banner
banner

Sosİal

Azərbaycanda dərman istehsalı-ekspertlər fərqli düşünür

Azərbaycanda dərman istehsalı-ekspertlər fərqli düşünür
Baş nazirin müavini Əli Əhmədov yaxın vaxtlarda Azərbaycanın dərman istehsalına başlayacağını bildirib. Nazir müavini açıqlamasında yaxın vaxtlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara başlanacağını qeyd edib. Ə.Əhmədov deyib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. 
 
Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır. Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.  
 
Maraqlıdır, nazir müavininin dediyi kimi, Azərbaycanda dərman istehsal etmək üçün baza varmı? Bu addım saxta dərmanların sayının artmasına səbəb ola bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Musa Quliyev “Yeni Müsava”a açıqlamasında Azərbaycanda dərman istehsal edilməsi üçün hər cür şəraitin olduğunu dedi: “Azərbaycanda dərman istehsalı çox vacib bir məsələdir. Dərman istehsalı hər bir ölkənin strateji məsələlərindən biridir. Azərbaycanda dərman istehsalı üçün istər kadr baxımından, istərsə də xammal potensialının olması baxımından hər cür şərait var. Əli müəllimin də dediyindən görünür ki, hökumət burada müştərək dərman istehsalına üstünlük verir. Yəni tanınmış adlı-sanlı dərman şirkətlərinin bir neçəsi ilə birlikdə dərman zavodu açılacaq. Nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Ola bilər gələcəkdə də bu, geniş bir miqyas ala bilər. Həmin halda da bizə qısa müddətə dərmanlar lazım ola bilər. Dərmanları xaricdən tapıb gətirənə kimi özümüzünkünün olması yaxşıdır. Digər tərəfdən, bu, yeni iş yerlərinin açılması deməkdir. Həm də Azərbaycanda yerli dərman istehsalı dərmanın maya dəyərinin aşağı düşməsinə səbəb ola biləcək. Amma orada bir nüans var ki, gərək müəyyən vergilər, gömrük rüsumları aradan qaldırılsın və güzəştlər tətbiq edilsin. İndiyə qədər Azərbaycanda dərman zavodları ona görə açılmırdı ki, dərmanlar üçün lazım olan xammala gömrük rüsumları tətbiq edilirdi. Bu da dərmanın maya dəyərinin baha başa gəlməsinə səbəb olurdu. Hesab edirəm ki, dərman zavodu açarkən onun gəlirlilik potensialı da düşünülməlidir ki, təkcə Azərbaycanla kifayətlənməsin və bu dərmanların müəyyən ölkələrə satılması da təmin olunsun ki, ölkəyə valyuta gəlsin”.
 

“Dərman istehsal etmək üçün lazım olan avadanlıqlar Azərbaycanda yoxdur”

 
M.Quliyev Azərbaycanın dərman bitkiləri ehtiyatı ilə zəngin olduğunu bildirdi: “Bizim özümüzün dərman zavodlarımız olarsa, təbiətin bizə bəxş etdiyi bu nemətdən də istifadə edərək dərmanlar hazırlamaq olar. Kənd yerlərində də dərman bitkilərinin yığılması becərilməsi ilə əhalinin məşğuliyyəti təmin edilə bilər. Biz hazırda dərmanları xarici ölkələrdən valyuta ilə alırıq. Bugünkü iqtisadi situasiyada bizə hər növ vasitə ilə valyuta lazımdır. Buna görə də biz valyutanı kənara çıxartmaq yox, öz ölkəmizdə istehsal etdiyimiz dərmanları keyfiyyətli və bazara rəqabətli şəkildə istehsal etməliyik ki, biz onları xarici ölkələrə də sata bilək. Dərmanın ölkədə istehsal edilməsi onun maya dəyərinin aşağı düşməsinə və Azərbaycan vətəndaşının daha ucuz dərman almasına səbəb olacaq. Dərmanın keyfiyyəti məsələsinə gəlincə isə bu daha çox standartlardır. Standartlar tətbiq olunur. Bu dəqiqə dərmanlar müasir aparatlarla ərsəyə gətirilir və elə standartlaşdırılır ki, orada istəsən də keyfiyyətsiz dərman istehsal edə bilmirsən. Şübhəsiz ki, bu sahəyə dövlətin də nəzarəti olacaq. Mən hesab edirəm ki, Azərbaycanda dərman istehsalı üçün şərait var və bir zavodla kifayətlənmək lazım deyil. Bir böyük və bir neçə kiçik zavodlar açmaq lazımdır. Məsələn, qonşu Gürcüstanın 5 dərman zavodu var. Onlar nəinki özlərini dərmanla təmin edir, hətta başqa ölkələrə də satırlar”.  
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə dərman istehsalının çox mürəkkəb bir proses olduğunu dedi: “Azərbaycanda dərman sənayesinin inkişafı olduqca vacib bir məsələdir. Sovet dövründə də  belə bir sahə olub. Düzdür, bizdə o qədər də yüksək keyfiyyətli və vacib dərman preparatları istehsal olunmasa da, belə bir təcrübə var. Bunu inkişaf etdirmək lazımdır. Bunu isə hansısa kimya zavodunda yox, aparıcı firmaların iştirakı ilə həyata keçirilsin. Yəni onlarla müştərək şəkildə mütəxəssislər dəvət edilməsi, avadanlıq alınması lazımdır. Bu məsələnin hərtərəfli inkişafı yalnız bu şəkildə ola bilər. Yoxsa ki, kimya zavodunda və yaxud da başqa yerdə dərman istehsal etmək qeyri- mümkün olar. Dərman istehsal etmək üçün lazım olan avadanlıqlar Azərbaycanda yoxdur. Ümumiyyətlə, dərman istehsalı prosesi çox mürəkkəb bir prosesdir. Onun müxtəlif kimyəvi qatqıları, maxinasiyası var”.
 
ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayev modern.az-a Sumqayıt Kimya Parkında bu cür dərmanların istehsalının mümkün ola biləcəyini deyib. O qeyd edib ki, Sumqayıt kimya kompleksində əczaçılıq zavodu fəaliyyət göstərib. Lakin bu müəssisə 2001-ci ildə özəlləşdirilməyə açıq elan olunub və sonradan özəlləşdirilib. Deputat bildirib ki, ARDNŞ-in təsdiqlədiyi “Azərkimya”nın perspektiv planında dərman istehsalı sahəsinin yaradılması nəzərdə tutulmayıb: “Hesab edirik ki, Sumqayıtda yaradılan kimya sənaye parkında bu tipli istehsalatların yaradılması maraqlı olar, bu parkda yeni yaradılan müəssisələr üçün lazımi şərait və üstünlüklər təklif oluna bilər. Bildiyimə görə, farmasevtika preparatları istehsalatların yaradılması ilə bağlı kimya parkının müdiriyyətinin müxtəlif təklifləri də müzakirə olunub”.
 
Qurumun rəhbəri vurğulayıb ki, bu tipli müəssisələrin təsis olunmasında özəl biznesin iştirak etməsi nəzərdə tutulmalıdır: “Sözsüz ki, bazarın öyrənilməsi, texniki-iqtisadi əsaslandırma, biznes-plan və digər araşdırmalar aparılandan sonra hansısa istehsal sahəsinin yaradılması ilə bağlı konkret təkliflər verilə bilər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.