Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks-millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərov yeni müraciət hazırlayıb. İkigünlük aclıq aksiyasından sonra fikirlərini geniş bir müraciətdə ifadə edən R.Səfərovun müsavat.com-a yolladığı yazı “Nə üçün belə etdim?” adlanır.
R.Səfərov müraciətində həyatını ayrı-ayrı hissələrə bölərək, onları təsvir edir və bunun fonunda son günlər yaşadıqlarının səbəblərini izah edir. “7 yaşımdan - doğma torpağımdan deportasiya olunduqdan bəri narahat düşüncələr körpə hislərimə hakim kəsildi” deyən R.Səfərov daha sonra orta məktəb, ali məktəb illərini də yada salıb. Ardınca isə “Hökumət evi və mən” yarımbaşlığı ilə prokurorluq orqanına gəliş hekayəsini yazıb: “23 yaşında Kənd Təsərrüfatı Nazirliyində əmək fəaliyyətinə başlayaraq, aqrar hüquq sahəsində məsləhətlər verdim. Bu məsləhətin ömrü 6 il çəkdi, daha doğrusu, Eldar Sabiroğıunun bir zəngi ilə nazirliklə vidalaşmalı oldum: - "Salam oğlum, necəsən? İndicə “Azərbaycan” qəzetində prokurorluq orqanlarına müsabiqə elan edildiyini oxudum. Xahiş edirəm, hazırlaş, sənədlərini təqdim et. İnanıram ki, uğur qazanacaqsan. Səndən istintaqçı olaraq xalq və dövlətə yaxşı xidmətçi çıxar..." - “Salam, ata. Minnətdaram, normal olmağa çalışıram. Ata, mənim xasiyyətimə bələd olduğun halda, gör, məndən nə xahiş edirsən? Axı, prokurorluq mənlik deyil. Orada mövcud olan bəzi məsələlərlə mənim xarakterim üst-üstə düşmür. Ancaq yaxşı, sözünü eşidirəm...”
Həyatını mərhələlər üzrə anladan R.Səfərovun müraciətinin bundan sonrakı hissəsi isə “Müstəntiq Rüfət Səfərov” adlandırıb və aşağıdakıları yazıb: “...Artıq prokurorluq orqanlarındayam. Zərdabda müstəntiq olaraq. Zərdab və zərdablılara tezliklə isinişsəm də özümü bu qurumda görə bilmir, sanki işgəncə altında fəaliyyət göstərirəm. Bütün iş, material və sənədləri axırıncı gündə icra edə bilirəm. Can dərdi olaraq. Əminliklə söyləyə bilərəm ki, yer üzündə ən ciddi işgəncə kimliyini görə bilmədiyin yerdə fəaliyyət göstərməkdir. O yerdə ki, münasibətləri hüquq normaları deyil, "özəl" normalar tənzim edir. O yerdə ki, bilik və qabiliyyət arxa planda, təqdimat, himayədarlıq, xidməti traybalizm ön plandadır... Və mən növbəti dəfə öz-özümə sual edirəm: “Sən, idrak edə bilirsənmi, haradasan? Nə işlə məşğulsan? Məcburən nələrə vəsiləsən?” Dəhşət saçan, içimi didən, bütün mövcudiyyətimi sarsıdan bu suallar ətrafında düşünürəm: “Ya həmin suallar məni didib-parçalayacaq, ya da özümdə təpər tapıb, qalib gələcəyəm!”
R.Səfərov həmçinin yazıb ki, onu tanıyanlar haqsızlığa dözümü olmadığını bilir: “Hər zaman ölkədə baş verən ədalətsizliklər, hüquq və azadlıqların addımbaadım tapdanması, qanunsuzluğun öz apogeyinə qalxması, görüşlərinə görə insanların zındana salınmaları, siyasi, iqtisadi, mədəni, sosial və s. hüquqların az qala rəsmi surətdə ləğv edilməsindən dolayı narahatçılıqlarımı ifadə etmişəm. Lakin bu da dar çərçivədə olmuşdur. Təbii ki, bu, heç nəyi həll etmir, məsələnin həlledici yanı o, ola bilərdi ki, fikirləri bütöv xalqa çatdırıb, nəyin nə yerdə olduğunu izhar edəsən... Misalçün, yeraltı və yerüstü sərvətlərə rəğmən, insanların anormal yaşam sürmələrindən tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni "vətən xaini" çıxaran birisinin Milli Məclisə düşə bilməsinin motivlərini 2-3 dostun yanında izah etmək boş şeydir... Bu və buna bənzər hallar barədə sosiuma elan vermək əsas şərtdir! Cavid Əfəndi demiş, bu qədər səbrə nə hacət?"
R.Səfərov sonda bu qərarı verdiyi gün yaşadıqlarını bütün çılpaqlığı ilə təsvir edir:
“VAXTDIR!!! Zaman-19 dekabr 2015-ci il. Məkan-Zərdab şəhəri, kirayənişini oduğum mənzil. Yuxudan oyanıb, həyat yoldaşıma səslənirəm: "Nuray, bu gün ölkədə tüğyan edən haqsızlıqlar sənin də gözlərin önündə cərəyan edir. Mən daha tab gətirə bilmirəm. Qəti qərar vermişəm. Prokurorluq orqanlarından istefa verib, haqqın tərəfinə keçirəm. Söylə, o halda, yanımda olacaqsanmı? Zatən, yanımda olmayacağın da aldığım qərara zərrə qədər sirayət etməyəcəkdir. Sadəcə, bir ər olaraq səndən soruşuram..." Cavab özünü çox gözlətmir: “ Sən həyatda olsan həyatda, qəbirdə olsan qəbirdəyəm! Yanındayam!” Bundan sonra ictimaiyyətə elan: “Mən, Səfərov Rüfət Eldar oğlu ölkədə tüğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz rəmzi olaraq prokurorluq orqanlarından istefa verirəm!” Bir bilsəniz, bir anın içində içim necə rahatlandı, bir bilsəniz bir anın içində dünyanın ən bəxtəvər inasanına çevrildim. Çünki AZAD oldum!!!"
Müraciətində atası ilə münasibətlərinə toxunan R.Səfərov aşağıdakıları yazıb: “Cənab Sabiroğlu mənim atamdır. O ata ki, min zillətlə məni böyütmüşdür. Adım qədər əminəm ki, bizim evə onun əmək haqqı, əmək haqqı çatmadıqda isə dostlarının köməyindən savayı, kənar gəlir daxil olmamışdır. Amma təəssüf ki, atamın siyası fikirlərini, yalnız siyasi fikirlərini daxilimdə heç zaman qəbul etməmiş, tamam-kamal ayrı cür düşünmüşəm ki, bu da vətəndaş cəmiyyətinin çiçəkləndiyi ölkələrdə normal, qorxu hissinin sosiuma hakim kəsildiyi ölkələrdə anormaldır... Lakin atama üz vurmur, içimdən keçənləri ifadə etmirdim. Atama uzun ömür, can sağlığı, möhkəm iradə arzu etməklə bərabər, əmin edirəm ki, həyatı boyu onun başını aşağı sala biləcək tərzə yol verməyəcəyəm”.
R.Səfərov müraciətində “siyasi düşük və icarəyə götürülmüş politoloq: bir medalın iki üzü” yarımbaşlığı ilə adını çəkmədiyi iki nəfərin onun barəsində dediklərini də tənqid edib. “Onların hər ikisinə tövsiyəm budur ki, şərəf və ləyaqət hislərinə gec də olsa, sahib çıxsınlar” deyən eks-müstəntiq sonda ona dəstək verən hər kəsə təşəkkürünü çatdırıb.
Cia.az