banner
banner

Sosİal

Seçkiöncəsi dindarlara nəzarət güclənir

Seçkiöncəsi dindarlara nəzarət güclənir
Hakimiyyət dinə nəzarəti gücləndirir. Parlamentin son iclasında “Dini etiqad azadlığı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara dəyişikliklər ölkəmizin dini cameəsi tərəfindən heç də birmənalı qarşılanmayıb. Bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini mərkəzdən, idarələrdən dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatlarını alacaq.
 
Dəyişikliklər Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarətin gücləndirilməsi, din sahəsində mütəxəssislərin hazırlanmasına diqqətin artırılması ilə bağlıdır. “Dini etiqad azadlığı haqqında” Qanunun 29-cu maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək. Mövcud qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, idarələrdən və digər dini qurumlardan zəruri məlumatları alır.
 
Hakimiyyət dini mətbuata qarşı da siyasətində dəyişiklik edib. Belə ki, müvafiq icra hakimiyyəti orqanı dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində yoxlamalar aparacaq.  Bundan başqa, din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək. 
 
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 14-cü maddəsinə edilməsi nəzərdə tutulan dəyişiklik isə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur. Maddəyə ediləcək əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.
 
Parlamentdəki dinlə bağlı müzakirələrdə ölkəmizdəki dini təşkilatlardan ikisinin seçkiləri boykot etməsi məsələsinə də münasibət bildirilib. BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin çıxışı dini cameə tərəfindən heç də birmənalı qarşılanmayıb. O, bu qurumların fəaliyyətinin dayandırılmasını təklif edib: “Azərbaycanda bu gün 2 dini təşkilat var ki, onlar siyasi açıqlamalar verirlər. Bu sahədə ciddi nəzarətin olmasına ehtiyac var. Dini təşkilatlar son zamanlar bəyanat veriblər ki, seçkiləri boykot edəcəklər. Mən azı iki belə dini təşkilatın adını çəkə bilərəm. Əslində onlar QHT-lərdir və belə bir səlahiyyəti yoxdur. Məncə, bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinə müraciət etməli və belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır. Mən təklif edirəm ki, komitəyə belə bir səlahiyyət verilsin. Son zamanlar mətbuatda dini ekspert kimi çıxış edənlər müəyyən siyasi bəyanatlar verirlər. Buna misal olaraq bu yaxınlarda həbsdən çıxan şəxslərdən birini qeyd edə bilərəm. Hesab edirəm ki, bu birbaşa siyasi fəaliyyətlə məşğul olmaqdır. Məncə, artıq zamanı çatıb ki, bu sahə ilə bağlı da qanunvericilik sahəsində addımlar atılsın”.

“Müsəlman Birliyi” Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadə Milli Məclisdə qəbul edilən dinlə bağlı son qərarlara öz kəskin etirazını bildirdi: “Hazırkı deputatlar xalqın səsi ilə Milli Məclisdə oturmayıblar. Bu xalqın Milli Məclisi deyil. ”Müsəlman Birliyi" Hərəkatı olaraq, heç bir dini qurum deyilik. Parlamentdə qəbul edilən qərarlar, verilən bəyanatlar, edilən çıxışlar çox savadsız və  məntiqsizdir. Orada qeyd olunub ki, dini qurumlar ləğv olunmalıdır. Biz dini qurum deyilik ki, ləğv olunaq. Sadəcə, hərəkat kimi fəaliyyət göstəririk. Dini etiqadından asılı olmayaraq, konstitusiya ilə hər kəs Azərbaycan vətəndaşıdır. Seçkilərə öz mövqeyimizi bildirə bilərik. Hər bir təşkilatın, şəxsin öz işidir. Azərbaycanda islamçılara qarşı aparılan siyasət onu göstərdi ki, keçmişdən dinə qarşı atılan addımlar uğursuzluqla nəticələndi. Əvvəllər bizi narkotiklə, silahla şərlədilər, böhtan xarakterli ittihamlarla həbsxanalara atdılar. İndi yavaş-yavaş görürlər ki, bu təzyiqlər xalqda inam yaradır. İslamçıların mövqeləri günü-gündən güclənir. Biz istəyərdik ki, birlik olsun. Siyasi partiyalar birlikdə olsunlar. Deputatın çıxışı onu göstərir ki, Milli Məclisdə kimlər oturub. Milli Məclisin son qərarları qorxudan doğur. Sivil mübarizəmizi aparırıq. İslamçıların boykot çağırışı bunları narahat edib. Ölkədə ciddi problemlər var, dini məhbuslar həbsdədir. İnsanların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə icazə verilmir. Orada qanunvericilikdən dəm vururlar. Amma seçki ilə bağlı qəsdən yubadılan şəxsiyyət vəsiqələrinin verilməməsi hallarına etiraz etmirlər. Bu, birbaşa konstitusiyaya hörmətsizlikdir. Məktəblərdə hicabla bağlı problem yenə də qalır. Belə bir problemi olan dini cameənin seçkilərə getməsi, seçkinin nəticələrini tanıması hörmətsizlik olardı. Ona görə də açıq mövqe ortaya qoyduq. Nə qədər ki, bu problemlər həllini tapmayıb, seçkiləri tanımırıq".
 

T.Bağırzadə seçkiöncəsi dini mətbuata qarşı hücumlardan da söz açdı: “Bunlar kağız üzərində qalan qanunlardır. 2013-cü ildə xaricdə təhsil almış ilahiyyatçıların Azərbaycanda dini mərasimlərə başçılıq etmələri ilə bağlı Cinayət Məcəlləsinə maddələr əlavə etdilər. Onların çıxışlarının qarşısını almaq istədilər. Amma göründüyü kimi, nəticəsi olmadı”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.