Heç kəs ideyanın müəllifliyini boynuna götürmür, amma...; Bəzi ölkələrdə bu sistem qadınlara qarşı zorakılıq əleyhinə tətbiq edilir
Oktyabrın 31-də sosial şəbəkədə yayılan bir status cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. İlahiyyatçı Hacı Şahinin adına bir neçə səhifədə paylaşıldıqdan sonra daha geniş müzakirəyə səbəb olan statusda kişilərə sonuncu vaqona minməmək və beşinci vaqonun yalnız qadınların istifadəsində olması təklif edilib. Bu yolla da qadınların ictimai nəqliyyatda rastlaşdığı bəzi problemlərin qarşısını almağın mümkünlüyü qeyd edilib.
Maraqlıdır ki, elə aksiya ən çox da sosial şəbəkədə ciddi tənqid olunub. İctimai fikir nümayəndələri, jurnalistlər, siyasətçilər bunu daha çox cinsi ayrı-seçkilik, gender bərabərliyinin pozulması kimi qiymətləndirib. Bəzi gənc xanımlar isə təklifi ironiya ilə dəstəkləyiblər: “Qoy hamını yerindən durğuzmaq istəyən xalalar o vaqonlara minsin, biz kişilər olan vaqona minməyə hazırıq”.
Hacı Şahin təklif müəllifi deyilsə?..
Amma ilahiyyatçı Hacı Şahin artıq bu təklifin müəllifi olması ilə bağlı deyilənləri təkzib edib. Bildirib ki, təklifin yayıldığı səhifə ona məxsus deyil. Modern.az-a açıqlamasında Hacı Şahin deyib ki, daha öncə də adına bir səhifə olub və onu sındırıblar: “Hazırda adıma onlarla belə səhifə var və onların heç biri mənim deyil. Səhifələri işlədənlərin heç birini də tanımıram. Həmin səhifələrdə çox vaxt məndən sitatlar paylaşılır, əksəriyyəti də səhvdir. Mənim səsləndirmədiyim fikirləri də ora yazırlar. Mən heç vaxt belə fikir səsləndirməmişəm. Ümumiyyətlə, axırıncı vaqona minməmək həll yolu deyil. Bu, düzgün olmayan, qeyri-ciddi fikirlərdir”.
Amma ilkin ehtimallar budur ki, bu təklif dini çevrələr tərəfindən ortaya atılıb. Məqsəd isə cəmiyyətin nəbzini yoxlamaq, buna veriləcək reaksiyanı öyrənmək olub. Nəticədə ortaya çıxan neqativ reaksiya isə təklif müəllifinin kimliyini də qeyri-müəyyən edib.
Artıq məsələyə “Bakı Metropoliteni” QSC-də qarışıb və mətbuat xidməti rəhbərliyi tərəfindən verilən açıqlamada bu kampaniyanın qeyri-mümkünlüyü bildirilib. “Bizim işimiz sərnişinləri rahat və təhlükəsiz daşınmasını təmin etməkdir. Sərnişinlər də bizim üçün eynidir. Kim harda istəsə, minib gedə bilər. O kampaniyanı kim, hansı ağılla başlayıb və hansı zərurətdən yarandığını deyə bilmərəm”. Açıqlamanı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev cebhe.info-ya verib.
Yaponiya və Taylandda xüsusi vaqonlar var -
Maraqlıdır ki, ideya ortaya atılan gündən dünya təcrübəsi ilə analogiya aparılır, bir çox inkişaf etmiş ölkələrdə bunun nümunəsi olduğu qeyd edilir. Hansı ölkələrdə, necə tətbiq olunur? “Yeni Müsavat” dünya təcrübəsinə nəzər salıb, bu detalları müəyyənləşdirdi.
Başlayaq Yaponiyadan. Bu ölkənin metrolarında qadınlar üçün ayrıca vaqonlar olur. Bu vaqonları xüsusilə pik saatlarda xəttə buraxırlar ki, kişilər basabasda qızları narahat etməsinlər. Yaponlarda ictimai nəqliyyatda qızları narahat etmək, onlarla fiziki təmasa meyl etmək geniş yayılıb. Buna baxmayaraq, Yaponiya seksual zorakılığa görə dünyada sonuncu yerlərdən birini tutur.
Tailandda kişilərlə birgə səyahət etmək istəməyən qadınlar üçün ayrıca vaqonlar buraxılıb. Hakimiyyət dairələrinin fikrincə, bu, qadınların təhlükəsizliyini artıracaq. Yenilik 2014-cü ilin avqustun 1-dən tətbiq olunub. Adi sərnişin qatarlarına qadınları daşımaq üçün nəzərdə tutulmuş ikinci sinifli əlavə vaqonlar qoşulur. Bu vaqonlara bir sıra məhdudiyyətlərlə kişilər də buraxılır. Onlar 10 yaşından yuxarı və boyları 150 santimetrdən artıq olmamalıdır.
İngiltərə təklifə “yox” deyib
Çində Pekin, Şanxay və s. böyük şəhərlərindəki ictimai nəqliyyatlarda pik saatlarında qadınlara qarşı nalayiq hərəkətlər çoxaldığı üçün belə bir təklif gündəmə gəlmişdi. Amma ölkə rəsmiləri “qadınlar üçün xüsusi vaqon” təklifinə müsbət yanaşmamış və daha fərqli çıxış yolları axtarmışdı. Onlar bildirmişdi ki, qadınlar üçün vaqon ayırmaq əvəzinə ictimai nəqliyyatın bir tərəfində qadınlar, yaşlılar və uşaqlar üçün xüsusi yer ayrılması vəziyyətdən çıxış yolu ola bilər. Rəsmilər, Pekində hər gün 4 milyondan çox insanın metrodan istifadə etdiyini, bunun yarısının qadın olduğunu vurğulayaraq, bu vəziyyətdə qadınlara xüsusi vaqon ayrılmasının çətin olacağını demişdilər.
2015-ci ildə İngiltərədə ictimai nəqliyyat vasitələrində artan təcavüz hadisələrinə qarşı qatarlarda bəzi vaqonların təkcə qadınların buraxılması təklif edilmişdi. Müxalifət partiyası liderlərindən olan Ceremi Corbynanın səsləndirdiyi bu təklif uzun müddət müzakirə olunmuşdu. Müxalifət lideri demişdi ki, qadınların fikrini öyrənəndən sonra belə bir təkliflə çıxış edib.
Məqsədinin qatar platformalarından avtobus dayanacaqlarına və oradan da kütləvi daşıma vasitələrinə qədər nəqliyyatı qadınlar üçün təhlükəsiz hala gətirmək olduğunu ifadə edən Ceremi Corbyna İşçi Partiyasının digər namizədləri olan Yvette Cooper və Harri Burnhamdan, eləcə də dəmir yolları üzrə nazir müavini Claire Perryden gəlmişdi. Perri bildirmişdi ki, qadınlar üçün xüsusi vaqon fikri 2014-cü ilin sentyabr ayında müzakirə edilib. Həmin vaxt bir universitet tərəfindən hazırlanan xüsusi məruzədə qeyd edilmişdi ki, ayrı vaqon tətbiqi “geriyə doğru bir addım” və həm qadınlar, həm də kişilər üçün alçaldıcı ola bilər.
2010-cu ildə bu məsələyə rəsmi razılıq var idi?
Amma “Yeni Müsavat” araşdırma zamanı onu da üzə çıxardı ki, bu məsələnin Azərbaycanda müzakirə olunması birinci dəfə deyil. 2010-cu ildə mediada sözügedən mövzu gündəmə gəlmişdi. Həmin vaxt “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda apardığı sorğu əksər sərnişinlərin qatarlarda qadınlar və kişilər üçün ayrı vaqonların yaradılmasına tərəfdar olduğunu üzə çıxarmışdı. Sorğuya cavab verən qadınların 92,4%-i qadınlar üçün xüsusi vaqonların ayrılmasını dəstəkləyib.
Sorğuda iştirak etmiş kişilərin də qadınların ayrıca səyahət etmələri üçün müvafiq şəraitin yaradılmasına tərəfdar olduqları üzə çıxıb. Onların 76,4%-i ayrıca “qadın vaqonları”nın təşkil edilməsini, 9,2 %-i isə “kişi vaqonlarının” təşkilini təklif ediblər.
Həmin vaxt Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) QSC-nin mətbuat xidmətinin rəisi olan Nadir Əzməmmədov bununla bağlı deyerlər.org saytına Azərbaycanda da bunun mümkün olduğunu bildirmişdi. Sitata diqqət: “Bu narahatlıqla bağlı bizə tez-tez zənglər edilir. Deyirlər ki, artıq dünyada bu geniş yayılıb ki, qadınlar kupelərdə qadınlarla yol getmək istəyirlər. Belə bir məsələ gündəmdə var. Amma biz də hələ ki bu xidmət təmin olunmayıb. Avropa, bütün dünya belə bir xidmətin təmininə keçirsə, gələcəkdə yəqin ki, biz də bunu təmin edəcəyik. Artıq biz bununla bağlı xidmət səviyyəsinin artırılması üçün ilkin olaraq qadın bələdçilərini də işə götürürük. Məqsəd budur ki, qadın sərnişinlərə qadın bələdçilər xidmət göstərsin. Bu kimi ilk addımlar var”.
Tez-tez əcnəbi qadın sərnişinlərin yalnız qadınlarla yola çıxmaq istədiklərini vurğulayan N.Əzməmmədov tezliklə bu narahatlığın həll ediləcəyini deyir: “Tez-tez əcnəbi qadınlar bizə deyirlər ki, məni kupedə səfər yoldaşları kimi qadınlarla yerləşdirin. Bizim kompüter kassalarımızın bilet satışı sistemində sərnişinlərin kimliyi hazırda görünmədiyindən biz bunu hələlik təmin edə bilmirik. Bu yöndə işlər aparılır. Kompüter sistemimizdəki bu kimi nöqsanlar aradan qaldırıldıqdan sonra biz də öz xanım sərnişinlərimizi bu xidmətlə təmin edə biləcəyik.”
N.Əzməmmədov həmçinin bildirmişdir ki, sözügedən narahatlıqdan ADDY QSC-nin rəhbərliyinin də məlumatı var və onlar problemlə tanışdırlar. 2010-cu ilin sonlarına doğru ADDY-da tam kompüterləşmə işləri başa çatacaq. Bundan sonra ADDY da ümumdünya şəbəkəsinə birləşəcəkdir. Bununla da xanımların xanım sərnişinlərlə kupedəki səfər istəyi də ölkəmizdə də reallaşacaq.
Cia.az