banner
banner

Sosİal

Bakını Avropa şəhərindən fərqləndirən daha bir “özəllik” - səs terroru...

Bakını Avropa şəhərindən fərqləndirən daha bir “özəllik” -

Dəyanət Rzayev: “Belə hallar insan psixologiyasını pozur, ancaq mən heç vaxt xlor satanın üstünə qışqırmaram, çünki...”

 

 
“Yaxşı qatıq var, qatıq!”, “Xlor, mebel yağı, nöyüt!”, “Alma var, alma!..” Yəqin ki, paytaxt sakinlərinin çoxuna bu cür səslər, çağırışlar tanışdır. Bəlkə də nə vaxtsa bu səslər səhərin şirin yuxusundan sizi oyadıb, qəzəbləndirib. 

Yaxud binanızın yanında fəaliyyət göstərən avtoyumanın sübh tezdən başlayan səs-küyü hərdən insanı az-qala özündən çıxarır. Son vaxtlar şəhərdə gedən tikinti işləri və maşınların sayının artması da texnogen, yəni qeyri-təbii səslərin çoxalmasına səbəb olub. 
 
Ekoloqların dediyinə görə, əslində səs-küyün səviyyəsi 40-50 destibel olmalıdır. Bakıda isə bu, normadan 2-3 dəfə artıqdır. Mütəxəssislər fikrincə, səs-küy, gurultu, insanın psixoloji durumuna mənfi təsir edir, onun aqressivliyini artırır. 

Psixoloq Dəyanət Rzayev bu cür səslərin insanın psixologiyasını korladığını dedi: “O vaxt ”Mozalan" adlı bir veriliş var idi. Orada bir kişi gecəni səhərə qədər səs-küydən yata bilmir. Gah qonşuların məhəllədə domino oynamasının səsi gəlir, gah da kartof və qatıq satanın qışqırığının səsi. Bir sözlə, səhərə kimi olan səs terroru bu adamı axırda dəli edir. Həmin vaxtlardan üzü bəri ölkəmizdə inkişaf gedib, çoxlu sayda marketlər açılmasına baxmayaraq bu kimi hallara yenə rast gəlirik. Yenə səhər tezdən xlor, qatıq satanların səsinə oyanırıq. Biz Avropa ölkələrində bu cür şeylər görə bilmərik. Çünki orada küçədə nəsə satmağa insanların ehtiyacı yoxdur. Onlarda kompleks olmamasına baxmayaraq bu kimi vəziyyətləri özlərinə sığışdırmırlar. Bizim millət isə kompleksli, utancaq bir millətdir. Görün insanın nə qədər maddi vəziyyəti pis olmalıdır ki, səhər saat 6-dan gəlib qışqırmalıdır. Mən xlor satan insanlar tanıyıram ki, ali təhsillidirlər. Amma maddi vəziyyətin çətinliyi onları küçədə qışqıraraq xlor satmağa məcbur edir".
 
 
Psixoloq bu kimi səslərin insanlarda aqressiya yaratdığını bildirdi: “Ümumiyyətlə, insan həyatının üçüncü hissəsini yuxuda keçirir. Məsələn, adicə həkimə gedəndə həkimin ilk sualı yuxunuz necədir olur. Yuxu birbaşa insanın psixikası ilə bağlıdır. Amma təsəvvür edin ki, siz dan yeri sökülər-sökülməz hansısa satıcının və ya binanızın yanındakı avtoyumanın  səsinə oyanırsınız. Binamızın yanında fəaliyyət göstərən avtoyumanın səsi səhər tezdən məni oyatmasın deyə məcbur oluram ki, pəncərələri bağlayım. Gedib irad tutanda isə deyirlər ki, bu ”moyka" fılan məmurundu, siz heç nə edə bilməzsiniz. Bundan sonra başa düşdüm ki, yazmaq, şikayət etmək mənasızdır. Məmurun obyektidirsə, susmalısan. Amma bu kimi hallar insanın psixologiyasını pozur. Yaxşı yata bilməmək isə insanın psixologiyasına, beyin fəaliyyətinə birbaşa təsir edir. Buna görə də ətrafa baxsaq görərik ki, insanların çoxu əsəbi, gərgin olur. Hər şey yuxudan başlayır. Amma səhər tezdən gəlib nəsə satanları da qınamıram. Onlara xoş deyil ki, səhər tezdən rayondan, kənddən gəlib qatıq, meyvə satsın. O da yuxusuna haram qatıb gəlir. Sosial müavinətlər azdır, qiymətlər isə bahadır. Bir müddət keçəndən sonra artıq həkimlər, müəllimlər də xlor satacaqlar. 
 
Çünki aldıqları maaş o qədər azdır ki, o pulla dolanmaq, yaşamaq çox çətindir. Yaxud da marketdə işləyənlər - bütün günü ayaq üstə qalır, kassada oturur axırda da 200-250 manat maaş alır. Bu pul deyil axı. Amma xlor satan günə 10-15 manat qazansa, ayda 400-450 manat pul edir. Ona görə də əlacsızlıqdan yuxularına haram qatıb xlor satırlar. Üstəlik, o küçə alveri ilə məşğul olanları da rahat buraxmırlar. Onlar polisə, yerə görə kimlərəsə hörmət edirlər. Polis 800 manat maaş alır, yazıq alerçi isə səhər tezdən gəlib alverlə məşğul olub 300 manat pul qazanır, onun da bir qismini polisə verir. 
 
Burada sosial ədalətsizlik var. Ona görə də mən heç vaxt xlor satanın üstünə qışqırmaram. Əgər mənim hansısa bir moykaya gücüm çatmırsa, xlor satanın üstünə niyə qışqırım. Bizim insanlarımız onsuzda gündüzlə gecəni səhv salıblar. Azərbaycanda gündüzdən çox gecələr səs-küy olur. Məsələn, Almaniyada axşam saat 10-dan sonra heç kimim səsi çıxmır. Bizdə binalar var ki, şadlıq saraylarının, restoranların yanında yerləşir. Gecə saat 12-ə qədər musiqilərin səsindən istirahət etmək olmur. Bu səslər insanın beynini dağıdır. Yaxud səviyyəsiz qonşular var ki, toyxana mahnılarının səsini göyə qaldırıb oturur. Yazıq xlor, meyvə satandan yapışmaqdansa, bunları susdurmaq lazımdır. Azərbaycanda kasıblaşma getdiyi üçün insanların səhər tezdən küçədə gəlib qışqıraraq nəsə satması indiki vəziyyət üçün normaldır".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.