirəm ki, dünya çox ədalətlidir. Düşünürük ki, biz çox güclüyük, vəzifə-filan. Amma dünyanı idarə edən Allahdır. Çalışıb onun qəzəbinə tuş gəlməmək lazımdır. Səhv edə bilərik. Amma elə şeylər var ki, onu uşaq da bilir olmaz.
- Ortada başqa bir nüans da vardı. Mən məlum proseslər zamanı sizə olan aqressiyanın kökündə insanların narazı olduğu hökumətdən, iqtidardan olan heyfini sizdən çıxarma cəhdini müşahidə etdim. Sanki “bax, neçə illərdir müdafiə etdiyin hökumət elə sənə yaxşı elədi. Gör biz neçə ildir nə çəkirik” havası vardı o reaksiyalarda...
|
“JEK-dən arayış ala bilməyən adam da heyfini Gülər Əhmədovadan çıxmaq istədi”
|
- (Gülür) Hə, JEK-dən arayış ala bilməyən adam da heyfini Gülər Əhmədovadan çıxmaq istədi. Elə bir məqam vardı, tam haqlısız. Amma o da kütlənin cahilliyidir də. Kimsə hansısa JEK-dən küsüb, qayınanası ilə yola getməyib, əriylə axşam dalaşıb... Səhər durub bu hadisəni oxuyanda deyir ki, əcəb oldu elə Gülər Əhmədovaya. Bu cahillikdi axı. Amma belə bir hava yaranmışdı ki, ictimai fikir mənim əleyhimədir. Mən də dönə-dönə demişdim ki, ictimai fikir mənim əleyhimə ola bilməz, mümkünatı yoxdur. 6000-ə yaxın insan mənim xeyrimə imza topladı, müraciət elədi ki, həbsdən azad edilsin. Məqamı düşmüşkən, mənimlə bağlı müraciət edən millət vəkillərinə, ziyalılara təşəkkür edirəm. Mənim onlara bir vəfa borcum var. Üstəlik, ictimai rəyin hansı formada olduğunu yoxlamaq üçün həbsdən iki gün sonra mən bayıra, alış-verişə çıxdım. Gördüm ki, mənim həbsdən çıxmağıma sevinənlər çox idi, mənlə görüşüb-qucaqlaşıb sevinənlər, cənab prezidentə təşəkkür edənlər çox idi. Mətbuatın yaratdığı o hava yox idi. Guya camaatın məndən zəhləsi gedir-filan. O nə şərhlər idi, bilmirəm.
- İnsanlar gördükləri heç nəyə inanmadı deyirsiz? Yoxsa mərhəmət hissi vardı onların sizə münasibətində?
- Bilmirəm mərhəmət idi, yoxsa insanların mənə olan münasibəti idi. Amma hər halda, mətbuatda, sosial şəbəkədə yaranan o əhval reallıqda yox idi.
- Tutulana qədər barənizdə sosial şəbəkədəki müzakirələrin hamısını izləyirdiz?
- Tutulana qədər bacardığım qədər izləmişəm.
- Həbs gününüzə qayıdaq istərsəniz. O vaxt da belə versiya ortaya atıldı ki, Gülər Əhmədovanın oğlunun 8 yaşı tamam olan gün tutulmasının xüsusi səbəbi var. Çünki qanunvericilikdə övladı 8 yaşına qədər olan analarla bağlı xüsusi güzəşt var. Sizi doğum günü masasından apardılar?
(Davamı növbəti sayımızda)
Cia.az